Ermənistanın diaspora komissarı Qarabağa muzdluların gətirildiyini təsdiqlədi

  Ermənistanın diaspora komissarı Qarabağa muzdluların gətirildiyini təsdiqlədi
  02 Noyabr 2020    Oxunub:4428
Erməni komissar muzdluların gəldiyi ölkələrin adlarını açıqlayıb.
“Dağlıq Qarabağdakı müharibədə iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən könüllülər gəlir”.

Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın Diaspora İşləri üzrə Komissarı Zare Sinanyan "Sputnik"in Ermənistan müxbirinə məlumat verib. Sinanyanın dililə desək, “könüllülər” daha çox Rusiyadan gəlirlər. ABŞ, Fransa, Ukrayna və Orta Şərqdən gələnlər də var.

Sinanyanın sözlərindən aydın olur ki, “könüllülər” Qarabağa döyüşməyə təkcə öz istəklərilə deyil, həm də Ermənistan hökumətinin təşkilatçılığı və maliyyəsi ilə gəlirlər. Dolayısıyla, Sinanyan ölkəsinin Qarabağa pul qarşılığında muzdlular gətirildiyini təsdiqləyir: “Onlar gəlməzdən qabaq siyahılar hazırlayır, problemlərini və hökumətdən istəklərini yazılı şəkildə təqdim edirlər. Əsasən öz istəklərilə, şəxsi hesablarına gələnlərdir...”

Xaricdəki ermənilər Qarabağa döyüşməyə gəlir
Qarabağa yardım məsələsinə gəlincə, Sinanyan qeyd edib ki, maliyyənin çox hissəsi Rusiya, ABŞ, Fransa, Ukrayna və Orta Şərqdəki erməni diasporaları tərəfindən göndərilir. Vəsaitin köçürüləcəyi fondların adlarını açıqlayan komissar qeyd edib ki, “yardımın mümkün qədər səmərəli şəkildə istiqamətlənməsi və paylanması” üçün işləri şəxsən koordinasiya edir.

Onun bu açıqlaması erməni sosial şəbəkələrində birmənalı qarşılanmayıb. Belə ki, diaspora rəhbəri yardımları mənimsəməkdə ittiham olunur.

Bir müddət əvvəl Ermənistanın ictimai-siyasi xadimi Mihran Hakobyan Zare Sinanyanı xalqı talamaqda və Qarabağa ermənilərdən başqa millətin nümayəndələri cəlb etməkdə günahlandırmışdı. Bildirmişdi ki, “Sinanyan Ermənistanın demoqrafik problemini həll etmək üçün ölkəni başqa xalqların vətəninə çevirir”.

Əslində Ermənistan hökuməti xarici vətəndaşları Ermənistan ərazisində deyil, Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ və ətraf rayonlarda məskunlaşdırır. Hətta müharibənin davam etdiyi indiki şəraitdə belə, xaricdən köçürülən mülki insanların ölə biləcəyini gözə alırlar. Onu da qeyd edək ki, həmin mülki şəxslərin əksəriyyəti Livan, Suriya və Argentinadan gələn muzdlu döyüşçülərin ailələridir.

Azvision.az


Teqlər:   Qarabağ   Muzdlu  





Xəbər lenti