Gömrük Birliyinin yaradacağı gərginliklər – TƏHLİL

Gömrük Birliyinin yaradacağı gərginliklər – TƏHLİL
  05 Fevral 2014    Oxunub:1466
Ermənistan Gömrük İttifaqına daxil olmaqla bağlı təsdiqlənmiş “yol xəritəsi”nin icrasına başlamaq niyyətindədir. Ermənistan hökumətinin rəsmi interenet saytında yerləşdirilmiş və 249 səhifədən ibarət olan bu sənədə əsasən erməni tərəfi Gömrük İttifaqına qoşulmaq üçün cəmi 262 tədbir həyata keçirilməlidir.

Qanunvericilik aktlarında çoxsaylı dəyişikliklərin həyata keçirilməsi, eyni zamanda Ermənistan tərəfindən artıq qəbul olunmuş beynəlxalq müqavilələrin dəyişdirilməsi, Gömrük İttifaqı çərçivəsində dövlətlərarası razılaşmaların imzalanması nəzərdə tutulur.

Bu öhdəliklər yerinə yetirildikdən sonra Ermənistanın Gömrük İttifaqının tamhüquqlu üzvü olması barədə beynəlxalq müqavilə imzalanacaq. Qanunvericilik dəyişiklikllərinin gömrük və vergi sahələri ilə yanaşı, cinayət və inzibati məcəllələri də əhatə edəcəyi gözlənilir.

Ermənistan parlamentinin beynəlxalq münasibətlər komissiyasının sədri Artak Zakaryan “Azatutyun” radiosuna müsahibəsi zamanı bildirib ki, mart ayının sonlarından etibarən yeni dəyişikliklər parlamentin müzakirəsinə çıxarılacaq və ilin birinci yarımilliyinin sonunda Ermənistan Gömrük İttifaqına daxil olmaq üçün tam hazır olacaq. Zakaryan üzvlüklə bağlı müqavilənin 2014-cü ilin sentyabr ayında imzalanacağını qeyd edib.

Rusiya, Qazaxıstan və Belorusun təsis etdiyi və ölkələrarası ticarətdə əlavə gömrük rüsumunun ləğvini nəzərdə tutan Gömrük İttifaqına Ermənistanın daxil olması yaranmış realllıqları nəzərə alarsaq, ilk baxışdan bu ölkə üçün ən optimal variant hesab olunur və Yerevan bununla müəyyən üstünlüklər əldə edəcəyini düşünür. Lakin digər tərəfdən, Gömrük İttifaqına üzvlük bir sıra ziddiyyətli məqamlar doğurur ki, bu problemlər Yerevanın onsuz da ağır vəziyyətini daha da pisləşdirə bilər.

Təbii ki, Ermənistan üçün hazırkı dönəmdə ən əhəmiyyətli məsələ Rusiyadan ölkəyə idxal olunan təbii qazın qiymətlərinin aşağı salınmasıdır. Əslində Rusiyanın Ukraynaya olduğu kimi, Ermənistana da əsas təzyiq vasitəsi idxal olunan qazın qiymətilə bağlıdır. Yerevanın Gömrük İttifaqına daxil olmağa razılıq verməsilə Ermənistana satılan qazın qiymətləri 270 dollardan 189 dollara salındı. 2014-2018-ci illərdə Ermənistana illik 2.5 milyard təbii qazın nəql olunacağını nəzərə alsaq, Rusiyanın qiymət endirimindən illik 140 milyon dollar ziyan çəkəcəyi üzə çıxır.

Təkcə elə bu rəqəm Rusiyanın Gömrük İttifaqını yaratmaqda iqtisadi gəlirdən daha çox, siyasi dividentlər əldə etmək məqsədi güddüyünü ortaya qoyur. Rusiyanın Ermənistana etdiyi güzəştlər bununla da bitmir. Məlumdur ki, Ermənistan illik 400 ton neft məhsullarından istifadə edir ki, bu məhsulların 100 faizi xaricdən idxal olunur. Yerevanın İrandan ucuz qiymətə benzin və dizel yanacağı almaq üçün apardığı danışıqlar heç bir nəticə verməmişdi. Rusiyanın “Rosneft” şirkəti ilə Ermənistanın “Oil Texno” şirkəti arasında imzalanmış müqaviləyə əsasən Ermənistanı lazımi neft məhsulları ilə təmin etmək üçün birgə müəssisə yaradılacaq. Bundan əlavə, Ermənistana Rusiyadan ixrac olunan işlənməmiş almaza tətbiq olunan 6,5 faizlik rüsum ləğv olunub.

Ermənistan dövləti üçün digər həyati əhəmiyyətli məsələ Rusiyada işləməyə gedən erməni miqrantların taleyi ilə bağlıdır. Bir çox ermənilər öz ailələrini xaricdə mövsümi işlərlə saxlayırlar. Bəzi məlumatlara görə, erməni miqrantların 70 faizi Rusiyada işləyir. Rusiya Federal Miqrasiya Xidmətinin hesablamalarına görə, 2012-ci il və 2013-cü ilin 1-ci yarısında 800 minə yaxın Ermənistan vətəndaşı Rusiyada miqrant kimi qeydiyyatdan keçib. Ermənistana göndərilən fərdi pul köçürmələrinin 75 faizi Rusiyanın payına düşür. Təbii ki, Rusiya tərəfindən miqrasiya qaydalarının sərtləşdirilməsi Ermənistan üçün əlavə zərbədir və Yerevan Gömrük İttifaqına qoşulmaqla bu sahədə Rusiyadan güzəştlər əldə edəcəyinə inanır.

Ancaq Ermənistanın Gömrük İttifaqına qoşulmaqla qanunvericiliyində həyata keçirəcəyi dəyişikliklər faktiki ölkənin suverenliyini sual altına qoyur. “Suveren Ermənistan” təşəbbüs qrupunun yaydığı deklarasiyada qeyd olunur ki, “Gömrük və Avrasiya ittifaqlaraına qoşulmaqla ölkə müstəqil qərar qəbul etmək funksiyasını yuxarı orqana təhvil verməli olacaq ki, bu da Ermənistan konstitusiyasına ziddir. Ermənistan öz gələcəyini geridə qalmış iqtisadiyyatı olan və totalitar idarəetmə üsuluna malik dövlətlərlə bağlayır ki, bu ölkələrdə mütəmadi olaraq insan hüquq və azadlıqları pozulur”.

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri David Şahnazaryan isə bildirib ki, Serj Sarkisyan Gömrük İttifaqına daxil olmaqla Ermənistanın idarəetmə mandatını Rusiyaya vermiş olur.

Söhbət ondan gedir ki, qəbul olunmuş “Yol xəritəsi”nə əsasən Ermənistanın iqtisadi sahəsinə aid qərarları ölkə konstitusiyasında göstərilən dövlət orqanları deyil, Gömrük İttifaqının rəhbər orqanı olan Avrasiya İqtisadi Komissiyası qəbul edəcək. Komissiyanın qərarlarının üzv ölkələr daxilində icrası isə mütləq xarakter daşıyacaq.

Belə çıxır ki, Ermənistan hakimiyyəti əgər Gömrük İttifaqına daxil olmaq istəyirsə mütləq konstitusiyasında dəyişiklik etməli və bunun üçün ümumxalq səsvermə-referendum keçirməlidir. Əgər referendum keçirilmirsə demək ölkə parlamenti öz səlahiyyətlərini aşaraq qeyri-qanuni şəkildə lazımi qanunvericilik aktlarında dəyişiklik edəcək.

Doğrudur, Ermənistan Rusiya və digər Gİ üzvlərindən idxal olunan mallara güzəştlər əldə edəcək, ancaq bu güzəştləri Ermənistanla ticarət əlaqələri olan dövlətlər istəsələr belə, edə bilməyəcəklər. Məsələn İran istəsə belə, Ermənistana daha ucuz tariflər tətbiq edə bilməyəcək. Bu halda Tehran bu tarifləri bütün Gİ üzvlərinə tətbiq etməli olacaq ki, İranın ermənilər üçün böyük miqdarda gəlirdən imtina etməsi inandırıcı deyil. Eyni zamanda Ermənistanın İrana güzəştli tariflər tətbiq etmək səlahiyyətləri də qalmayacaq. Bu formul Avropa ilə ticarətə də aiddir. Avropa Komissiyası artıq açıq şəkildə bəyan edib ki, Gİ-ə üzvlüklə azad ticarət zonasında iştirak etmək bir yerdə mümükün deyil və Ermənistan öz seçimini konkretləşdirməlidir. Qeyd olunanları nəzərə alarsaq Ermənistanın keçmiş baş naziri Qrant Baqratiyanın hesablamalarına haqq qazandırmaq olar. Baqratiyan bildirib ki, Ermənistan Gİ-na daxil olduqdan sonra idxal olunan məhsulların 40 faizi ucuzlaşacaq 60 faizi isə bahalaşacaq.

Ermənistanın Gömrük İttifaqına daxil olması Qarabağ problemini də bu təşkilata aparması anlamına gəlir. Qəbul olunmuş, beynəlxalq hüquqi reallıqları nəzərə alsaq, Dağlıq Qarabağ və digər işğal olunmuş rayonlar Azərbaycanın ərazisidir və Gİ-ə üzv olan Rusiya, Belorus və Qazaxıstan Azərbaycanın ərazi bütövlüyünü tanıyıblar. Belə çıxır ki, Ermənistan bu qurumun üzvü olduqdan sonra qeyd olunan güzəştlər işğal altında olan ərazilərə tətbiq olunmamalıdır, əks halda digər beynəlxalq hüquq normaları ilə yanaşı Gömrük İttifaqının nizamnaməsi də pozulmalı olacaq. Əgər həmin güzəştlər tətbiq olunarsa bu halda, Gömrük İttifaqı Azərbaycanın ərazi bütövlüyünə qəsd etmiş duruma düşəcək. İşğalda olan ərazilərə gömrük rüsumunun tətbiqi isə bu əraziləri blokada vəziyyətinə salacaq.

Qazaxıstan və Belorus bu faktı anlayırlar və Ermənistandan tələb edirlər ki, münaqişəni həll etdikdən sonra onlarla ittifaqa qoşulsun. Hələlik Rusiya bu məsələyə münasibət bildirməyə tələsmir. Güman etmək olar ki, Ermənistanın özünə birləşdirilməsini “qanuniləşdirdikdən” sonra Rusiya Azərbaycana qarşı Qarabağ problemi ilə təzyiq göstərməyə başlasın. Belə ki, 2015-ci ildən Gömrük İttifaqının Avrasiya Birliyinə çevriləcəyini nəzərə alsaq və Dağlıq Qarabağ problemi bu vaxta qədər öz həllini tapmazsa, “işğalçı” statusunu Avrasiya İttifaqı öz üzərinə götürməli olacaq.

Ermənistan üçün arzuolunmaz bir məqam da Gürcüstanla bağlıdır. Məlumdur ki, Gürcüstan Avropa İttifaqına Assosiativ üzvlüyü qəbul edib. Belə çıxır ki, Ermənistanı Rusiyaya bağlayan yeganə dəhliz olan Gürcüstanla ticarəti Avropa standartlarına uyğun aparmalı olacaq. Bu da Ermənistan üçün əlavə tariflər ödəmək anlamına gəlir. Eyni zamanda, Azərbaycanın Gürcüstan vasitəsilə Ermənistana təzyiq etmək imkanları genişlənir. Belə ki, Gürcüstanla Ermənistanın ayrı-ayrı qütblərə meyl etməsi Tbilisinin əsas enerji idxalçısı olduğu Azərbaycandan daha da asılı edir. Çünki bu dövlətin alternativ olaraq Rusiyaya müraciət etmək şansı qalmır.

Tofiq Əsgərov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti