Şəhriyar–Kələxana yolu yenidən qurulub

  05 Noyabr 2020    Oxunub : 1591
Şəhriyar–Kələxana yolu yenidən qurulub
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 122-ci km-dən ayrılan Şəhriyar–Kələxana avtomobil yolunu yenidən qurub.
Agentlikdən Azvision.az -a verilən məlumatda deyilir ki, ötən əsrin 70-ci illərinin normativləri əsasında tikilmiş, qara və çınqıl örtüklü olan yol uzun illər istismar olunsa da, təmir edilmədiyi üçün onun torpaq yatağı deformasiyaya uğramış, yol geyimində çökmələr əmələ gəlmiş, istismar üçün yararsız vəziyyətə düşmüş, nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranmışdı. Bu səbəbdən yolun əsaslı təmirinə ehtiyac var idi.

Artıq 3 min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Şəhriyar–Kələxana avtomobil yolu tikinti layihəsinə uyğun olaraq əsaslı şəkildə yenidən qurularaq, 2 hərəkət zolaqlı olaraq IV texniki dərəcəyə uyğun təkmilləşdirilib.

Layihə çərçivəsində ilkin mərhələdə marşrut boyu mövcud örtüyün sökülməsi, yararsız yol geyiminin və torpaq yatağının deformasiyaya uğramış hissələrinin qazılaraq kənara daşınması, əvəzinə karxana çınqılı tökülərək kipləşdirilməsi və yeni yol yatağının inşası işləri aparılıb. Daha sonra işlərin yekunlaşdığı ərazilərdə 12 sm qalınlıqda olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülüb.


Azvision.az

Teqlər: Yol