Rus sülhməramlıları Qarabağda 1000-ə yaxın partlayıcını zərərsizləşdirib

 Rus sülhməramlıları Qarabağda 1000-ə yaxın partlayıcını zərərsizləşdirib
  01 Dekabr 2020    Oxunub:1990
Rusiya sülhməramlı kontingentinin hərbçiləri Qarabağda 10 kilometrə yaxın yolu minalardan təmizləyib, eyni zamanda Laçın dəhlizində minə yaxın partlayıcı maddəni zərərsizləşdirib.

Azvision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Rus sülhməramlıları Laçın dəhlizindəki bir ərazini partlayıcı maddələrdən təmizləyib, döyüş əməliyyatları zamanı məhv edilmiş yüksək gərginlikli elektrik xəttini bərpa etmək üçün təmir briqadasının işinin təhlükəsizliyini təmin edib.

Ümumilikdə, Dağlıq Qarabağda aparılan sülhməramlı əməliyyat zamanı mühəndis bölmələri 29 hektardan çox ərazini və 10 kilometrə yaxın yolu təmizləyib, 100-dən çox evi və sosial əhəmiyyətli obyektləri yoxlayıb, 1000-ə yaxın partlayıcı maddə aşkar edərək zərərsizləşdirib”, - deyə məlumatda vurğulanıb.

Qeyd edilib ki, aşkar edilmiş partlayıcı maddələr, eləcə də atılmış və ya istifadə olunmamış sursatlar xüsusi poliqona aparılaraq məhv edilib. İstehkamçılar evakuasiya edilə bilməyən döyüş sursatlarını yerində partladıblar.

Məlumata görə, Rusiya sülhməramlıları elektrik, qaz, rabitə xətlərinin və transformator yarımstansiyalarının bərpası ilə bağlı işlərin təhlükəsizliyini də təmin edir. Ötən gün ərzində üç elektrik ötürücü qüllə, 1,2 min metr qaz kəməri, 1,5 mindən çox rabitə xətti, iki transformator yarımstansiyası bərpa edilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağ   Sülhməramlı  





Xəbər lenti