XTQ-nin gəldiyini eşidib Şuşadan inkassator maşınında qaçdı - FOTO

XTQ-nin gəldiyini eşidib Şuşadan inkassator maşınında qaçdı -  FOTO
  05 Dekabr 2020    Oxunub:7659
İkinci Qarabağ Müharibəsinin qızğın vaxtlarında müəmmalı şəkildə vəzifədən uzaqlaşdırılan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Argişti Kərəmyan haqqında sensasion məlumatlar yayılıb.

Azvision.az xəbər verir ki, cəmi 4 ay MTX rəhbəri olmuş Kərəmyanın döyüşlər zamanı gözlənilmədən Qarabağda "komandir" kimi üzə çıxdığı deyilir.
“Mediaport” Kərəmyanla bağı qaranlıq məqamlardan yazıb: “Şuşaya Azərbaycan Ordusunun ilk xüsusi döyüşçü qrupunun daxil olmasından bir neçə saat əvvəl Argişti Kərəmyan “inkassator”(zirehli bank avtomobili-red) maşını ilə şəhəri tərk edib. Etibarlı mənbələrimizin verdiyi məlumata görə, 8 oktyabrda vəzifəsindən azad edilən Argişti Kərəmyan bilinməyən səbəblərdən Qarabağda komandir kimi peyda olub. Hərbi əməliyyatların müzakirəsinə qatılan və polkovnik formasında olan Argiştinin “Müdafiə Ordusu” bunkerinə sərbəst giriş imkanları da olub”.

Erməni mediası iddia edir ki, işdən qovulan MTX direktoru noyabr ayının əvvəlində Şuşanın müdafiə ordusunda rəhbərliyə təyinat alıb və şəhərə köçüb. Separatçıların yeni "müdafiə naziri" Mikayıl Arzumanyan isə hərbi və döyüş təcrübəsi olmayan birinin müharibə vaxtı bu cür məsuliyyətli vəzifəyə təyin edilməsinə etiraz edib. O, separatçıların lideri Arayik Arutyunyana belə təyinatın yolverilməz olduğunu deyib narazılıq edəndə, Arayik bunun Nikol Paşinyanın birbaşa tapşırığı ilə baş verdiyini söyləyib:

“Argişti noyabrın 6-da Azərbaycan Ordusunun xüsusi dəstəsinin Şuşaya daxil olmasından bir neçə saat əvvəl avtomobilinə oturaraq şəhərdən uzaqlaşıb. O deyib ki, artıq Qarabağda üzərinə düşən bütün vəzifələri yerinə yetirdi. Onu da xatırladaq ki, Argiştinin müharibə zamanı mühüm vəzifədən çıxarılmasının səbəbləri barədə rəsmi açıqlama verilməyib. Kərəmyanın adı hələ də bir çox Azərbaycan əsilli İran vətəndaşına erməni pasportu verilməsi ilə bağlı qalmaqallı hadisələrdə hallanır. Hansılar ki, üzə çıxan məlum qalmaqalla əlaqədar bu günə kimi heç bir rəsmi izahat verilməyib...”



Xatırladaq ki, Şuşa uğrunda döyüşlər zamanı rusiyalı jurnalistin lentə aldığı kadrlarda tanklarla bərabər bir neçə "inkassator" maşını da şəhəri tərk edənlər sırasında görünür. Buradan belə qənaətə gəlmək olar ki, erməni mediasının iddia etdiyi kimi keçmiş MTX rəhbərinin şəhərdən zirehli bank avtomobili ilə qaçması xəbəri reallığa uyğundur.



Tural Tağıyev
Azvision.az


Teqlər: Şuşa   Qarabağ   XTQ  





Xəbər lenti