“Qarabağdakı zəfər Azərbaycana ana südü kimi halaldır” - Ərdoğan

“Qarabağdakı zəfər Azərbaycana ana südü kimi halaldır” -  Ərdoğan
  05 Dekabr 2020    Oxunub:5124
Ermənilər hücum edəndə bütün qəlbimiz və imkanlarımızla qardaşlarımızın yanında olduq.
Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarsda yol açılışı zamanı deyib.

“Qarslılar erməniləri tarixdən yaxşı tanıyır. Dağlıq Qarabağın və işğal altındakı torpaqların azad edilməsinə töhfə verdik. İnşallah, Naxçıvan ilə Azərbaycan arasındakı əlaqəni təmin edəcək dəhlizin açılmasından sonra artıq qardaşlarımızla quru yola sahib olacağıq. Bundan ən çox fayda görəcək yerlərin başında Qars gəlir", - deyə Ərdoğan əlavə edib.

Türkiyə lideri bildirib ki, 30 illik işğala son qoyan Azərbaycan öz torpaqlarına yenidən qovuşmanın sevincini yaşayır:

"Qarabağda qazanılan zəfər həm beynəlxalq hüquq, həm diplomatiya, həm də hərbi baxımdan Azərbaycana ananın ağ südü qədər halaldır. Azərbaycan kimsənin torpağına əl uzatmayıb, kimsəyə hücum etməyib, BMT və ATƏT qərarlarına rəğmən 30 il ərzində işğalda saxlanılan torpaqlarını azad edib. Bunu ermənilər kimi dinc insanları və mülki yaşayış yerlərini hədəf almaqla etməyib".

Ərdoğan, həmçinin Fransa parlamentinin qərəzli qərarına da toxunub və bunu tam bir fəlakət adlandırıb: "Qardaşım İlham Əliyevin dediyi kimi, Fransa erməniləri bu qədər sevirsə, Marselii onlara versin. Hansısa dövlətin digərinin suverenlik haqqına bu dərəcədə alçaqca hücumu qəbuledilməzdir. Fransa bu qərarla çözümün deyil, problemin bir parçası olduğunu, obyektiv olmadığını isbatladı".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: RəcəbTayyibƏrdoğan  





Xəbər lenti