İkinci Qarabağ Savaşının geosiyasi dolanbacları - TƏHLİL

   İkinci Qarabağ Savaşının geosiyasi dolanbacları -    TƏHLİL
  30 Oktyabr 2020    Oxunub:14227
Qarabağda davam edən müharibənin nəticələrinin həm Ermənistan, həm də Azərbaycana, eyni zamanda, regional və geosiyasi miqyasda dəyişikliyə səbəb olacağını indidən proqnozlaşdırmaq mümkündür. Prezident İlham Əliyev də çıxışlarının birində müharibədən sonra regionda mühüm dəyişikliklərin baş verəcəyinə işarə etmişdi.
Təbii ki, müharibədə savaşan tərəflərlə yanaşı, Rusiya, Türkiyə, İran, İsrail, Fransa və ABŞ münaqişənin gedişatı və mümkün nəticələrindən maksimum öz maraqları üçün yararlanmağa çalışırlar. Aydındır ki, Rusiyanın marağı Cənubi Qafqazda əsas forpostu olan Ermənistanın rəhbərliyindən Qərbin “məxməri inqilab” layihəsinin icraçısı Nikol Paşinyanı elə erməni xalqının etirazları ilə uzaqlaşdırmaqdır. Rusiyanın bu məqsədinə çatmaq üçün sonuncu zəruri addım kimi Azərbaycanın sülhəməcburetmə əməliyyatlarına neytral mövqedən yanaşmasının səbəblərindən biri də Paşinyan hökumətinin iki illik hakimiyyəti dövründə Moskvanın Yerevanın siyasətinə təsir vasitələrinin hamısını sıradan çıxarması oldu. Paşinyan ölkənin idarəetmə aparıtının müxtəlif ranqlarında təmsil olunan rusiyayönümlü fiqurları tutduqları postlardan uzaqlaşdırmaqla yanaşı, Rusiyanın arxalana biləcəyi Robert Koçaryan, Serj Sarkisyan, Qaqik Çarukyan və s. kimi bütün mümkün siyasi fiqurları da neytrallaşdırdı.
Ermənistanın daxili siyasi mühitini ruspərəstlərdən təmizləmənin sonuncu mərhələsi isə Paşinyanın Konstitusiya Məhkəməsinin hakimlərini parlamentin qərarı ilə yenilərilə əvəzləməsi oldu. Xatırladaq ki, Robert Koçaryan məhz Konstitusiya Məhkəməsinin qərarı ilə azadlığa çıxmağa nail olmuşdu.
"Qarabağ" Avroliqada mübarizəni dayandırdı

Bu radikal addımların Rusiya ilə münasibətlərə ciddi xələl gətirəcəyini Paşinyan anlamamış deyildi, ancaq bununla belə, Gürcüstan və Ukraynada baş tutmuş anoloji “məxməri inqilab”ların nəticələrindən onu da anlamışdı ki, ölkədə siyasi sistemin dəyişdirilməsi heç də Moskvanın bu və ya digər ölkənin daxili siyasi proseslərinə müdaxilə etməsinə mane olmur, əksinə, onun işini daha da sadələşdirir. Kremlin siyasi texnoloqları yeni reallıqlara çoxdan uyğunlaşıb və siyasi proseslərə müdaxilənin müasir üsullarını mənimsəyiblər. Ukraynada narıncı inqilabla hakimiyyətə gəlmiş Yuşşenkodan sonra rusiyayönümlü Yanukoviçin prezident seçilməsi, yaxud, Gürcüstanda Saakaşvillini rusiyalı milyarder İvanişvillinin əvəz etməsi bunun bariz sübutudur. Təcrübə göstərir ki, Rusiyanın müdaxiləsi məxməri inqilablar baş vermiş post-sovet respublikalarında formalaşmış yeni “demokratik” qaydaları pozmadan bu dövlətlərin siyasi səhnəsində ikiqütblülüyün formalaşmasına gətirib çıxarır. Siyasi qütbün bir tərəfində rusiyayönümlülər, digər tərəfində isə qərbyönümlülər dayanır.

Bu ssenarinin Ermənistanda tətbiq olunacağı təqdirdə Paşinyan hakimiyyətdən ömürlük məhrum olacağı üçün həmin rusiyayönümlü siyasi qütbü çevrilməsi ehtimal olunan qüvvələri bəri başdan təmizləməyə girişdi.

Ermənistanın Rusiyanın təsirindən çıxmasını və nəhayət ki, Avropaya inteqrasiyanı əngəlləyən digər əsas problem isə həll olunmamış Qarabağ münaqişəsi idi. Serj Sarqsyanın hakimiyyətdən məhrum olmasının əsas səbəbi həm də 2016-cı ildə Ermənistanın dörd günlük müharibədəki məğlubiyyəti oldu. Paşinyanın məlum Madrid prinsiplərinə uyğun şəkildə münaqişənin həllinə gedə bilməməsinin səbəbi Ermənistandakı ictimai rəyin buna qarşı olması və Qarabağ klanının ölkə siyasətinə təsiri ilə bağlıdır.

İşğal altındakı əraziləri idarə edən qruplaşmanı müstəqil maliyyə mənbələri, silahlı ordusu, ərazisi və ciddi ictimai dəstəyi olan terror təşkilatı kimi xarakterizə etmək olar. Necə ki, Livanda fəaliyyət göstərən Hizbullah, Fələstindəki HƏMAS terror təşkilatları paralel olaraq, siyasi təşkilat kimi parlament və digər idarəetmə orqanlarında təmsil olunur, eləcə də, Qarabağ klanı Ermənistanda siyasi çəkiyə malik idi. HƏMAS və Hizbullah kimi, Qarabağdakı terror qruplaşmasının rəhbərliyi də xarici əlaqələrdə kifayət qədər müstəqil idilər və bir çox məsələlərdə Yerevanla məsləhətləşməyə lüzum görmürdülər. Yerevanın siyasi hakimiyyətinin əslində Qarabağdakı hərbi-siyasi xuntanın əsiri olduğunu desək, yanılmarıq.

Rusiya “parçala, hökmranlıq et” prinsipinə uyğun olaraq, həm Yeravanı, həm də qondarma respublikanı idarə etməklə regionu nəzarətində saxlayırdı. Təbii ki, Azərbaycanın regionda güc sahibi olmasını istəməyən başqa ölkələrin də qondarma “Qarabağ respublikası”na hərbi-siyasi dəstək verməsi istisna olunmamalıdır. Məhz bu səbəbdən Paşinyan bu ilin avqust ayında – koronavirusun tüğyan etdiyi bir dövrdə qondarma respublikada tələsik seçki təşkil edərək, Rusiyaya loyal olan “Artsax” rəhbərini öz sadiq tərəfdaşı Arutunyanla əvəzlədi. Bununla Rusiyanın nəinki Ermənistana, ümumilikdə regiona sonuncu təsir vasitəsini Moskvanın əlindən aldı. Əslində hazırkı müharibənin gedişində Arutunyanın Rusiya prezidentinə açıq müraciətinin əsl mənası “Artsax”ın ona loyal olacağı mesajı idi, lakin, Kreml Paşinyanın hazırladığı bu primitiv və hiyləgər plana aldanmadı. Müraciətin açıq formada ünvanlanması isə onu göstərir ki, Arutunyanın Moskva ilə siyasi münasibəti mövcud deyil.
Hazırkı müharibə başlayana qədərki dövrdə Paşinyanın Qarabağ siyasətinin təhlilindən belə bir qənaətə gəlmək olar ki, Yerevan bölgədə münaqişənin yenidən alovlanmasında maraqlı idi. Lakin yeni münaqişənin mümkün nəticələrilə bağlı Paşinyanın hesablamaları özünü doğrultmadı.

İlkin mərhələdə Paşinyanın münaqişənin həlli prosesinə qondarma “Artsax respublikası”nı cəlb etməyə çalışması əslində özünün konfliktlə bağlılığının olmadığını Qərbə nümayiş etdirmək məqsədi daşıyırdı. Azərbaycan və Minsk qrupu ölkələrinin bununla razılaşmamasından sonra Paşinyan “Qarabağ Ermənistandır” kimi sərsəm bəyanatlar verməklə Azərbaycanı müharibəyə təhrik etməyə başladı.

Paşinyanın məqsədi nə idi? O, Azərbaycanı müharibəyə təhrik etməklə Qarabağda yerləşdirilmiş hərbi qüvvələrin itki verəcəyini anlamamış deyildi. Ancaq elə bu məqam Yerevanın qərbyönümlü inqilabçı hakimiyyətinin maraqlarına çavab verirdi. Yerevan əsiri olduğu hərbi-siyasi xuntanın Azərbaycanın əlilə zəiflədilməsini istəyirdi. Sonrakı mərhələdə Ermənistanın Rusiya ilə münasibətləri soyuduğu üçün, Paşinyan ümid edirdi ki, Moskva hərbi əməliyyatların dayandırılması tələbilə Bakıya təzyiq göstərəcək, Bakı şimal qonşusunun tələbinə müsbət cavab verəcəyi halda müharibə dayanacaq, mənfi cavab verəcəyi halda isə Ankara ilə Moskva arasında Azərbaycan ərazilərində qarşıdurma yaranacaq. Hər iki halda da, Paşinyan məsələdən qalib çıxacaqdı. Birinci halda öz hakimiyyətinə təhlükə olan Qarabağ klanını zəiflədəcək, yaxud məhv edəcəkdi, ikinci halda isə Qərblə kəllə-kəlləyə gələn iki lideri – Ərdoğan və Putini Qarabağ meydanında döyüşə çıxaracaqdı.

Lakin Paşinyan mahir strateq İlham Əliyevin tələsinə düşəcəyindən xəbərsiz idi. 2016-cı idə Rusiyanın tələbilə Azərbaycanın hücumunun dayanması, 2020-ci ilin iyul və avqust aylarındakı təxribatlar zamanı Azərbaycanın əks-hücuma keçməməsi, bundan əlavə, rəsmi Bakının heç bir halda genişmiqyaslı hərbi əməliyyatlara başlamayacağı barədə dezinformasiyaların yayılması Paşinyanın səhv nəticə çıxarmasına səbəb oldu. Üstəlik, Yerevan Azərbaycan-Rusiya–Türkiyə, Azərbaycan-İsrail münasibətlərinin səviyyəsindən bixəbər olmaqla yanaşı, Putinin onların tələsinə düşəcək qədər sadəlövh olduğunu düşünmüşdü.

Rusiyanın erməni əsilli xarici işlər naziri Lavrovun 10 oktyabr danışıqlarında ilkin mərhələdəki ermənipərəst davranışı ilə Madrid prinsiplərini dəstəkləməyə çağıran sonrakı davranışlarının arasında fərqin olması isə Lavrovun Kremlin gərçək niyyətindən bixəbər olması və təbii olaraq, Yerevanı səhv istiqamətdə yönləndirməsindən xəbər verir.

Təbii ki, Rusiyanın müharibə prosesində neytral mövqe sərgiləməsi Azərbaycana sevgisindən irəli gəlmir və Kremlin də regionda maraqları mövcuddur. Şübhəsiz, Ankara ilə Moskva arasında bir sıra qlobal siyasi məsələlərdə tərəfdaşlıq mövcuddur və Türkiyənin birtərəfli qaydada Azərbaycanı dəstəkəməsi Rusiyanı cilovlayan faktor hesab oluna bilər. Ancaq bunula belə, qeyd olunan amillərdən heç biri Rusiyanın Ermənistandan imtina edib Qafqazdan çıxmaqla barışmağa razı sala bilməz. Odur ki, regionun gələcəyilə bağlı Rusiya-Türkiyə-Azərbaycan formatında müəyyən razılaşmaların mövcudluğu mümkündür.

Şübhəsiz ki, Rusiyanın əsas məqsədi Ermənistandakı “inqilabçı” hakimiyyətin xalq tərəfindən devrilərək, əvəzində özünə loyal olan siyasi hakimiyyətin formalaşmasıdır. Lakin Qarabağda Azərbaycanın qələbəsilə davam edən müharibənin ictimai-siyasi nəticəsi kimi əhalinin Paşinyana qarşı çıxması prosesi baş vermir. Paşinyan müharibə ritorikasından əl çəkmir, sonuna qədər vuruşacaqlarını bəyan edir. Çünki bilir ki, əks halda o, hakmiyyətlə vidalaşmalı olacaq. Ermənistan ictimaiyyəti cətin bir seçim qarşısında qalıb: ya Qarabağsız “demokratiya”, ya da, artıq itirdikləri Qarabağı qaytamaq ümidi verən korrupsioner avtoritarizm. Ermənistanın işğal etdiyi torpaqları itirməsi erməni ictimaiyyətinin get-gedə Qarabağı uduzmaları ilə barışmalalarına gətirib çıxarır. Paşinyan da elə buna ümid edir ki, erməni ictimaiyyəti Qarabağın itirilməsilə barışdıqdan sonra ən pis ilə pis arasında seçim etməli olacaq və pisə üstünlük verərək, onu dəstəkləməyə davam edəcəklər.

Rusiya hadisələrin bu yöndə inkişafını proqnozlaşdırmamış deyil. Onsuz da, birbaşa quru əlaqəsi olmayan Ermənistanı nəzarətdə saxlamaq üçün sırf loyal hakimiyyətin olması kifayət etmir və əlavə təsir vasitələri lazımdır. Əlavə təsir vasitəsi kimi, Qarabağ münaqişəsinin ortadan qalxması isə Moskvanı daha radikal addımlar atmağa sövq edə bilər.

Söhbət erməni dövlətçiliyinin itirilməsindən də gedə bilər. Belə ki, Azərbaycan öz torpaqlarını azad etdkdən sonra, heç kim zəmanət verə bilməz ki, Ermənistanın öz ərazisindən təcavüzkar hücumları davam etdirməyəcək. Paşinyan bu halda əlində qumbara olan meymuna çevriləcək və ümumilikdə region üçün təhlükə yaradacaq. Bu, Azərbaycanı Ermənistanı sülhə məcbur etmək üçün onun ərazisinə girməyə sövq edəcək və belə olan halda isə Rusiya KTMT adından məsələyə qarışmalı olacaq. Təbii ki, region üçün təhlükəli Ermənistanın zərərsizləşdirilməsi Moskvanın müdaxiləsinə dünya ictimaiyyətinin gözündə haqq qazandıracaq və Rusiya növbəti dəfə regionda təhlükəsizliyin qarantı kimi ortaya çıxacaq.

2008-ci ildə Gürcüstanla Rusiya arasındakı müharibə, 2014-cü ildə Ukraynadakı böhranın nəticələrindən belə qənaətə gəlmək olar ki, Moskva artıq postsovet məkanını dolayı hərbi-siyasi təsir vasitələrilə özündən asılı saxlaya bilmir. Bu səbəbdən, müəyyən əraziləri özünə rəsmi qatmaqla regiondakı hərbi iştirakını zəmanətdə saxlayır.

Əminliklə söyləmək olar ki, Azərbaycanın qələbəsindən sonra Ermənistanın baş nazirinin əsas ritorikası “Rusiyanın Ermənistanı Türkiyənin təcavüzündən qorumaması” olacaq və tələb kimi Rusiyanın hərbi bazasının Ermənistandan çıxarılması irəli sürüləcək. Məhz bu amilləri nəzərə alaraq, ehtimal etmək olar ki, Rusiya Qafqazda hərbi təsirini saxlamaq üçün elə “erməni əhalisinin tələbilə” Ermənistan ərazisini öz ərazisinə qata bilər.

Tofiq Vahid
Azvision.az



Teqlər: Qarabağ   Ermənistan   Paşinyan  





Xəbər lenti