BMT iranlı nüvə aliminin qətlinə münasibət bildirib

 BMT iranlı nüvə aliminin qətlinə münasibət bildirib
  28 Noyabr 2020    Oxunub:2043
BMT iranlı nüvə alimi Möhsün Fəxrizadənin qətli ilə bağlı vəziyyəti şərh edib.
Azvision.az xəbər verir ki, təşkilatın baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Haq bölgədəki vəziyyətin gərginləşməsinə səbəb ola biləcək addımların qarşısını almaq üçün təmkin nümayiş etdirməyə çağırıb.

Bundan əvvəl İran Müdafiə Nazirliyi nüvə fizikası üzrə alim Möhsün Fəxrizadənin öldürüldüyünü bəyan edib.

27 noyabr tarixində günortadan sonra silahlı şəxslər alimə hücum ediblər. Onun mühafizə xidməti ilə silahlılar arasında baş verən qarşıdurmada alim ağır yaralanıb, daha sonra xəstəxanada dünyasını dəyişib.

İranın Müdafiə Nazirliyi hadisəni terror hücumu adlandırıb. İslam Respublikasının ali liderinin müşaviri Hüseyin Dehqa Fəhrizadənin qatillərinin cavab verəcəyini vəd edib.

İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif isə qətldə İsrailin iştirakını iddia edib. O, beynəlxalq ictimaiyyəti və xüsusən də Avropa Birliyini ikili standartlar siyasətinə son qoymağa və "dövlət terrorizmi" aktını qınamağa çağırıb.

İsrail Baş nazirinin ofisi İran rəhbərliyinin iddialarına münasibət bildirməkdən imtina edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: BMT  





Xəbər lenti