Ermənistan prezidenti polisi Paşinyan əleyhinə mitinqə müdaxilə etməməyə çağırdı

 Ermənistan prezidenti polisi Paşinyan əleyhinə mitinqə müdaxilə etməməyə çağırdı
  05 Dekabr 2020    Oxunub:1931
Ermənistan müharibədən sonra dərin böhran içindədir və hər bir vətəndaş bu vəziyyətdən çıxmaq üçün səy göstərməlidir.
Azvision.az xəbər verir ki, bunu Ermənistan prezidenti Armen Sarkisyan deyib. Onun sözlərinə görə, hər bir vətəndaş özünü ifadə etmək, narazılığını bildirmək və Qarabağdakı hərbi əməliyyatlar nəticəsində ərazi və insan itkiləri barədə hakimiyyətdən açıqlamalar tələb etmək hüququna malikdir.

"Hökumət 2018-ci ilin ictimai əhval-ruhiyyəsi ilə hərəkət edə bilməz. Bu gün reallıq tamamilə fərqlidir. Bu gərgin və çətin günlərdə hər birimiz qanuna uyğun hərəkət etməliyik".

Ermənistan prezidenti, həmçinin ölkənin hüquq-mühafizə orqanlarına müraciət edib. O, ictimai qaydanın qorunmasının vacibliyini qeyd edərək bildirib ki, şəhərin küçələrində onların həmvətənləri, eyni zamanda son vaxtlara qədər "vətənlərini" ön cəbhədə qoruyanlardır. Bu çərçivədə Sarkisyan hər hansı bir zorakılığın, qeyri-mütənasib güc və ya xüsusi vasitələrin istifadəsinin qəbuledilməzliyini vurğulayıb.

Prezident hüquq-mühafizə orqanlarının əməkdaşlarını məsuliyyət və yüksək peşəkarlıq göstərməyə çağırıb: "İndi kritik qərarlara ehtiyacımız var. Bunlar milli razılaşma mühitində qəbul edilməlidir. Tolerantlığı və qarşılıqlı hörməti bərpa etməliyik".

Qeyd edək ki, bu gün saat 15:00-da müxalifətin baş nazir vəzifəsinə namizədi Vazgen Manukyanın çıxış edəcəyi respublika mitinqi planlaşdırılır.

17 müxalifət partiyası Nikol Paşinyanın Qarabağa dair üçtərəfli bəyanatı imzalamasına cavab olaraq 10 noyabrdan bəri İrəvanda mitinqlər keçirir. Müxalifət Paşinyanın istefasını, müvəqqəti Qurtuluş komitəsinin yaradılmasını və bəyanatın bəzi müddəalarında dəyişiklik edilməsini tələb edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Mitinq   Paşinyan  





Xəbər lenti