Erməni siyasətçidən Paşinyanı ifşa edən 7 sual

 Erməni siyasətçidən Paşinyanı ifşa edən 7 sual
  14 Noyabr 2020    Oxunub:2174
“Noyabrın 13-də təslimçilik bəyanatını imzalamış, lakin hələ də baş nazir olan Nikol Paşinyan hərəkətlərinə xüsusi bir şəkildə haqq qazandırmağa və acınacaqlı vəziyyəti müxtəlif obyektiv amillərlə izah etməyə çalışdı”.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın "Milli Gündəm" partiyasının həmtəsisçisi Avetik Çalabyan bildirib.

Çalabyan Paşinyanın qurduğu iqtidarın yarıtmaz fəaliyyətini sərt şəkildə tənqid edib:

"Müharibənin son gününə qədər hakimiyyət tərəfindən yaradılan məlumat boşluğunda yaşayan bir çox vətəndaşımızdan fərqli olaraq, həmkarlarımla birlikdə gündəlik olaraq cəbhədən müxtəlif və ziddiyyətli xəbərləri təhlil etdik. Ən azı cənub cəbhəsindəki döyüş əməliyyatlarını çox yaxşı analiz edirdik. Bura Ermənistan ordusu üçün əlverişli deyildi. Bu mənada, Paşinyanın hərbi zəfəri reallaşdıra bilməyəcəyini anlayırdıq. Əksinə, yeni itkilərə səbəb ola biləcəyi üçün döyüşlərin davam etdirilməsinin mənasız hala gəldiyi iddiasını qəbul edirdik”.



Erməni siyasətçi Paşinyanın müharibə barədə səsləndirdiyi yalan fikirləri ifşa edərək deyib: “Paşinyan məlum sənədin imzalanmasını bəzi obyektiv faktlarla əsaslandırmağa və bir çox digər aktual suallardan yan keçməyə çalışdığı üçün aşağıda ona bir sıra suallar ünvanlayacağam.

1. Azərbaycan Prezidenti dəfələrlə Paşinyanın danışıqları ayaq altına atan, dağıdıcı bəyanatları və hərəkətləri ilə ölkəsinə Qarabağ məsələsinin həllini hərbi yolla reallaşdırmağa əsas verdiyini bildirdi. Bu nə qədər real olsa da, açıq həqiqət budur ki, 2016-cı ildən fərqli olaraq döyüş əməliyyatları başlayandan bəri Minsk Qrupu həmsədrləri onları dayandırmaq üçün sərt əks-tədbirlər görmədilər. Apreldə sərt müdaxilə nəticəsində, müharibənin 5-ci günündə əsas döyüş əməliyyatları dayandırıldı. Minsk Qrupu həmsədr ölkələrinin davranışındakı bu cür dəyişikliyi nə ilə izah edirsiniz və bu məsələdə şəxsi rolunuz nədən ibarətdir?

2. Bu ilin avqust ayının əvvəlində Azərbaycan və Türkiyə Azərbaycanda misli görünməmiş genişmiqyaslı hərbi təlimlər keçirdilər, bundan sonra türk hərbçiləri Azərbaycan ərazisində qaldı və bu fakt Qarabağın azadlığına hazırlığın getməsini düşünməyə əsas verdi. Belə bir situasiyada hansı profilaktik tədbirlər görmüsünüz və ya niyə etməmisiniz? Xüsusilə niyə ehtiyatda olanların hərbi hazırlığı, səfərbərliyi, təcili silah alınması və toplanması, müttəfiq ölkələrlə müharibə halında dəstəklə bağlı razılaşmalar əldə edilmədi? Niyə düşmənin qarşısında tək qaldıq?

3. Niyə zamanında itkilərimizi məhdudlaşdırmaq üçün müharibəni dayandırmadın? Ermənistan və “Artsax”ın (Qarabağ - red) məhdud qüvvələri və imkanları ilə bu qədər güclü
düşməni məğlub edə biləcəyini düşünməyə nə vadar etdi? Hərbi rəhbərlərimiz bu mövzuda sizə nə tövsiyə etdilər?

4.Düşmən cənub cəbhəsindəki cəbhə xəttini keçdikdən sonra hərbi rəhbərliyimizin növbəti xəttə çəkilmək və orada müdafiə döyüşlərini davam etdirmək qərarına gəldiyi barədə şayiələr dolaşır. Ancaq siz bu qərarı ləğv etdiniz və məhdud zirehimizlə əks-hücum əmri verdiniz. Nəticədə, bu vasitələrin çoxu məhv edildi, yalnız Cəbrayılın deyil, Hadruta gedən yol da düşmənə açıldı və bu da cəbhədə qoşunlarımızın sürətli geri çəkilməsinə səbəb oldu. Bu gerçəkliyə uyğun gəlmirsə, xahiş edirəm o xəbəri təkzib edin, ancaq xatırlatmaq istəyirəm ki, 6 oktyabrda həmin əks- hücum mövzusunda bir açıqlama verdiniz...

5. Düşmən cənub cəbhəsində Ermənistan sərhədlərinə yaxınlaşanda niyə döyüş əməliyyatlarını dayandırmadınız? O andan etibarən sizi hərbi əməliyyatların hələ də bərpa edilə biləcəyini düşündürən nədir? Əgər belə fərziyyələriniz varsa, niyə real deyil?

6. Düşmən Şuşaya girdikdən sonra, iki əks-hücuma məruz qaldığını söylədiniz, ancaq bunu inkişaf etdirə bilmədik. Hər halda, qüvvələrimiz Şuşanın şimal hissəsində güclənə, Stepanakertə (Xankəndi-red) gedən yolu bağlaya bildilər. Bu halda Stepanakertin də bundan sonra təhlükədə olduğunu iddia etməyə əsas verən nədir? Əgər sizin öz sözlərinizlə desək, “Artsax”da (Qarabağ-red) hələ də təxminən 25.000 döyüş qüvvəmiz var idisə və Şuşa yalnız bir neçə yüz düşmən əsgəri tərəfindən alınmışdısa, Stepanakertdə (Xankəndi- red) niyə vahimə, çaxnaşma yaratmalıydıq axı?

7. Və nəhayət, təslimçilik bəyanatını imzaladığınız zaman, hansı qüvvə və məntiqlə Ermənistan silahlı qüvvələrinin “Artsax”ın (Qarabağ-red) üç bölgəsindən çıxarılmasına dair belə bir cədvəli daxil etdiniz? Təsəvvür edirsinizmi, 1830 kvadratmetr ərazisi olan nəhəng “Karvaçar”( Kəlbəcər-red.) bölgəsini 5 gündə boşaltmaq nə deməkdir? Müharibəni uduzmuş olsaq da, bu gün evlərini yandıran və həyatlarını məhv edənləri lənətləyən mülki əhali evsiz qalır. Onlar əvvəllər alınmaz görünən torpaqlardan necə bu qədər rahat geri çəkilə bilər? Və bu qədər nəhəng bir ərazidən imtina etmək müqabilində nə qazanırıq?

Bu suallara bir çox başqa suallar əlavə edilə bilər və tarix sonunda öz ədalətli qərarını verəcək. Bu məğlubiyyət hamımız üçün olsa da, hər birimiz məsuliyyətimizi dərindən dərk etməliyik. Müharibə zamanı və ondan əvvəlki 3 ilə yaxın müddətdə ölkənin baş məmuru idiniz, imzanız bu təslimçilik sənədinin altındadır. Nəticədə ən böyük məsuliyyət sizdədir. Onsuz da sizsiz qamətimizi düzəltməyin və itirdiyimizi xilas etməyin yollarını axtarmalıyıq...”

Tural Tağıyev
Azvision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti