Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı

  29 Noyabr 2020    Oxunub : 3371
 Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
"Ermənistan Qarabağ müharibəsindən sonrakı böhrandan birgə iş və növbədənkənar seçkilərlə çıxa bilər".
Azvision.az xəbər verir ki, bunu Ermənistan prezidenti Armen Sarkisyan Moskvaya özəl səfəri zamanı Rusiyanın erməni icmasının nümayəndələri ilə görüşdə deyib.

Sarkisyan bildirib: "Ağır duyğular təkcə Ermənistan sakinlərinin deyil, bütün dünyadakı ermənilərin qəlbini sarıb. Buna görə də bir-birimizi “ağ-qaralar”a bölməyi dayandırmalı, səhvlərdən dərs çıxarmalı və hamının qürur duyacağı bir ölkə, eyni zamanda qalib gələcək bir ordu yaratmalıyıq".

Bundan əlavə, Ermənistan prezidenti bütün cəbhələrdə uduzduqlarını etiraf edib: "Müharibə informasiya cəbhəsində də uduzuldu. İndi bu cəbhədə Ermənistanın müxtəlif qüvvələri birlikdə hərəkət etmək əvəzinə bir-birlərinə qarşı mübarizə aparırlar.

Son illər ərzində Azərbaycan silahlanmaya böyük məbləğlər xərcləyirdi, Ermənistan isə 90-cı illərin ortalarındakı düşüncələrlə yaşayırdı. Bir daha uduzmamaq üçün yüksək texnologiya və təhsillə məşğul olmaq lazımdır".

Ermənilərdən gürcü və azərbaycanlılara qarşı təxribat
Armen Sarkisyan məğlubiyyətdən sonra hökumətin istefaya getməli olduğunu bəyan edib: "Belə faciənin baş verdiyi hər bir ölkədə hökumət getməlidir. Güclü siyasətçi qayıda bilər. Ancaq indi Ermənistan başqa ölkədir və əvvəlki kimi davam etmək mümkün deyil. Böhrandan mədəni çıxış yolu var: erkən seçkilər və bundan əvvəl xalqın razılığı ilə hökumət qurmaq. Bu, o demək deyil ki, hər partiyanın bir naziri olmalıdır. Əksinə, keçid hökuməti, hətta öz sahələri üzrə mütəxəssislərdən ibarət olan və ümumdünya etimadından istifadə edən bir şəxs tərəfindən qurula bilər. Belə hökumətin seçkilərə qədər altı ay və ya bir il çalışması lazımdır".

Sarkisyan eyni zamanda Konstitusiyada dəyişikliklər edilməsinin lazım olduğunu əlavə edib və prezidentin səlahiyyətləri məsələsinə toxunub. O, qeyd edib ki, yeni konstitusiya əsasında onun potensialından və beynəlxalq əlaqələrindən 5 faiz istifadə edilib, səlahiyyətləri son dərəcə məhdudlaşdırılıb.

Azvision.az

Teqlər: Ermənistan   Paşinyan   Sarkisyan