“Mübariz postu”na bayrağımızı sancan mayor: “Mənim üçün şərəfli gün idi”
Zabitimizin sözlərinə görə,“Mübariz postu”na Azərbaycan bayrağının sancılması şərəfli gün kimi tarixə düşəcək: “2016-ci ilin Aprel döyüşlərində mən o postda yaralanmışdım. Vətən Müharibəsində qismət oldu ki, Milli Qəhrəmanımızın düşmənə ağır zərbə vurduğu posta bayrağı sancım. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın torpaqlarının erməni tapdağından azad edilməsi qürurverici haldır və xalqımızı qələbə münasibətilə təbrik edirəm”.
R.Musayev bildirib ki, Azərbaycan Ordusunun qətiyyəti və əzmi sayəsində düşmən darmadağın edilib.
“Sentyabrın 27-dən sona qədər döyüşlərdə oldum. Bir cümlə ilə deyim ki, bu qələbə ilə Azərbaycan xalqı və Azərbaycan Ordusu tarix kitablarına düşəcək. Millətimizin dəstəyi yüksək səviyyədə oldu, Ordumuzun gücünü bütün dünya gördü, əsgərlərimizin, xalqımızın necə əzmkarlıqla vuruşmağını, yaralılarımızın yenidən cəbhəyə qayıtmasını hamı gördü. Bu, təbii ki yüksək nəticədir. Həkimlərimiz sağ olsun ki, bizə dəstək oldu. Bu tarixə qızıl hərflərlə yazılan bir dövrdür.
Bizim azad etdiyimiz Azərbaycan torpaqlarıdır. Biz öz haqqımızı aldıq. Ona görə də hər kəs böyük ruh yüksəkliyi göstərirdi. Əsgərlərimiz son nəfəsinə kimi vuruşmağa can atırdı və biz istədiyimizə nail olduq.
Hər kəndin, qəsəbənin azad edilməsində əsgərlərin keçirdiyi hissləri, duyğuları dillə demək olmur. Həmin anı yaşamaq başqa bir şeydir. Bunu izah etmək mümkün deyil. Həmin an insana daha çox güc, ruh verir”, - deyə mayor Musayev qeyd edib.
Aytən Zəhra
Azvision.az
Teqlər: Vətən-Müharibəsi Qələbə Mübariz-postu Bayraq