“Qarabağın məşhur müəllimləri” - Famil Mehdi
Fəal pedaqoji işlə məşğul olan Famil Mehdi Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsində müəllim, baş müəllim olub, jurnalistika fakültəsində jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri vəzifəsində işləyib. Ali məktəb tələbələri üçün “Jurnalistika məsələləri” dərsliyinin müəlliflərindən biridir.
Şair, filologiya elmləri doktoru, professor Famil Mehdi ömrünün təxminən 50 ilini xalqına və elmin, sənətin inkişafına sərf edib. Onun səsi auditoriyalardan, ciddi diskussiyalar aparılan elmi-nəzəri konfranslardan, ziyalılarla, adi insanlarla, əsgərlərlə görüşlərdən, dövrün nəbzi döyünən, xalqın taleyi həll olunan tribunalardan gəlirdi.
Famil Mehdi şeirlərini tərcümeyi-halı kimi qələmə verirdi: “Şeirlərim mənim inamımdır, mübarizəmdir, məğrurluğumdur, hünərimdir, canıyayanlığmdır, həm də qorxaqlığımdır, zəifliyimdir, arxasızlığımdır, kimsəsizliyimdir”.
Hər zaman iradəli olmağı tövsiyə edən Famil Mehdinin fikrincə, insan prinsipiallıq göstərsə, özündə cəsarət tapsa, hətta ölümə qalib gələ bilər.
Xatırladaq ki, “Qarabağın məşhur müəllimləri” layihəsi çərçivəsində Qarabağda doğulan və vaxtilə pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi müzəffər Azərbaycan Ordusunun qələbəsinə sevindiyimiz bu günlərdə Qarabağın məşhur müəllimlərini yad etməkdir.
Azvision.az
Teqlər: FamilMehdi