Şuşanın azadlığı Moldovada qeyd olundu

Şuşanın azadlığı Moldovada qeyd olundu
  09 Noyabr 2020    Oxunub:2173
Azərbaycanın Moldovadakı Səfirliyində Şuşanın erməni işğalından azad edilməsinə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Moldova sakinləri səfirliyə toplaşaraq, şanlı qələbə gününü qeyd ediblər.
Tədbirdə çıxış edən səfir Qüdsi Osmanov qədim şəhərimiz Şuşanın Azərbaycanın tarixində mühüm yerə malik olduğundan söhbət açaraq, mədəniyyət, incəsənət və tarixin beşiyi sayılan Şuşanın işğaldan azad edilməsi münasibətilə tədbir iştirakçılarını təbrik edib, bu qələbənin qazanılmasında Ali Baş Komandan başda olmaqla, müzəffər Azərbaycan Ordusuna təşəkkürünü bildirib, vətən uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət diləyib. Eyni zamanda, səfir Q.Osmanov Moldovada yaşayan azərbaycanlıların bu qələbədən ruhlanaraq, erməni icmasının təcavüzkar fəaliyyətinə qarşı daha da güclənməyə çağırıb. Səfir Ali Baş Komandanın polad yumruğunda səriştəli siyasi iradə, Azərbaycan əsgərinin gücü və xalqın birləşdiyini qeyd edib. Nitqinin sonunda prezidentimizin sözlərini xatırladaraq bu yumruğun haqq yolunda dünyaya Azərbaycan həqiqətlərini çatdırmağa davam edəcəyini bildirib.

Moldovada azərbaycanlıların ağsaqqalı kimi tanınan iş adamı Firuz İsayev çıxışında Azərbaycanda aparılan uğurlu daxili və xarici siyasətin nəticəsi olaraq qələbə əldə edildiyini, dinindən, etnik mənsubiyyətindən və doğulduğu bölgədən asılı olmayaraq, hər bir azərbaycanlının bu amal ətrafında sıx birləşdiyini dilə gətirib. Şuşanın mədəniyyət ocağı olduğunu bildirərərək, hər bir azərbaycanlı gəncə Şuşa şəhərinə gedərək, xalqımızın tarixi keçmişini öyrənməyə səsləyib.



Daha sonra tədbirdə iştirak edən türk iş adamı döyüşlərdə əldə edilən uğurlardan fərəh hissi duyduğunu və qardaş ölkələrəmizin hər zaman bir-birinə xoş və çətin günlərdə dəstək olmasının qürurverici olduğunu bildirib.

Bundan əlavə, tədbir zamanı Şuşanın işğaldan azad edilməsinə həsr edilmiş tədbirində Moldovada yaşayaş azərbaycan diasporasının fəal üzvləri çıxış edərək, xalqımızı, bütün həmvətənlərimizi qələbə münasibətilə təbrik ediblər.



Tədbirdə milli mətbəxə məxsus şirniyyatlar təqdim edilib, həmvətənlərimiz xalqımızın birlik və vətənpərvərlik rəmzi olan qədim “Yallı”nın sədaları altında rəqs edib və tədbir qələbə atəşfəşanlığı ilə yekunlaşıb.

Azvision.az


Teqlər: Şuşa   Moldova  





Xəbər lenti