“Qarabağ klanının hakimiyyətə qayıtmaq şansı yoxdur” - Politoloq

 “Qarabağ klanının hakimiyyətə qayıtmaq şansı yoxdur” -  Politoloq
  07 Dekabr 2020    Oxunub:6687
Ermənistanda daxili vəziyyət daha da gərginləşib. Müharibədə uduzaraq kapitulyasiyaya imza atan baş nazir Nikol Paşinyan ölkəsini nəinki iqtisadi, hərbi-siyasi böhrandan da çıxara bilmir.
Xalq “Soros”un oyuncağı dediyi Nikolu rəhbər kimi görmək istəmir, meydanlara axışaraq istefa tələbləri ilə ardıcıl mitinqlər təşkil edir. Artıq ölkəsində məğlubiyyət rəmzinə çevrilmiş Nikol Paşinyana 3 gün vaxt verilib. Müxalifət partiyaları baş naziri yaxın günlərdə hökumətin istefaya getməyəcəyi təqdirdə İrəvanın çalxalanacağı, dövlət çevrilişinin baş verəcəyi ilə hədələyiblər.

Siyasi ekspertlər Ermənistandakı gərginliyin hətta 2018-ci ildəkindən də pik həddə çatdığını deyirlər. Küçələrdən inqilabla hakimiyyətə gəlib Serj Sarkisyanı kürsüdən aşıran Paşinyanın yaxın vaxtlarda eyni aqibətlə üzləşəcəyi qaçılmaz hesab edilir.

Ermənistandakı siyasi böhranı Azvision.az -a şərh edən politoloq Qabil Hüseynli deyib ki, regionda daim gərginlik yaratmaqla ad çıxaran bir ölkənin indi öz daxilində siyasi təlatümlə üz-üzə qalması başa düşüləndir. Stabillik xoşlamayan və arzulamayan erməni siyasi elitası Nikolu da yola sala bilər. Amma bu qiyam yolu ilə real görünmür:

“Həqiqətən son günlərdə Ermənistanda cərəyan edən daxili siyasi proseslər xeyli gərginləşib və özünün pik nöqtəsinə çatıb. Amma belə düşünürəm ki, Nikol Paşinyan öz xoşu ilə hökuməti təhvil verməyəcək. Onu zorla istefaya göndərmək qeyri-legitim olacaq. Xüsusilə, Rusiya hazırda belə situasiyanın yaranmasında elə də maraqlı görünmür. Son zamanlar Vladimir Putin Nikol Paşinyanı müəyyən mənada müdafiə etməyə başlayıb. Görünür o da belə qənaətə gəlib ki, hazırkı baş nazir digər iddiaçılardan daha əlverişlidir. Hətta o, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclasında çıxışı zamanı təşkilat üzvlərini dolayısı ilə Nikolun hökumətinə kömək etməyə çağırdı. Əgər lazım gələrsə, yəni qiyamçı müxalifət hazırkı iqtidarı zor gücü ilə kürsüdən aşırmağa, Paşinyanı yumruqla devirməyə cəhdlər göstərərsə, Ermənistana stabillik yaratmaq üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qoşunları göndərilə bilər. Bu nöqteyi-nəzərdən düşünürəm ki, Paşinyan hələ öz missiyasını bitirməyib və bu ölkədə siyasi böhran davam edəcək”.

Qabil Hüseynli hesab edir ki, müəyyən müddətdən sonra siyasi gərginlik səngiyə bilər. Ermənilər nə qədər haray-qışqırıq salsalar da hakimiyyətin legitim ötürülməsi yalnız Paşinyan vasitəsilə mümkün ola bilər:

“O, Parlament seçkiləri elan edə və beləcə seçkilərdən sonra öz vəzifəsini yeni seçilmiş baş nazirə təhvil verə bilər. Başqa halda, zorakılıq yolu ilə baş verən hadisələr qeyri-legitim hakimiyyət forması sayılacaq. Hazırda bu ölkədə onun yerinə gələ biləcək müəyyən real namizədlərin adları hallanır. 17 siyasi partiyanın namizədi Manukyan göstərilir. Bir qədər kobud və sərt səslənsə də, deyim ki, Manukyan siyasi əclaf kimi xarakterizə edilə bilər. Manukyan daşnak və qatı millətçidir. Belə şəxslərin hakimiyyətə gəlməsi nəinki Azərbaycanla və ya Türkiyə ilə olan münasibətlərə, ümumilikdə regiona müsbət heç nə vəd etmir. Başqa namizədlərə gəldikdə isə, "Qarabağ klanı"nın yenidən hakimiyyətə qayıtmaq şansı yoxdur. Çünki əhali kütləvi şəkildə bu klanı müdafiə etməyəcək. Sadə ermənilər indiki durumlarında, məğlubiyyətlərində "Qarabağ klanı"nın da günahkar olduğunu görür. Belə qənaətə gəlmək olar ki, ortada güclü namizəd olsa belə, Nikol Paşinyan bir neçə ay hakimiyyətdə qala biləcək. Hətta onun baş nazir kimi siyasi ömrü bundan sonra bir il də çəkə bilər”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Siyasi-böhran   Ermənistan   Nikol-Paşinyan   Politoloq   İnqilab  





Xəbər lenti