"Senatın qəbul etdiyi qətnamə ilə itirən Fransa özü olacaq" - Səfir

   "Senatın qəbul etdiyi qətnamə ilə itirən Fransa özü olacaq" -    Səfir
  27 Noyabr 2020    Oxunub:1386
Fransa Senatının “Dağlıq Qarabağ respublikası”nın tanınmasına dair qətnamə təklifi”nin səsə qoyulması ilə bağlı dinləmələr keçirilib. Senatda Azərbaycanın və Ermənistanın Fransadakı səfirləri ayrı-ayrılıqda dinlənilib.
Dinləmələr Senatın xarici işlər, müdafiə və silahlı qüvvələr komissiyasının rəhbəri Kristian Kambonun sədrliyi ilə keçirilib.

Çıxışında R.Mustafayev müharibə müddətində Fransada siyasi və mətbuat sahəsində saxta və səhv məlumatların verilməsindən təəssüfləndiyini bildirib. O, Senatda qətnamə təklifi hazırlananda birtərəfli məlumatla kifayətlənməyin düzgün olmadığını, mətbuatın qərəzli məlumatlar dərc etdiyini bildirib. Hətta mətbuatda cavab hüququndan istifadəyə imkan verilmədiyini qeyd edib.

Səfir Senata təqdim edilmiş qətnamə təklifinin bəzi məqamlarına toxunub, göstərilən məlumatların səhv olduğunu bildirib. O, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnaməni xatırladıb, həmin qətnamələrin Dağlıq Qarabağın və onun ətrafındakı 7 rayonun Azərbaycan torpaqları olduğunu və bu torpaqların erməni silahlı qüvvələri tərəfindən işğal edildiyini tanıdığını bildirib. O, həmçinin qətnamələrin erməni silahlı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz bu torpaqlardan çıxmasını tələb etdiyini diqqətə çatdırıb.

Diplomat Azərbaycan tərəfdən heç vaxt “muzdlu” döyüşçülərin olmadığını, Azərbaycan Prezidentinin də bildirdiyi kimi, ölkəmizin 100 minlik ordusunun olduğunu qeyd edib. O əlavə edib ki, muzdlularla bağlı iddia edənlər sübut göstərməli, əks təqdirdə Azərbaycan xalqından üzr istəməlidirlər. Fransa tərəfi də bu iddianı etsə də heç bir sübut göstərə bilmədi. Ancaq Azərbaycan tərəfi Ermənistan silahlı qüvvələrində muzdluların olmasını faktlarla sübut edib. Onların kimliyini, mobil nömrələrini, mənşə ölkələrini əks etdirən siyahı hazırlanıb.

Səfir Azərbaycanın çoxmədəniyyətli, çoxkonfessiyalı bir ölkə olduğunu vurğulayaraq, işğaldan əvvəl Qarabağda çoxsaylı etnik qrupların nümayəndələrinin yaşadıqlarını diqqətə çatdırıb. Ancaq işğaldan sonra ermənilər bölgədə etnik təmizləmə aparıb və həmin vaxtdan bu bölgədə yalnız ermənilər yaşayıb.

Diplomat müharibə zamanı Ermənistanın hücumları nəticəsində mülki azərbaycanlı əhalinin həlak olduğunu da qeyd edib. Bildirib Ermənistan Azərbaycanın Qarabağdan uzaqda yerləşən şəhərlərində yaşayış məhəllələrini hədəfə alıb. Gəncə, Tərtər, Bərdə şəhərlərini hədəfə alan Ermənistanın qadağan olunmuş silahlardan istifadə edib. Bu silahlardan istifadə Ermənistan rəhbərliyinin mülki əhalini məqsədli şəkildə hədəfə aldığını təsdiqləyir. Azərbaycan isə yalnız hərbi obyektləri hədəfə alırdı.

Səfir bildirib ki, Fransa qərəzli mövqeyi ilə Azərbaycanda ona olan etibarı itirib.

Diplomat Ermənistanın Azərbaycana qarşı təxribatçı addımları barədə ətraflı məlumat verib, onun münaqişənin sülh yolu ilə həllində heç vaxt maraqlı olmadığını vurğulayıb.

Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı suala cavabında səfir deyib ki, Türkiyə Azərbaycana yalnız siyasi və mənəvi dəstək verib.

Müharibə cinayətləri ilə bağlı bildirilib ki, Azərbaycan bu cinayətlərin təhqiq edilməsində daha çox maraqlıdır. Ermənilər işğal etdikləri ərazilərdə bütün dini abidələri, məscidləri dağıdıblar, tövləyə çeviriblər. Ermənistan tərəfindən bölgədə erməniləşdirmə siyasəti aparılıb.

Səfir deyib ki, Senatda qəbul edilən qətnamə ilə Azərbaycan heç nə itirməyəcək, itirən Fransa özü olacaq. Belə bir addımı atmaq əvəzinə regionun inkişafına, tərəqqisinə, sabitliyinə töhfə vermək lazımdır.

Azvision.az



Teqlər: Fransa   Senat  





Xəbər lenti