“Azərbaycan əsgərlərinə qarşı tab gətirə bilməzdik” - Erməni döyüşçülər

  28 Noyabr 2020    Oxunub : 11037
 “Azərbaycan əsgərlərinə qarşı tab gətirə bilməzdik” -  Erməni döyüşçülər
Rusiya mətbuatında İkinci Qarabağ müharibəsindən sonra erməni könüllülərin müharibə təəssüratları ilə bağlı reportaj dərc edilib.

Azvision.az xəbər verir ki, məğlub erməni döyüşçüləri Azərbaycan Ordusunda vuruşmuş hərbçilərin filmləri xatırladan qəhrəmanlıqlarını etiraf ediblər.
Reportajdan bəzi məqamları təqdim edirik: “Səngərlərdən çıxan döyüşçülər indi qondarma respublikanın “paytaxt”ının mərkəzində dəstə-dəstə gəzirlər. Hökumət binasının qarşısındakı meydanda sıxlıq müşahidə edilir və dükanlarda çay və qəlyanaltı üçün növbədə dayanan həmin insanların söhbətləri müharibə haqqındadır. Arman Qaranyan adlı saqqallı bir erməni bizimlə söhbətində deyib ki, iki qardaşı ilə könüllü şəkildə müharibəyə qatılıb. O, iki qızı ilə Moskvada yaşayırmış və döyüş əməliyyatlarının ikinci günündə buraya gəliblər".



Əvvəlcə şimal istiqamətində döyüşdüyünü deyən Qaranyan sonradan xidmət etdiyi bölüyün Şuşaya köçürüldüyünü bildirib:

“Həqiqi kabusun nə olduğunu orada anladım. Qarşı tərəfdə daha çox döyüşçü var idi. Onlar dalğalı şəkildə hücuma keçirdilər. Bir dalğa ilə mübarizə aparırdın, geri çəkilirdilər, amma digər dalğa hücuma keçirdi. Ancaq bu müharibədə ən dəhşətli şey əlində yalnız “kalaşnikov” olduğu halda, sənə doğru PUA-ların uçması idi. Yəqin ki, məni xilas edən döyüş yoldaşlarımla minik maşınında hərəkət etməyimiz oldu. Çünki PUA-lar əsasən hərbi yük maşınlarını nişan alırdılar. Bu cür zərbələrdən xeyli sayda qardaşlarımız öldü".

Reportajda, həmçinin qeyd edilir ki, könüllülər döyüşlərdə məhz Türkiyə və İsrail istehsalı olan PUA-ların Azərbaycan Ordusuna xüsusi üstünlük verdiyini deyib:

“Onları nə görmək olurdu, nə də eşitmək. Heç onlardan canını qurtarmaq da mümkün deyildi. Əgər dron səni nişana aldısa, heç bir şansın qalmırdı... Hədəfə yaxınlaşanda güclü vızltı səsi çıxarır və bir neçə saniyəniz olur ki, səngərdə gizlənə biləsiniz. Lakin könüllülər özlərini göydən gələn bu təhlükədən qismən də olsa qorumaq üçün bir üsul düşündülər. Onlar yüzlərlə avtomobil təkərlərini yandırdılar ki, PUA-ların həssas termal kameralarını yanıltsınlar”.



Artileriyaçı Narek Caninyanın da təəssüratları diqqət çəkir. O, gördüklərini rus jurnalistə belə nəql edib: “Bizə komanda verənlər birinci Qarabağ savaşının iştirakçıları idi. Məndən hədəfə qədər olan məsafəni və onun koordinatlarını təyin etmək tələb edilirdi. Amma məndə belə bir təəssürat yaranmışdı ki, biz dəniz dalğasına atəş açırdıq. 400 nəfərlik kalonun gəldiyini görürdük. Artileriya atəş açırdı, onlar səpələnirdi, kalonun arxası ilə ikiqat çox hərbçi gəlirdi...”

Narek də digər könüllü kimi azərbaycanlıların dayanmadan dalğalı şəkildə hücum etdiklərini təsdiqləyib.

Daha sonra Andrey Nalbanzyan Azərbaycanın igid hərbçilərinin ölümdən qorxmadığını etiraf edib: “Təsəvvür edin ki, pulemyotla düşmən əsgərlərinin çiynindən vururduq, amma onlar bunu hiss eləmirdilər, terminator kimi irəli addımlayıb hücuma ara vermirdilər...".

Ermənistan ordusunun acizliyindən söz açan Nalbanzyan özlərinin halına da acıyıb: “Əsgər və könüllülərimizin hamısı köhnə avtomatlarla silahlanmışdılar. Çoxunun heç zirehli jileti yox idi. Əlbəttə ki, belə bir gücə qarşı tab gətirə bilməzdik. Biz müharibəni uduzduq”.

Tural Tağıyev
Azvision.az

Teqlər: Könüllü   Qarabağ   Azərbaycan-əsgəri