“Müharibə Ermənistanı bir dövlət kimi çökdürür” - Professor

  22 Oktyabr 2020    Oxunub : 2384
 “Müharibə Ermənistanı bir dövlət kimi çökdürür” -  Professor
“Ermənistan bir dövlət kimi mövcudluğunu qoruyub saxlamaq istəyirsə, onu çökdürən müharibəni dərhal dayandırmalıdır”.
Bunu Azvision.az -a iqtisad elmləri doktoru, professor Fikrət Yusifov deyib. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə verdiyi müsahibəsində işğal altında olan torpaqların azad olunması uğrunda apardığı vətən müharibəsinin başlanma səbəblərini həm Rusiya ictimaiyyətinə, həm də beynəlxalq ictimaiyyətə bütün detalları ilə açıqladı.

“Prezidentin açıqlamasında müharibənin baş verməsinin əsl günahkarının məhz Ermənistan olduğu arqumentlərlə, faktlarla o qədər məharətlə izah edildi ki, münaqişə barəsində məlumatı az olanlar belə əsl həqiqətin nədən ibarət olduğunu tam anlamış oldu. Biz torpaqlarımızın işğaldan azad edilməsində müharibə yolunun tərəfdarı olsaydıq, bu müharibəni illər öncə başlaya bilərdik. Çünki Azərbaycan ordusu artıq çoxdan idi ki, dünyanın ən güclü orduları sırasında yer almışdı. Lakin biz yüksək humanizm prinsiplərini əldə rəhbər tutaraq, on illər boyunca münaqişəni sülh yolu ilə həll etmək istədik. Ancaq nə yazıq ki, qarşımızdakı terrorist erməni dövləti bunu dəyərləndirməyi bacarmadı. Erməni xalqının beynini yumuş Sarkisyan və Koçaryan kimi cinayətkar cəlladların ardınca Ermənistanda hakimiyyətə demokratiya cildinə girmiş faşist xislətli yeni bir cəllad – Paşinyan gəldi. Hakimiyyət kürsüsündə bir qədər oturduqdan sonra bu siyasi deletant inandı ki, Azərbaycanın əlindən nəinki Dağlıq Qarabağı almaq mümkündür, hətta Dağlıq Qarabağın ətrafındakı işğal altına saxlanılan yeddi rayonunun da ərazisini Dağlıq Qarabağa qatıb müqəddəs torpaqlarımızda ikinci erməni dövləti yaratmaq olar. Bu siyasi savadsız Azərbaycanı o qədər gücsüz gördü ki, yeni torpaqlar işğal etmək sevdasına düşdü. Nə yazıq reallıqları dəyərləndirməyi bacarmadı. Azərbaycan ordusunun gücünü anlamaq istəmədi. Anlamaq istəmədi ki, Azərbaycan dövləti iqtisadi, maliyyə, hərbi və bir çox digər cəhətlərdən regionun ən qüdrətli dövlətidir. Anlamaq istəmədi ki, Azərbaycanın sözü olmadan bu regionda bir qlobal məsələ belə həll oluna bilməz”. İşğal altındakı torpaqlarımızi bizə unutdurmaq üçün "Qarabağ Ermənistandır" deyib, Azərbaycanın yeni torpaqlarını işğal etmək sevdasına düşdü. Bununla da Azərbaycanı vətən müharibəsinə təhrik etdi”.

F.Yusifov qeyd edib ki, Rusiya rəsmilərinin təşəbbüsü ilə müharibənin gedişində əldə olunmuş humanitar atəşkəsə Ermənistan tərəfi bir neçə dəqiqə belə əməl etmədi.

“Atəşkəs əvəzinə döyüş sərhədlərindən yüz kilometr aralıda olan yarım milyon insanın yaşadığı Gəncə şəhərini ballistik raketlə atəşə tutdu. Bir sözlə, Azərbaycan bu razılaşmada öz üzərinə götürdüyü öhdəliklərə əməl etsə də erməni tərəf buna imkan vermədi.

Azərbaycan Prezidenti dəfələrlə Ermənistanın siyasi rəhbərliyinə qoşunlarını işğal altında olan torpaqlardan çıxarıb sülh danışıqlarına getməsini təklif etsə də, Paşinyan və onun komandası təşəbbüsü lazımınca dəyərləndirə bilmədi. Əksinə, bir qədər də irəliyə gedib, mümkün olan və olmayan bütün yollarla Dağlıq Qarabağa silah-sursat və muzdlu döyüşçülər daşımaqda davam edirlər. Başını itirmiş Paşinyan indi də Ermənistanın mülki əhalisini silahlanmağa və Azərbaycana qarşı müharibəyə qoşulmağa çağırıb. Bu düşük adam hələ də anlamır ki, müasir silahlar qarşısında onların istifadə etdiyi silahlar odlu silaha qarşı sapandla daş atmaq qədər gülüncdür”.

F.Yusifovun sözlərinə görə, Ermənistanın siyasi rəhbərliyi bu gün düşdükləri durumun reallıqlarını dəyərləndirmək qabiliyyətini demək olar ki, tam itirib.

“Bu müharibə Ermənistanı bir dövlət kimi çökdürəcək. Azərbaycan ordusunun döyüş meydanlarında bir neçə gün ərzində məhv etdiyi təkcə S 300-lərin ümumi dəyəri bir milyard dollar səviyyəsindədir. Bu, Ermənistanın xarici ticarət dövriyyəsindəki kəsrin yarısı qədər və ya Ermənistan büdcəsinin 1/4 qədər məbləğdir.

Bu gün Ermənistanın siyasi rəhbərliyi ya ordusunu müqəddəs torpaqlarımızdan çıxararaq atəşkəsə və sülh danışıqlarına getməlidir, ya da bunu şanlı Azərbaycan Ordusu edəcək. Öz hakimiyyəti xatirinə erməni əsgərlərini ət maşınından keçirən siyasi deletant Paşinyan nə qədər ki, gec deyil Ermənistanın bir dövlət kimi mövcudluğunu təhlükə altına atdığının fərqində olmalıdır. Buna onun iradəsi və ağlı çatacaqmı? Görünən budur ki, o, son çırpıntılarını edə - edə sönəcək, ancaq kompramisə getməyəcək. Bu onun və erməni xalqının seçimi olacaq. Azərbaycanın Ordusu isə onun yenilməz, qətiyyətli Ali Baş Komandanının rəhbərliyi altında müqəddəs torpaqlarımızın son qarışına qədər qaytarılmasına nail olacaq. Paşinyan və onun havadarları bunu yaxşı bilsinlər!”, - deyə ekspert vurğulayıb.

Aytən Zəhra
Azvision.az

Teqlər: Ermənistan   Müharibə   iqtisadiyyat