Xarici investisiyalar niyə azalır? – TƏHLİL

Xarici investisiyalar niyə azalır? – TƏHLİL
  07 Fevral 2014    Oxunub:1998
Keçən il ölkə iqtisadiyyatına rekord həcmdə - 28 milyard ABŞ dolları səviyyəsində investisiya qoyulduğu dövlət başçısının sədrliyi ilə Nazirlər Kabinetinin (NK) yanvar ayında keçirilən iclasında da vurğulandı. Prezident İlham Əliyev heç vaxt il ərzində bu qədər investisiya qoyulmadığını qeyd etdi. “Son bir neçə il ərzində orta hesabla 20-21-22 milyard dollar investisiya qoyulurdu, artıq 28 milyard dollar investisiya qoyulur”, – deyə dövlət başçısı bildirdi.

Xatırladaq ki, 2012-ci il ərzində 26 milyard dollara yaxın investisiya qoyulmuşdu. 2013-cü ildə isə bütün maliyyə mənbələri hesabına iqtisadiyyata və sosial sahələrin inkişafına 17,87 milyard manat və ya 2012-ci ildəkindən 15,1 % çox vəsait yönəldildiyi bildirilir.

Bu da sözsüz ki, ölkədə həyata keçirilən iqtisadi siyasətin nəticəsidir. Belə ki, sosial təyinatlı obyektlərin təmiri və tikintisi ilə yanaşı, yeni və müasir istehsal sahələrinin yaradılması işləri də sürətlə genişləndirildiyindən, investisiyaların həcmi artır. Prezidentin sədrliyi ilə NK-nin il ərzində keçirilən iclaslarının əksəriyyətində bunun zəruri olduğu vurğulanır. Xüsusən də, hər dəfə dövlət səviyyəsində nəzərdə tutulan investisiya həcminin tam olaraq həyata keçirilməli olduğu bəyan edilir.

Əlbəttə, 28 milyard dollar bu il ərzində bir az da artacaq. Bunun üçün kifayət qədər əsas var. Sənaye və iqtisadiyyat naziri Şahin Mustafayev də qeyd etmişdir ki, ötən il ölkədə 30-dan çox sənaye müəssisəsi yaradılmış, 100-ə yaxın sənaye obyektinin tikintisi isə davam etdirilməkdədir. Üstəlik, cari ilin ölkəmizdə “Sənaye ili” olduğunu və hökumətin qeyri-neft sektorunun inkişafında daha çox sənayeyə diqqət yetirəcəyini və onun genişlənməsini önə çəkəcəyini nəzərə alsaq, investisiya həcmi bu il daha da artmalıdır. Çünki sənaye investisiya tutumlu sahədir.

Ancaq bir cəhət də var ki, iqtisadiyyata qoyulan investisiyaların həcmində xarici mənbələrin, həmçinin özəl sektorun payı azdır və əgər, daha yüksək səmərə əldə etmək istəyiriksə, bunların cəlbi stimullaşdırılmalıdır.

Xarici sərmayə barədə qeyd edək ki, bu investisiyalara hər zaman böyük ehtiyac var və iqtisadiyyatın qeyri-neft sektorunu inkişaf etdirməyi qarşıya məqsəd qoyan ölkədə onun cəlbi xüsusən, vacibdir. Bu gün ölkəmiz xaricə - Gürcüstana, Türkiyəyə investisiya yönəldir. Bununla belə, xarici investisiyaların iqtisadiyyatımızın inkişafında necə rol oynadığı (“Əsrin müqaviləsi"ndən başlayaraq) yaxşı məlumdur.

Keçən il investisiyaların ümumi həcmindən 76,7 %-i daxili investisiyaların payına düşmüşdü. Başqa sözlə desək, artıq bir neçə ildir davam edən tendensiyaya uyğun olaraq 28 milyard dolların 17,5 milyardını daxili sərmayələr təşkil edir.

Ümumiyyətlə, əsas kapitala yönəldilmiş vəsaitin təkrar edirik ki, 76,7 %-ni və ya 13704,9 milyon manatını daxili, 23,3 %-i və ya 4167,2 milyon manatını isə xarici investisiyalar təşkil edib. Düzdür, 2013-cü ildə xarici mənbələrdən əsas kapitala 5 milyard manata yaxıb vəsait yönəldilib. Ancaq 23,3 % kiçik rəqəmdir.

Xatırladaq ki, ölkəmizin maliyyə imkanlarının durmadan genişlənməsi sayəsində daxili investisiyaların həcmi hələ ötən 10 illiyin ikinci yarısından etibarən, xaricini üstələməyə başladı və ölkə iqtisadiyyatının müxtəlif sahələrinə ümumi investisiya qoyuluşunun strukturu tədricən dəyişdi. Ümumiyyətlə, ölkədə əsas kapitala yönələn xarici investisiyaların artım tempi məhz 2005-ci ildən sonra enməyə başladı. Və bu da, bir daha təkrar edirik ki, daxili maliyyə imkanlarının artması nəticəsində baş verdi. Ölkədə neft “bumunun” başlanması və eyni zamanda, adı çəkilən xammalın dünya bazarlarında qiymətinin ildən-ilə yüksəlməsi Azərbaycan hökuməti üçün əsas infrastruktur layihələri - elektrik stansiyalarının tikintisi, asfalt yolların çəkilişi, körpülərin salınması, qazlaşdırma, su təchizatının inkişafı, kanalizasiya və irriqasiya kimi məsələləri özünün maliyyələşdirməsinə yol açdı. Ölkədə neft və qeyri-neft sektoru üzrə əsas kapitala yönəldilən investisiyaların artım tempi də ilk dəfə, bundan sonra tarazlaşdı və 2007-ci ildən etibarən, bu sahədə mövcud tendensiya ikincinin xeyrinə dəyişməyə başladı.

Düzdür, investisiya şəraitinə görə Azərbaycan postsovet məkanında və regionda cəlbedici ölkədir. Ölkəmizin xarici sərmayənin cəlbi üçün həm potensial, həm də tələb olunan hüquqi-normativ baza baxımından da əlverişli imkanlara sahib olduğu sirr deyil. Ancaq dünya iqtisadiyyatında yaranmış vəziyyət nöqteyi-nəzərindən Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrə kapital axını üçün neçə illərdir ki, əlverişli şərait yarandığından, bundan istifadə etmək tələb olunur.

Ümumiyyətlə, təkrar edirik ki, məhz xarici investisiyalar nəticəsində 1990-cı illərin əvvəllərində çətin, ağır vəziyyətdən çıxa bildik. Bu gün isə xarici investorlar üçün daha gözəl imkanlar açılmışdır. Çünki ölkə inkişaf edir, infrastruktur yeniləşir, daxili bazarımız genişlənir və xaricə çıxmaq üçün cəhdlər göstəririk. Belə olan şəraitdə xaricdən investisiya cəlbi daha prioritet sayılır. Həm də o səbəbdən ki, 1990-cı illərdə əgər, neft-qaz sektoru cəlbedici sayılırdısa, indi turizm, xidmət, yüksək texnologiyalar və sənaye parklarının yaradılması məsələləri diqqət tələb edir.

İqtisadiyyata qoyulan investisiyaların həcmində özəl sektorun payına gəldikdə isə, daxili investisiyaların çox hissəsi (70,7 %) dövlət müəssisələri və təşkilatlarının, 29,3 % isə özəl müəssisələrin payına düşür. Yəni, əsas hissə dövlət investisiyasına məxsusdur. Real vəziyyət isə göstərir ki, ölkədə rəqabətin təşkili, iqtisadiyyatın şaxələndirilməsi, insan kapitalının yaxşılaşdırılması, yeni iqtisadi artım mənbələrinin yaradılması üçün sahibkarlıq fəaliyyəti genişləndirilməli və özəl sektor daha çox və geniş şəkildə investisiyalar yatırmalıdır.

Bunun üçün isə ölkədə yerli qeyri-dövlət sərmayəçilərinin mənafeyi daha yaxşı qorunmalı və onlara bizcə, vergi-gömrük rüsumları sarldan xüsusi əlavə güzəştlər verilməlidir. Belə ki, istehsal və digər yüksək əməktutumlu obyektlərin tikintisi - kimya, metallurgiya və energetika, maşınqayırma və tikinti materiallarının istehsalı sahələri xarici investorlara açıq elan edilməlidirsə, yeyinti və yüngül sənaye, o cümlədən kənd təsərrüfatı tamamilə yerli sərmayədarların öhdəsinə buraxılmalıdır.

Çünki dünya bazarlarına geniş çeşiddə və yüksək rəqabət qabiliyyətli məhsullar ilə ancaq bu yolla və onlar vasitəsilə çıxa bilərik. Cari ilin "Sənaye ili" elan edilməsi də bizdən məhz bunu tələb edir.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti