Şuşada şəhid olan “Canavar” ləqəbli dünya çempionu - FOTOLAR

Şuşada şəhid olan “Canavar” ləqəbli dünya çempionu -  FOTOLAR
  07 Dekabr 2020    Oxunub:20574
44 günlük Vətən müharibəsinin qəhrəmanlarından biri Kərəm Veyisovdur. 1998-ci ildə Xaçmaz rayonunda dünyaya göz açan kikboksçu, üçqat dünya çempionu Kərəm Veyisov oktyabrın 1-dən könüllü olaraq ordu sıralarına qoşulub. Şuşa uğrunda döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.
Oğlunun döyüş yolu barədə Azvision.az -a danışan qəhrəmanın anası Nərgiz Veyisova bildirib ki, iyul hadisələrindən sonra Kərəm könüllü olaraq ordu sıralarına yazılıb.

“Onun könüllü yazıldığından xəbərimiz yox idi. Oktyabrın 1-də biz onu yola saldıq və döyüşlərə çavuş manqa komandiri kimi başladı. Kərəm Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlının işğaldan azad olunmasında fəal iştirak edib. Hər dəfə bizimlə telefon söhbətində uğurla döyüşdüklərindən, düşməni necə məhv etdiklərindən danışırdı. Zəngilan, Qubadlı işğaldan azad ediləndə sevincli xəbərləri bizə verdi. Soncu dəfə Şuşa uğrunda döyüşlərə getməmişdən qabaq danışdıq, dedi ki, həlledici döyüş olacaq”.



N.Veyisova daha sonra bildirib ki, Kərəm Şuşanın alınmasında böyük şücaət göstərib və müqəddəs şəhərimizdə üçrəngli bayrağımızın dalğalanmasına şahidlik edib. “Xidmət yoldaşlarının dediyinə görə, müharibənin başa çatmasına saatlar qalarkən düşmən Şuşa şəhərinə mərmi atıb. Mərmi Kərəmin yaxınlığında partlayıb. Nəticədə oğlum şəhid olub. Bir ana kimi oğlumla fəxr edirəm. O, Bayrağını, Vətənini canından çox sevirdi”.



Şəhidin atası Səttar Veyisov isə deyib ki, Kərəm əvvəl Horadizdə olub: “Bir neçə gündən sonra bizimlə əlaqə saxladı, yaralandığını dedi. Lakin sağalandan sonra yenidən döyüşlərə qatılıb. Oğlum zəng edəndə Zəngilan, Qubadlını aldıqlarını deyirdi, döyüşlər barədə sevinclə danışırdı. Döyüş yoldaşları Kərəmi “Canavar” ləqəbilə çağırırdı. Oğlum hər zaman irəli atılırdı, düşməni əlləri ilə boğurdu, əsl qəhrəman kimi vuruşurdu”.



S.Veyisov, həmçinin bildirib ki, oğlu uşaqlıqdan idmana meyilli olub. On bir yaşından kikboksinqlə məşğul olmağa başlayıb: "Dəfələrlə Azərbaycan birinciliyinin, bir sıra nüfuzlu beynəlxalq yarışların, o cümlədən üç dəfə dünya çempionatının qalibi adını qazanıb. Ötən il “Çempion” kikboksinq klubunu yaradaraq məşqçi kimi fəaliyyətə başlamışdı. Oğlum idman yarışlarında da dəfələrlə ermənilərlə üzləşib. Hər dəfə onları qarşısında diz çökdürüb. Mən fəxr edirəm ki, belə igid oğul böyütmüşəm. Allah bütün şəhidlərimizə rəhmət etsin!".



Aytən Zəhra
Azvision.az


Teqlər: Qarabaq   Xaçmaz  





Xəbər lenti