Azərbaycanda kimlərin pensiyası artacaq?

Azərbaycanda kimlərin pensiyası artacaq?
  08 Fevral 2014    Oxunub:3496
Prezident İlham Əliyev bir neçə gün öncə əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalayıb. Ölkə başçısının sərəncamında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) tapşırılıb ki, ötən il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2014-cü ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin edilsin.

Əmək pensiyalarının sığorta hissəsinin artırılması və bunun pensiyaçılara necə təsir edəcəyini iqtisadçı Vüqar Bayramlı şərh edib.

Ekspert AzVision.az-a açıqlamasında prezidentin sərəncamına əsasən, kimlərin pensiyalarının artırıldığını izah edib. O, bildirib ki, əmək pensiyası üç hissədən ibarət olur. Bunlardan biri də vətəndaşların sosial sığorta ödənişləri hesabına formalaşn sığorta hissəsidir:

“Əmək pensiyası 3 hissədən ibarətdir. Birinci hissə baza hissədir ki, bu, dövlət büdcəsi hesabına formalaşır. Hazırda pensiyaların baza hissəsi 100 manatdır. İkinci hissə əmək pensiyalarının sığorta hissəsidir ki, bu, sosial ödənişlər hesabına formalaşır. Bu zaman insanlar öz maaşlarından sosial ödənişlər edirlər və həmin ödənişə uyğun olaraq onların əmək pensiyasının sığorta hissəsi formalaşır. Üçüncü hissə pensiyanın yığıma yönəldilən hissədir. Vətəndaşlar həm sosial vergi ödəyir, həm də gələcəkdə daha çox pensiya almaq üçün öz vəsaiti hesabına öz pensiyası üçün əlavə yığım formalaşdırır. Bu da gələcəkdə onun daha çox pensiya almasına gətirib çıxarır”.

V.Bayramovun sözlərinə görə, əmək pensiyası almaq üçün mövcud qanunvericiliyə əsasən, pensiya yaşı çatmış vətəndaşın ən azı 12 il iş stajına malik olması tələb olunur. Bu o deməkdir ki, vətəndaş ən azı 12 il sosial vergi ödəməlidir ki, əmək pensiyası ala bilsin.

İqtisadçı deyir ki, Azərbaycanda pensiyanın sığorta hissəsi indeksasiya edilir. Bunda isə məqsəd pensiyanın sığorta hissəsini inflyasiyadan qorumaqdır: “Mövcud qanunvericiliyə əsasən pensiyalar inflyasiya göstəricilərinə əsasən, indeksasiya edilir ki, pensiyanın sığorta hissəsi inflasiyadan qorunsun.

Statsitika komitəsinin məlumatına görə, 2013-cü ildə inlfyasiya 2.4% olub. Bir sözlə, əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi o deməkdir ki, sığorta hissəsinin üzərinə 2.4 % əlavə olunur. Pensiyanın məbləğindən asılı olaraq hər bir sığorta hissəsinin üzərinə 2.4% əlavə olunur ki, bu da sığorta hissəsini inflyasiyadan qoruyur. Əmək pensiyası alan vətəndaşların pensiyası artmış sayılır. Çünki sığorta hissəsinə əlavə olunanda bu, ümumi məbləği də artırır.

Ekspert vurğulayıb ki, Azərbaycan MDB ölkələri arasında pensiyanın sığorta hissəsini indeksasiya edən ilk dövlətdir.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti