`Baku Fires` və rəqibinin heyəti açıqlandı

`Baku Fires` və rəqibinin heyəti açıqlandı
  05 Fevral 2014    Oxunub:1432
“Baku Fires” və “Hussars Poland” boks komandalarının heyətləri açıqlanıb.
Fevralın 8-də Quba Olimpiya İdman Kompleksində Dünya Boks Seriyası (WSB) Liqasının 8-ci turu çərçivəsində Azərbaycanın “Baku Fires” və Polşanın “Hussars Poland” komandaları qarşılaşacaqlar.

AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, komandamız 7 turdan sonra B qrupunda 4-cü yeri tutur.

Hesabında cəmi 1 xal olan Polşa təmsilçisi isə sonuncu pillədədir. “Baku Fires” səfərdə “Hussars Poland” üzərində 5:0 hesabı ilə qələbə qazanmışdı.

Artıq komandaların heyətləri açıqlanıb. Murad Rabadanov (52 kq, “Baku Fires”) Mariuş Koç (“Hussars Poland”) ilə, Məhəmmədrəşid Cəbrayılov (60 kq) Mateuş Polski ilə, Kamil Əhmədov (69 kq) İreneuş Zakrzevski ilə, Teymur Məmmədov (81 kq) Piotr Podluçki ilə, Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) Arkadiuş Toborek ilə qarşılaşacaqlar.

Bu döyüşdə “Baku Fires”in heyətində üç yeni boksçu rinqə çıxacaqdır. Baş məşqçi Nuripaşa Talibov rəqibin zəifliyini nəzərə alaraq M.Rabadanov, M.Cəbrayılov və K.Əhmədova WSB liqasında debüt etmək imkan verib.

İkiqat dünya çempionu M.Məcidov isə ötən ilin oktyabrında keçirilən dünya çempionatından sonra ilk dəfə rinqə çıxacaq.

Məmmədrəsul Məcidovun rəqibi Arkadiuş Toborek WSB liqasında bir görüş keçirmiş və məğlubiyyətlə üzləşib.


Teqlər:  





Xəbər lenti