Erməni komandir əsgərlərini “ət maşınına” atıb qaçdı

  24 Noyabr 2020    Oxunub : 11002
Erməni komandir əsgərlərini “ət maşınına” atıb qaçdı
Ermənistan mətbuatı müharibə zamanı ordudakı dərəbəyliklə bağlı məqalə dərc edib.
Azvision.az xəbər verir ki, "Hrapark" qəzetində yayımlanan məqalədə itkin düşən hərbçilərin yaxınlarının dəhşətli və ifşaedici açıqlamaları yer alıb.

Döyüşlərə qatılan radiasiya, kimya qoşunlarının müqaviləli hərbi qulluqçularının qohumları oktyabrın 20-dən bəri hərbçilərdən xəbər ala bilmirlər. Əsgərlərin bir qisminin ailə üzvləri ilə son telefon danışığı həmin gün baş tutub. Armen Badeyanın həyat yoldaşı Suzi Qukasyan 21 oktyabr gecəsi hərbi birliyin döyüşə qatılacağını eşidib. Əlbəttə ki, onun əri təfərrüatları açıqlamayıb. Qukasyan təfərrüatları sonralar hərbi qrupun indi Ermənistanda olan digər üzvlərindən öyrənib. Qadının deməsinə görə, dəstənin hərəkət istiqaməti Zəngilanda bloklanıb. Əməliyyatdan əvvəl kəşfiyyat onlara ərazidə bir neçə türkün (azərbaycanlı-red.) olduğunu və gecə hərəkət edəcəklərini söyləyib. Onlar da təlimata uyğun gediblər. Ancaq lazım olan əraziyə çatmadan hərbi dillə desək “ətçəkən maşına” düşüblər. Beləcə komandir və müavinləri qaçıblar. Yoldaşım orada qalan yeganə zabit olub və o əsgərləri ilə döyüşüb. Hələ ərindən heç bir məlumatı olmayan Qukasyan "Sağ qalanlardan öyrəndiyim bu qədərdir" deyib.

Nəşr yazır ki, Şavarş Avdalyan da "kimyaçılar" hərbi qrupunda olub. Şavarşın qardaşı Karen isə digərləri kimi yaxınından xəbərsizdir. O, qardaşının və digər qrupda olan hərbçilərin əsas işinin döyüşmək olmadığı halda, "kimyaçılar" bölməsinin döyüş əməliyyatlarına cəlb edilməsini müəmmalı hal adlandırıb.

"O əsgərlərin zirehli gödəkçə və dəbilqələri belə olmayıb. Pulemyotun dörd darağı olub. Heç ehtiyat nəqliyyat da verməyiblər və bölük gedəcəyi yerə çatmayıb. Kəşfiyyat o qədər pis işləyib ki, bir nöqtədən digərinə keçmək əvəzinə ortada azərbaycanlıların əlinə düşüblər".

"Kimyaçılar" dəstəsi döyüş tapşırığını yerinə yetirmək üçün avtobusla gedib. Qardaşını axtaran Karen, niyə hərbi maşınlarla yox, adi, hərbi təyinatı olmayan avtobusla göndərilməsindən təəccübünü gizlətməyib.

Digər itkin qardaşı və ailəsinin axtardığı Ruben Aleksanyandır. İtkin əsgərin bacısı Siranuş deyir ki, Müdafiə Nazirliyi kimya bölməsinin əsgərlərinin Qafan hərbi hissəsindən Zəngilana köçürüldüyünü eşidəndə heyrətə gəlib. Siranuşun sözlərinə görə, Müdafiə Nazirliyi yerdəyişmə əmrini kimin verməsini bilmir. İtkin düşən Samvel Piroyanın anası Sofya Qalstyan isə daha böyük müəmma ilə üz-üzə qalıb. Belə ki, təxminən bir həftə əvvəl oğluna zəng edib və ona bir qadın cavab verib: "Bir qadın “alo" dedi və telefonu söndürdü. Bundan sonra əlçatmaz oldu. İndi oğlumun sağ olub-olmadığını söyləyən birini axtarıram".

Qısası, məlum kimya hərbi qrupunun 30-dan çox əsgərinin və zabitinin taleyi bir aydır ki, məlum deyil. İtkin düşmüş hərbi qulluqçuların qohumları komandirin gərəksiz davranışından hiddətləniblər. Komandirin döyüş zamanı əsgərlərini atıb qaçması bəs deyil, o hələ bir kömək üçün geri də qayıtmayıb. "Zəngilandan Qafana 45 dəqiqəlik yol var. Öz canının xilas etmiş fərari komandir bir qrup hərbçini Qafanda toplayıb geri qayıda bilərdi. Ancaq bunu etmədi", - deyə itkin düşmüş əsgər Şavarş Avdalyanın qardaşı bildirib.

Zabit Armen Badeyanın həyat yoldaşı isə mühasirəyə düşmüş bölüyün hərbçilərindən zəng vuran, düşdükləri yer barədə hərbi rəhbərliyə məlumat verən və kömək istəyənlərin olduğunu söyləyib: "Təsəvvür edirsinizmi ki, orada sağ qalanlar olub və kömək üçün heç nə etməyiblər? Canını qurtaran komandir qurbanların kim olduğunu belə bilmir…”.

Nəşr daha sonra yazıb ki, itkin düşmüş hərbi qulluqçuların valideynləri, yaxınları xilas olan komandirlə görüşə bilmirlər․ Hətta məlum Kimya işləri üzrə hərbi hissə komandiri tərəfindən də qəbul edilmirlər. Yalnız hərbi hissənin keçmiş komandiri Yura Danielyan valideynləri dinləyib.

Tural Tağıyev
Azvision.az

Teqlər: Ermənistan   Etiraz   Əsgər