“Avropa Gürcüstanına səs verdim” - Zurabişvili

 “Avropa Gürcüstanına səs verdim” -   Zurabişvili
  31 Oktyabr 2020    Oxunub:1781
Gürcüstan Prezidenti Salome Zurabişvili bu gün ölkəsində keçirilən parlament seçkilərində səs verib.
Azvision.az xəbər verir ki, Zurabişvili Avropa Gürcüstanına səs verdiyini və koronavirus pandemiyasına baxmayaraq, əhalini seçki məntəqələrinə gəlməyə çağırıb.

"Bu gün hər kəsi təbrik etmək istəyirəm! Hər kəsin arzuladığı ölkəni qurmaq üçün səs veririk. Bu, Avropa, demokratik bir ölkədir", - Prezident deyib.

O əlavə edib ki, seçicilər koronavirus pandemiyası şəraitində səs verirlər, təhlükəsizlik təmin edildiyi və gigiyena tədbirləri nəzərə alındığı üçün hamı öz seçimini etməlidir.

Gürcüstanda 10-cu çağırış parlament seçkiləri keçirilir. Ölkə üzrə 3657 seçki məntəqəsində keçirilən səsvermədə 150 parlament yeri uğrunda 48 siyasi partiya və 2 blok mübarizə aparır. COVID-19 pandemiyası ilə əlaqədar karantində olan təxminən 11 min vətəndaşın səsvermə prosesində iştirakı üçün mobil seçki qutuları yaradılıb.

Qeyd edək ki, bu il iyunun 29-da Gürcüstan parlamenti müxalifətlə hakim partiya arasında razılaşdırılan memoranduma əsasən, seçki məcəlləsinə düzəlişi təsdiqləyib.

Düzəlişə əsasən, parlament seçkilərində 150 deputatdan 120-i proporsional (partiya siyahısı ilə), 30-u isə majoritar qaydada seçiləcək. Bundan başqa seçkilərdə baryer 5 faizdən 1 faizə endirilib, təkbaşına hökuməti formalaşdırmaq istəyən partiya səslərin minimum 40%-nə sahib olmalıdır.

Xatırladaq ki, Gürcüstanda 2024-cü ildən tam proporsional seçki sisteminə keçiləcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Gürcüstan   Seçki  





Xəbər lenti