“90-cı illərdə olduğumuzu etiraf etməliyik” - Keçmiş erməni nazir

 “90-cı illərdə olduğumuzu etiraf etməliyik” -  Keçmiş erməni nazir
  05 Dekabr 2020    Oxunub:2545
Ermənistanın keçmiş iqtisadiyyat naziri Karen Çşmarityan ölkəsinin düşdüyü ağır iqtisadi durumdan çıxış yollarını təqdim edib.
Bir vaxtlar nazir kimi “Ermənistanla “Dağlıq Qarabağ” arasında gömrük məntəqəsi olmayacaq” deyib qürrələnən Çşmarityan indi öz əraziləri kimi gördüyü həmin torpaqların Azərbaycana qaytarılmasından da yanğılı şəkildə söz açıb.

Azvision.az eks-nazirin bəzi fikirlərini təqdim edir:

“Demək olar ki, hamımız narahatıq və həyəcanlıyıq. Biz indi hansı vəziyyətdəyik? Bütün fəlakətli nəticələri ilə itirilmiş Qarabağ var. Təhlükəli və narahat bölgədəyik. Üçtərəfli bəyanatın müddəalarının həyata keçirilməsində erməni tərəfinin müvafiq qurumlarının tam hərəkətsizliyini gördük. Yəni bu fəaliyyətsizlik ilə sübut edilən qabiliyyətsiz və faktiki olaraq ləğv edilmiş Ermənistan hakimiyyəti var... Ermənistanın bəzi sərhəd bölgələrində, Dağlıq Qarabağın bəzi yerlərində azərbaycanlılarla üz-üzə buraxılan ermənilər qaldı.

Yaslarımız, parçalanmış erməni cəmiyyəti, diaspora və s. də mövcuddur. Bundan başqa, vəziyyətin həddindən artıq təhlükəsini və ciddiliyini tam anlamayan ruhdan düşmüş insanlarımız var. Dağılmış sosial, səhiyyə, təhsil və iqtisadi sistemin içindəyik. İnsanların mövcud rejimə inamı kütləvi şəkildə itib. Ən faciəli durumlar isə bunlardır- bir neçə min erməni gəncini itirdik. Təxminən 10 min yaralı, əlil, düşmən tərəfindən əsir götürülmüş, itkin düşmüş oğlanımız var. On minlərlə evsiz və işsiz ailəmiz qalıb. COVID-a görə ölən bir neçə min Ermənistan vətəndaşını da unutmayaq.

Bütün bunlarla yanaşı, gülməli bir reallıqla üz-üzə qalmışıq. Vicdan əzabı çəkmirlər, rüsvayedici məğlubiyyətin əsas səbəbkarları tərəfindən istefalar görmürük. Bunun əvəzində, erməni xalqına qarşı müəyyən ifadələr, ittihamlar, təhdidlər və əsas problemlərimizdən kənara çıxan dedi-qoduları, mənasız bəhanələri görürük...”

Keçmiş nazir deyir ki, müharibədən qaçmaq mümkün imiş. O iddia edib ki, hətta bu müharibə vəziyyətində də uğur qazana bilərlərmiş. Çünki döyüşlərin müəyyən bir dönəmlərində müharibəni Ermənistan üçün daha əlverişli şərtlərlə dayandırmaq üçün şanslar olub:

“Mövcud rejim əməllərindən peşman deyil, könüllü olaraq getmir, üstəlik hərbi vəziyyəti belə ləğv etmir. Bu sadəcə cəfəngiyatdır. Sual edilə bilər ki, artıq indikilərin hakimiyyətdən ayrılacağı qaçılmazdır. Bəs kimlər gələ bilər? Kimlər bu vəziyyətin öhdəsindən gələcək? Dürüst olmalıyıq, hər cəhətdən 90-cı illərdə olduğumuzu etiraf etməliyik. Bu gün ölkəmizi belə bir kabusdan şərəflə çıxaran şəxsiyyətlərimiz var. Bu səbəbdən, müxtəlif boş səbəblərə görə onların imkanlarından istifadə etməmək ölümcül bir tarixi səhv olar”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Ermənistan   Eks-nazir   Qarabağ   Məğlubiyyət  





Xəbər lenti