“Alnında xain damğası olan qorxaqsan” - Sarkisyandan Paşinyana sərt sözlər

  “Alnında xain damğası olan qorxaqsan”  - Sarkisyandan Paşinyana sərt sözlər
  05 Dekabr 2020    Oxunub:7544
Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan baş nazir Nikol Paşinyanı qorxaq və xain adlandırıb.
Azvision.az xəbər verir ki, Paşinyana cavab bəyanatı Sarkisyanın ofisi tərəfindən “Facebook”da yayımlanıb.

“Qarabağ problemi ilə bağlı danışıqlar prosesi barədə kim nə deyirsə, susmalısan, Nikol Paşinyan. Sən, dediyin kimi, danışıqları aparan ölkənin bütün əvvəlki rəhbərlərindən proses barədə ətraflı məlumat almağı lazımsız hesab etdin. Danışıqlar prosesinin mənasını və məqsədini hələ də anlamırsan".

Sarkisyan baş naziri siyasi rəqiblərinə hücum etməkdə və erməni xalqının düşməni qarşısında diz çökməyə hazır olmaqda günahlandırıb:

“Qorxaqlara xas manipulyasiya fəndləri ilə həyasızcasına yalan danışa və tarixi saxtalaşdıra bilərsən, hər şeyi utancverici məğlubiyyətini ört-basdır edəcək və məsuliyyətdən yayınacaq bir şəkildə quraşdıra bilərsən".

Sabiq prezident gələcəkdə bir çox məsələni ətraflı şəkildə izah edəcəyini deyib:

“Sənin kreslonu qorumaq üçün “Artsax” (Qarabağ-red) torpaqlarını təslim edən ləyaqətsiz bir şəkildə məğlubiyyətə uğrayan, alnında xain damğası olan lider kimi tarixə düşəcəyin həqiqətdir. Tarix faktlarla yazılır".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Sarkisyan   Paşinyan  





Xəbər lenti