“Senatın qətnaməsi nəticəsi bəlli olmayan təklifdir” - Erməni siyasətçi

“Senatın qətnaməsi nəticəsi bəlli olmayan təklifdir” -  Erməni siyasətçi
  26 Noyabr 2020    Oxunub:1821
Erməni siyasətçi, "Milli Gündəm" partiyasının həmtəsisçisi Avetik Çalabyan Fransa Senatında qondarma "Dağlıq Qarabağ Respublikası"nın müstəqilliyinin tanınmasıyla bağlı qəbul edilən qətnaməyə münasibət bildirib.
Azvision.az xəbər verir ki, Çalabyanın fikrincə, Senatın qərarı Fransanın "Dağlıq Qarabağ Respublikası"nı rəsmi tanıması kimi qiymətləndirilməməlidir.

“Bu hökumətə nəticəsi bəlli olmayan bir təklifdir və hələ qarşıda uzun yol var. Hətta Fransa nə vaxtsa "Dağlıq Qarabağ Respublikası"nın müstəqilliyini rəsmən tanısa belə, “Artsax”dakı (Qarabağ-red.) gerçəkliyin bu cür qətnamələrlə deyil, orada formalaşmış hərbi-siyasi qüvvələrin tarazlığı ilə şərtləndirildiyini unutmamalıyıq. 10 noyabrdakı biabırçı razılaşmadan sonra bu tarazlıq bizim heç xeyrimizə olmadı. Ona görə də, indiki Fransa Senatının ermənipərəst qətnaməsini alqışlayıb, məğlubiyyətin nəticələrini aradan qaldırmağa diqqət yetirməliyik.

Realist və etibarlı bir hökumət qurmalıyıq, iqtisadiyyatı bərpa etməliyik, ordunu modernləşdirərək onu gələcək müharibələrə hazırlamalıyıq, diplomatik münasibətlərə də əl gəzdirməliyik. Belə olsa, bəlkə də real güc tarazlığı yaxın gələcəkdə bizim xeyrimizə dəyişəcək. Fransa Senatının və bənzərlərinin qərarları vəziyyəti xeyrimizə çevirmək üçün hüquqi əsas olacaq. O vaxta qədər hamımıza iradə və dözüm diləyirəm”, - erməni siyasətçi Fransanın mövqeyinin münaqişəni yenidən qızışdırmağa yönəldiyini dolayısı ilə etiraf edib.

Tural Tağıyev
Azvision.az



Teqlər: Çalabyan   Senat   Fransa  





Xəbər lenti