Sahibkarlara 107 milyon manatdan çox kredit ayrılıb

Sahibkarlara 107 milyon manatdan çox kredit ayrılıb
  31 Oktyabr 2020    Oxunub:2289
Sahibkarların maliyyə əlçatanlığının artırılması, pandemiyadan zərər çəkmiş fəaliyyət sahələrinə investisiya qoyuluşunun sürətləndirilməsi, maliyyə-bank sektorunun canlanması, pandemiyadan zərər çəkmiş sahibkarların maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədilə dövlət tərəfindən bir sıra dəstək tədbirləri həyata keçirilir.
Bu barədə Azvision.az -a İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, belə tədbirlərdən biri də pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların dövlət zəmanətli krediti asan və şəffaf formada əldə etməsi üçün İqtisadiyyat Nazirliyi tərəfindən yaradılan Elektron Kredit Platformasıdır (www.e-edf.gov.az).

Yeni biznes kreditlərinin Elektron Kredit Platforması vasitəsilə verilməsi sahibkarlara biznes kreditləri üçün onlayn rejimdə müraciət, müvəkkil kredit təşkilatları və İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunda müraciətlərə eyni vaxtda baxılması və statusunun real vaxt rejimində izlənməsi, eləcə də 3 kredit təşkilatına eyni vaxtda müraciət imkanının yaradılması və s. kimi üstünlüklər yaradır.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların Elektron Kredit Platforması üzərindən müraciətləri davam edir.

Qeyd edək ki, oktyabrın 29-na qədər Elektron Kredit Platforması üzərindən sahibkarların yeni biznes krediti sifarişi üçün 3 059 müraciəti qeydiyyata alınıb. Artıq 392 müraciət üzrə ümumi həcmi 107,3 milyon manat olan kreditlərin ayrılması barədə qərar qəbul edilib. Hazırda digər müraciətlərə baxılır və müəyyən olunmuş müddətdə nəticələr barədə sahibkarlara elektron platforma vasitəsilə məlumat veriləcək.

Azvision.az


Teqlər: Nazirlik   Sahibkar  





Xəbər lenti