Rusiya balansı qorumağa çalışır
Rusiya Prezidenti çıxışında deyib: “Azərbaycan nə deyir? O deyir ki, həmin yeddi rayonun istər etnik münaqişəyə, istərsə də Ermənistana heç bir aidiyyəti yoxdur. Bunlar əzəli Azərbaycan əraziləridir və Azərbaycan deyir: bizim bu əraziləri özümüzə qaytarmaq və Dağlıq Qarabağla münasibətləri aydınlaşdırmaq hüququmuz var. Başa düşürsünüzmü, hər kəs özünü haqlı hesab edir və burada sadə həll yoxdur, çünki düyün çox möhkəm bağlanıb. Biz lap əvvəldən nə demək lazım olduğunu əsas götürmüşük, - bizim mövqeyimiz isə tamamilə açıqdır, - Azərbaycana beş üstə gəl iki rayonun verilməsinin mümkünlüyü və Dağlıq Qarabağ zonasında müəyyən rejimin təmin edilməsi, Ermənistanla qarşılıqlı münasibətlər və sair barədə danışmaq lazımdır”.
Putin, həmçinin vurğulayıb ki, münaqişənin alovlanmasının ilkin dövrlərində, yəni 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində keçmiş sovet rəhbərliyi insanların təhlükəsizliyini təmin etmək üçün lazımi addımlar atmayıb.
Putinin səsləndirdiyi ümumi fikirlərdən belə qənaətə gəlmək olar ki, Rusiya Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə əlaqədar yaranmış yeni reallığı nəzərə alır. Rusiya rəhbərinin bu çıxışı şimal qonşumuzun münaqişənin həllində əvvəl olduğu kimi ritorikada bitərəfliliyini saxladığını və balanslı mövqeyi qorumağa çalışdığını göstərir. Münaqişə tərəflərinə bərabər şəkildə yanaşmanın sərgilənməsi Rusiyanın ATƏT-in Minsk qrupu həmsədri kimi vasitəçi mandatına da uyğun gəlir.
Putinin çıxışı onu da nümayiş etdirdi ki, Ermənistanın son bir ayda digər ölkələri üçüncü tərəf kimi münaqişəyə cəlb etmək cəhdləri tam iflasa uğrayıb. Yəni Ermənistanın daxili auditoriyanı aldatmağa hesablanmış ümidləri boşa çıxıb. Artıq Rusiya Azərbaycan Ordusunun hərbi nailiyyətləri və işğal olunmuş torpaqlarımızın əhəmiyyətli hissəsinin azad edilməsi ilə yaranmış vəziyyətə uyğun olaraq yeni reallığı qəbul edir. Rəsmi Moskva Azərbaycan xalqının işğal faktı ilə heç vaxt barışmadığını qəbul edir və bunu anlayışla qarşılayır.
Xüsusi ilə vurğulamaq olar ki, Azərbaycanın hərb yoluna əl atmaqda tərəddüdsüz mövqe ortaya qoyması və qətiyyətli addımları ölkəmizi ədalətsiz güzəştlərə getməyə məcbur edən və təzyiq göstərməyə çalışan bütün beynəlxalq gücləri çəkindirir.
Maraqlıdır ki, Putin çıxışında Dağlıq Qarabağla bağlı danışarkən ora hər hansı statusun verilməsi barədə deyil, bu ərazidə müəyyən bir rejimin tətbiq olunması ilə bağlı fikir bildirib.
O ki qaldı, Rusiya Prezidentinin səsləndirdiyi "5+2 formatı" məsələsinə, bu əvvəllər Rusiyanın xarici işlər naziri Sergey Lavrovun tərəflərə təqdim etdiyi planda öz əksini tapmışdı. Azərbaycan isə artıq bu planın böyük bir qismini özü təmin edib. Qısası, artıq status-kvonun olmaması, təmas xəttinin aradan qaldırılması reallığı hamı tərəfindən qəbul edilir və Rusiya rəhbərlinin açıqlamalarında bunu sezmək mümkündür.
Tural Tağıyev
Azvision.az
Teqlər: Putin Dağlıq-Qarabağ