Təhsil Nazirliyindən
Azvision.az -a bildirilib ki, görüşdə nazir 44 gün davam edən Vətən müharibəsinin şanlı zəfərlə yekunlaşması münasibətilə Şura üzvlərini təbrik edib, Allahdan şəhidlərimizə rəhmət, yaralılarımıza isə şəfa diləyib. Təhsil naziri bu müharibədə qazanılan qələbənin Azərbaycan tarixinin ən parlaq səhifəsi olduğunu diqqətə çatdırıb və bildirib ki, torpaqlarımızın işğaldan azad olunmasını şərtləndirən əsas səbəb Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət və ordu quruculuğu siyasətidir. Bu amil son hədəfə qədər uğurla irəliləməyimizi şərtləndirirdi, Azərbaycanın üçrəngli bayrağı doğma Qarabağda, Şuşada dalğalandı. Nazir Azərbaycana bu möhtəşəm zəfəri yaşadan dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığını ifadə edib.
Sonra təhsil naziri Emin Əmrullayev Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı təcavüzündən danışıb, müxtəlif şəhər və rayonlara raket zərbələri endirilməsi nəticəsində 10 məktəblinin həlak olduğunu, 16 məktəblinin yaralandığını və 50 təhsil müəssisəsinin dağıntılara məruz qaldığını diqqətə çatdırıb.
İşğaldan azad olunan torpaqlarımızda təhsil sahəsi üzrə görüləcək işləri xüsusi vurğulayan nazir E.Əmrullayev əlavə edib ki, artıq bununla bağlı tədbirlər planı hazırlanır və yaradılacaq İşçi Qrupu bu istiqamətdə təxirəsalınmaz tədbirlər həyata keçirəcək.
Görüşdə vurğulanıb ki, bu tarixi zəfərimiz, həmçinin Azərbaycan müəlliminin, Azərbaycan təhsilinin vətəndaş yetişdirmə məfkurəsinin qələbəsi sayılır.
Videokonfransda İctimai Şura üzvləri gənclərimizin Vətən müharibəsində əsl vətənpərvərlik nümunəsi göstərməsini təhsilalanların bu ruhda tərbiyə edilməsi ilə əlaqələndirib, müharibədən sonrakı dövr ərzində görüləcək işlərlə bağlı rəy və təkliflər səsləndiriblər.
Azvision.az