Rusiya Ermənistana kömək göstərməkdən imtina etdi

Rusiya Ermənistana kömək göstərməkdən imtina etdi
  31 Oktyabr 2020    Oxunub:3338
Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinə ünvanladığı müraciətə cavab verilib.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayıb.

"Ermənistan Respublikasının baş naziri N.Paşinyanın Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə müraciətlə Ermənistanın təhlükəsizliyinin təmin edilməsi üçün Rusiya Federasiyasının ona göstərə biləcəyi köməyin növünü və həcmini təyin etmək məqsədilə məsləhətləşmələrə başlamaq xahişi ilə əlaqədar Rusiya Federasiyasının Ermənistan Respublikası barəsində, o cümlədən Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında 29 avqust 1997-ci il tarixli Müqavilədən irəli gələn müttəfiqlik öhdəliklərinə sadiq olduğunu təsdiq edirik.

Bu müqavilənin bir sıra maddələrində tərəflərin bir-birinin ərazisinə silahlı hücum və ya təcavüz aktı təhlükəsi yaranacağı halda konkret hərəkətlər nəzərdə tutulur. Sazişə əsasən, Rusiya Yerevana döyüş əməliyyatlarının bilavasitə Ermənistan ərazisinə keçiriləcəyi təqdirdə zəruri kömək göstərəcək", - bəyanatda vurğulanıb.

Rusiya XİN bir daha Dağlıq Qarabağ münaqişəsinin tərəflərini atəşi dərhal dayandırmağa, gərginliyi azaltmağa, bu il oktyabrın 10-da Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin əldə etdiyi razılaşmalar müstəvisində baza prinsiplərinə əsaslanan dinc tənzimləməyə nail olmaq üçün substantiv danışıqlara qayıtmağa çağırıb.

Bəyanatdan göründüyü kimi, hazırda hərbi əməliyyatlar Azərbaycan ərazisində davam edir. Bu baxımdan rəsmi Moskva Ermənistana yardım göndərmək niyyətində deyil.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DağlıqQarabağ  





Xəbər lenti