Qərəzli qətnaməyə səs verməyən fransız senator kimdir?

Qərəzli qətnaməyə səs verməyən fransız senator kimdir?
  26 Noyabr 2020    Oxunub:11323
Ötən gün Fransa Senatı səs çoxluğu ilə hökumətdən qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa çağıran qərəzli qətnamə qəbul edib.
Azvision.az xəbər verir ki, Senatın 305 üzvündən 304-ü qətnamənin lehinə səs verib. Lakin bir senator buna etiraz edib. Həmin senator Silvi Qo-Şavendir. Xanım siyasətçi Senatın Fransa-Türkiyə dostluq qrupunun üzvü və Fransa-Azərbaycan dostluq qrupunun sədr müavinidir, Fransanın bu ölkələrlə əlaqələrinin inkişafına tərəfdardır.

O, 2013-cü ilin oktyabrında prezident seçkiləri zamanı müşahidəçi qismində Azərbaycana səfər edib. Həmin il fransalı senatorlar Kristian Nemi və Mohamed Salehi ilə Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.



Silvi Qo-Şaven 23 may 1963-cü ildə Fransanın O-de-Frans regionunda yerləşən Dünkerk şəhərində anadan olub. 57 yaşlı Fransız siyasətçi, Senatın üzvü olmaqla yanaşı “Radikal Partiya”nın nümayəndəsi və Kerdon şəhərinin meridir.



2012-ci ildə Qua Şaven parlament nümayəndə heyətinin tərkibində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilib. Prezident İlham Əliyev xanım siyasətçiyə Fransa Senatında “Qanunla tanınmış soyqırımların mövcudluğunun təkzib edilməsi üçün cəza nəzərdə tutan qanun”un müzakirələri zamanı sərgilədiyi ədalətli mövqeyə görə təşəkkür edib.



2016-cı ilin aprel ayında Silvi Qo-Şaven erməni təxribatları ilə bağlı bəyanat yayaraq, Ermənistanın Azərbaycanın mülki əhalisinə və ərazilərinə qarşı təcavüzünü ən sərt şəkildə qınayıb və Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ və ətrafındakı yeddi rayonu qanunsuz olaraq işğal etdiyini xatırladıb.



O zaman, xanım siyasətçi Ermənistanı təxribatlarını dayandırmağa və beynəlxalq hüquqa hörmət etməyə, silahlı qüvvələrinin geri çəkilməsinə dair BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə çağırıb: “Azərbaycanın mülki əhalisini, nə qadınları, nə də uşaqları ayırd etmədən qətlə yetirən erməni qoşunlarının işğal etdiyi Dağlıq Qarabağ və ətrafındakı rayonlar sabitlik adası, Fransanın iqtisadi tərəfdaşı və terrorla mübarizədə əvəzolunmaz müttəfiq olan Azərbaycan Respublikasına məxsusdur”.

Azvision.az


Teqlər: Fransa   Senat  





Xəbər lenti