“Le Monde” Kəlbəcərin azad edilməsindən yazdı

“Le Monde” Kəlbəcərin azad edilməsindən yazdı
  25 Noyabr 2020    Oxunub:2321
Fransanın məşhur “Le Monde” qəzeti Kəlbəcər rayonunun Azərbaycana qaytarılması barədə yazıb. Yazıda qeyd olunur ki, Azərbaycan ordusu oktyabrın 24-dən 25-nə keçən gecə Kəlbəcər üzərində nəzarəti ələ keçirib.
Məqalədə vurğulanır ki, Kəlbəcər, hərbi əməliyyatların dayandırılması barədə imzalanan atəşkəs razılaşması nəticəsində Ermənistan tərəfinin Azərbaycana geri qaytarmalı olduğu üç rayondan ikincisidir. Həmçinin, atəşkəs barədə razılığa əsasən Kəlbəcər rayonunun 15 noyabrda qaytarılmalı olduğu, lakin humanitar səbəblərdən 25 noyabra qədər ermənilərə vaxt verildiyi də qeyd olunub:

«Ermənistan atəşkəslə bağlı sənədi imzalayaraq 1990-cı illərdə birinci Qarabağ müharibəsi zamanı işğal olunan Dağlıq-Qarabağ ətrafındakı 3 rayonu - Ağdam, Kəlbəcər, Laçın - geri qaytarmağı qəbul etdi. Kəlbəcər rayonu bu günə qədər, 20 noyabrda qaytarılan Ağdam və dekabrın 1-nə qədər təhvil verilməli olan Laçın kimi Dağlıq-Qarabağ ətrafında bufer zona rolunu oynayıb. Digər 4 rayon isə Azərbacan tərəfindən hərbi yolla geri qaytarılıb».

Yazıda həmçinin “France-Presse” agentliyinin (AFP) jurnalistlərinin Kəlbəcərdə buranı tərk edən ermənilərin evləri yandırdıqlarının, ağacları qırdıqlarının, elektrik xəttlərini sökərək özləri ilə aparmalarının, hətta su elektrik bəndinin hissələrini yük maşınına yükləyərək aparmaqlarının şahidi olduğu deyilir.

Bununla yanaşı, yazıda birinci Qarabağ müharibəsinin sonlarında, 1994-cü ildə azərbaycanlı əhalinin öz yaşadıqları əraziləri tərk etmək məcburiyyətində qaldıqları vurğulanır. Həmçinin, atəşkəs razılaşmasının Ermənistanda müxalifətin etirazı ilə qarşılandığı və paytaxt İrəvanda baş nazirə qarşı mitinqlərin keçirildiyi də qeyd olunur.

Azvision.az


Teqlər: Le-Monde   Kəlbəcər  





Xəbər lenti