Maliyyə ayrılacaq QHT-lərin siyahısı hazırdır

  10 Fevral 2014    Oxunub : 1572
Maliyyə ayrılacaq QHT-lərin siyahısı hazırdır
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. İclası açan Şura sədri Azay Quliyev maliyyə yardımı müsabiqəsinin yekunları ilə əlaqədar bir neçə gün davam edən müzakirələrə yekun vurub.
Toplantıda xarici QHT-lərdən Şuraya daxil olan layihələr, Şuranın 2014-cü il fəaliyyət planı, QHT-lərin fəaliyyətinə aid olan qanunvericilik aktlarında edilən dəyişikliklərlə bağlı maarifləndirmə və məlumatlandırma tədbirlərinin həyata keçirilməsi və Şuranın maliyyələşdirdiyi xarici QHT-lərin layihələrinin monitorinqinin təşkili geniş müzakirə edilib.

Şura Katibliyinin icraçı direktoru F.Qurbanov Şuranın elektron məlumat bazasına QHT-lər tərəfindən 484 daxilolmanın qeydə alındığını, onlardan 83-nün təqdim etdiyi sənədlərdə çatışmamazlıqlar aşkarlandığından seleksiyadan keçmədiyini qeyd edib. Elektron bazada müxtəlif QHT-lərdən 61 təkrar daxilolma faktı da qeydə alınıb. 340 təşkilatın layihəsi isə qiymətləndirilmə üçün ekspertizaya göndərilib. Ekspertiza mərhələsində hər layihə iki müstəqil mütəxəssis tərəfindən qiymətləndirilib.

Şura əvvəlki iclaslarda dəstəklənməsi qərara alınmış layihələr barədə büdcə komissiyasının təqdimatlarını, ekspert qiymətləndirməsini və təşkilatlar haqqında Katibliyin arayışlarını nəzərə alaraq, 217 QHT layihəsinin maliyyələşdirilməsi haqda yekun qərar qəbul edib. Siyahı Şuranın www.qhtxeber.az və www.cssn.gov.az saytlarında yerləşdiriləcək.

İclasda apelyasiya komissiyasının yeni tərkibi müəyyən edilərək ərizələrə baxılması proseduru nəzərdən keçirilib. Apelyasiya komissiyasında ərizələr 15 fevral 2014-cü il saat 17.00-dək qəbul ediləcək.

Toplantıda xarici QHT-lərdən Şuraya daxil olan layihələr müzakirə edilib. Şura sədri Azay Quliyev Belçika və Gürcüstan QHT-ləri tərəfindən Şuraya iki layihə təqdim olunduğunu bildirərək onlar haqqında ətraflı məlumat verib. Gürcüstan QHT-sinin layihəsi işğal edilmiş ərazilərə qanunsuz səfərlərin qarşısının alınması, Belçika təşkilatının layihəsi isə Azərbaycanda qadınların hüquq bərabərliyinin Avropada tanıdılmasından bəhs edir. Müzakirələrdən sonra Şura üzvləri hər iki layihənin maliyyələşməsi haqqında qərar qəbul ediblər.

İclasda Qeyri-Hökumət təşkilatlarının fəaliyyətinə aid olan qanunvericilik aktlarında edilən dəyişikliklərlə bağlı maarifləndirmə və məlumatlandırma tədbirlərinin təşkili geniş müzakirə edilərək Şuranın hüquq və monitorinq komissiyasının yaradılması barədə də qərar qəbul edilib.

Toplantıda Şuranın 2014-cü il fəaliyyət planı və dəstəklədiyi xarici QHT-lərin layihələri çərçivəsində keçiriləcək tədbirlərdə iştirak üçün Şura əməkdaşlarının səfərlərinin maliyyələşdirilməsi ilə də bağlı qərar qəbul olunub.

Cari məsələlərin müzakirəsində Şura ilə müqavilə öhdəliklərini pozan 19 təşkilatın qurumun Əsasnaməsinin 2.3.10 bəndinə uyğun olaraq 2 il müddətinədək layihələrinin maliyələşdirilməsindən imtina edilməsi, 10 QHT-yə isə xəbərdarlıq edilməsi qərara alınıb.

Toplantının sonunda Əlil Təşkilatları İttifaqının əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya olunmasında göstərdiyi xidmətlərə görə Şura sədri Azay Quliyevə əlilliyi olan şəxslərin Dostu mükafatı təqdim edilib.

Teqlər: