Ermənistanı istefa dalğası bürüyür

 Ermənistanı istefa dalğası bürüyür
  17 Noyabr 2020    Oxunub:1921
Ermənistanın baş naziri Nikol Paşinyanın sosial şəbəkələrdəki narazılıq yaradan statusu ölkədə istefa dalğasını genişləndirib.
Azvision.az xəbər verir ki, bununla bağlı məqalə hazırlayan "Hraparak" qəzeti qarşıdakı günlərdə Ermənistanı çətin günlər gözlədiyini yazıb:

"Hakimiyyət piramidası və ümumiyyətlə, idarəetmə sistemi çökür. Dünən xarici işlər naziri Zohrab Mnatsakanyan istefa verdi. Onun ardınca müavini Şavarş Köçəryan, nazirin müşaviri Ruben Karapetyan, xüsusi tapşırıqlar üzrə səfir Karen Mirzoyan istefa ərizəsi yazdı. Bundan başqa Ermənistanın Ətraf mühit məsələləri üzrə nazir müavini İrina Kaplanyan istefaya gedib. O, deyib: "Ölkəmə, millətimə xidmət etmək həyatımda ən böyük şərəf idi. Etmad üçün təşəkkürlər".

Qəzetin yazdığına görə, Tiqran Avinyanın ofisinin rəhbəri Varaq Siseryan da etriaz olaraq vəzifəsindən gedib. Həmçinin deputat Qayana Abrahamyan istefa verdiyini, Taqui Tovmasyan və Lusine Badalyan da "Mənim addımım" fraksiyasından ayrılacağını elan edib: "İstefaların bununla bitməyəcəyini düşünə bilərik. Səlahiyyətlilər çətin ki, Nikol Paşinyanın səhvlərinə görə məsuliyyəti öz üzərinə götürməyə razı olsunlar".

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan özünün “Facebook” səhifəsində xalqı təhdid edən status paylaşıb. "Cəbhə bölgəsindən hərbi qulluqçuların onlarla videosunu izlədim. Uşaqların dərin düşüncəsindən heyrətləndim. Uşaqlar, siz haqlısınız. Divar dibində ulayanlarla bağlı məsələləri tamamilə həll etmək üçün sizi Yerevanda gözləyirəm", - deyən baş nazir etiraz aksiyaları keçirən vətəndaşlara xəbərdarlıq ünvanlayıb.

Tural Tağıyev
Azvision.az


Teqlər: İstefa   Paşinyan  





Xəbər lenti