40-a yaxın ölkəni gəzən gəncin döyüş xatirələri: “Belə səhnələri kinolarda görmüşdüm” - VİDEO+FOTOLAR

 40-a yaxın ölkəni gəzən gəncin döyüş xatirələri:  “Belə səhnələri kinolarda görmüşdüm” -  VİDEO+FOTOLAR
  09 Dekabr 2020    Oxunub:22933
“Minomyotla mənim avtomobilimi atəşə tutdular. Gözümü yumdum və düşündüm ki, artıq sondur”
44 günlük İkinci Qarabağ müharibəsinin qəhrəman döyüşçülərindən biri Qasım İbrahimovdur. İtaliyada ali təhsil alan, dünyanın 40-a yaxın ölkəsinə səhayət etmiş müsahibimiz könüllü ordu sıralarına yazılaraq döyüşə yollanıb.



Gəlin, əvvəlcə Qasım İbrahimovu yaxından tanıyaq: “Bakıda anadan olmuşam. Bakalavr təhsilimi Azərbaycan İqtisad Universitetinin maliyyə fakültəsinin maliyyə ixtisası üzrə bitirmişəm. Daha sonra hərbi xidmətə yollanmışam. Aprel döyüşləri mənim əsgərlik dövrümə təsadüf etmişdi. Bu Allahın qisməti idi. Hərbi xidmətdən qayıtdıqdan sonra İtaliyanın Sapienza Universitetinin Hüquq fakültəsi üzrə magistr təhsili almışam. Dünyanın 40-a yaxın ölkəsində həm yaşamışam, həm də səfər etmişəm. Avropa parlamentində “Internships” təcrübə proqramını keçmişəm. Həyatda ən sevdiyim iş səyahətdir. Hazırda Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin beynəlxalq əməkdaşlıq şöbəsində baş məsləhətçi kimi çalışıram.



Vətənpərvərlik həmişə qəlbimdə olub. Hətta Avropa Parlametində olduğum zaman ermənilərin əleyhimizə təşkil etdikləri 3 saatlıq “events”ə qoşularaq onların böhtan xarakterli fikirlərini ifşa etmişdim. Bizim düşmənlə mübarizəmiz hər zaman davam edib. Uşaqlıqdan onların törətdikləri soyqırımları görə-görə böyümüşük.



Vətən Müharibəsində iştirak etdiyim üçün qürur duyuram. Allaha şükür edirəm ki, bu günləri mənə nəsib etdi. General Polad Həşimovun şəhid olması bizdə qisas hissini artırmışdı. Bundan sonra onlayn qaydada könüllü səfərbərlikdə qeydiyyatdan keçdim. Sentyabrın 21-i işə gedəndə mənə zəng gəldi və bildirdilər ki, hərbi komissarlığa yaxınlaşım. Getdim, təlimlərə qatılmalı olduğumu dedilər. Mən də qatıldım, proses davam etdi və sentyabrın 27-si səhər saatlarında döyüş başladı. Valideynlərim könüllü qeydiyyatdan keçdiyimi bilmirdilər. Narahat olmasınlar deyə, bildirmədim”.



Müsahibimiz Xocavənd, Ağdam, daha sonra Qubadlı və Zəngilanın azadlığı uğrunda döyüşlərdə iştirak edib.

“Tank taborunun maddi texniki təchizat tağımının sürücüsü olmuşam. Həmin tankların təminatını biz çatdırmışıq. Onlar döyüşün ən qızğın fazasında idilər. Hətta ermənilərlə aralarında 150 metrlik məsafə vardı. Döyüşlərin ilk həftəsində təminatı həyata keçirən zaman ermənilər 6 minomyotla avtomobilimi atəşə tutdular. Gözümü yumdum və düşündüm ki, artıq sondur. Ancaq Allah qorudu, mərmilər maşından 15 metr aralı düşdü.



Bizim tank taboru Xocavənd rayonunda çox böyük şücaət göstərmişdi. Hətta döyüşün bitməyinə bir gün qalmış hərbi hissə komandirimiz hər iki ayağından ağır yaralanmışdı. Bu bizim hirsimizi, ambisiyalarımızı daha da artırmışdı. Füzuliyə, Cəbrayıla daxil olanda gördük ki, ermənilər daş üstünə daş qoymayıblar. Çox kədərli mənzərə idi. Qubadlıya, Zəngilana çatanda və yaşayış evlərini görəndə sevindik. Bu fərqli hislər idi. Biz dünyaya gələndə o torpaqlar itirilmişdi. İndi isə heç vaxt görədiyimiz ərazilərə ayaq basırdıq. Həmişə “o gün olsun, bu məclisi Qarabağda qeyd edək” deyirdik, o gün bu gündür. Biz artıq Qubadlıdayıq və qələbəmizi qeyd edirik...



Sanki hər şey kino kimi idi. Ona qədər heç birimiz belə qızğın döyüşlərdə iştirak etməmişdik. Belə səhnələri kinolarada görmüşdük. Mənim sağımda yatan əsgər yoldaşım müharibənin ikinci günü qəlpə yarası alanda düşünürdün ki, növbə mənimdir. İnsan bədənində qorxu, ağrı, sevgi, ümumiyyətlə, bütün hislər ölmüşdü. İnsan orada çox möhkəmlənir. Bombanın, topun səsinə vərdiş edirsən. Artıq səni heç nə qorxutmur.



Hər yer bizim üçün surpriz idi. Bir anın işində minaya düşə bilərdin. Bütün əraziləri eyni anda təmizləmək mümkün deyildi. Müəyyən gediş yolları təmizləmişdi. Buna baxmayaraq, gizirlərimiz, əsgərlərimiz minya düşmüşdülər. Bacardığımız qədər diqqətli olurduq”.

Q.İbrahimov Müzəffər Ordumuzun qazandığı tarixi qələbəni həyatının ən xoş hadisəsi hesab edir: “Hər kəsin həyatında xoş günlər olur. Amma bundan xoş gün ola bilməzdi. Dövlətin, xalqın, ordunun həmrəyliyi vəhşi Ermənistan üzərində qələbəni qazandırdı”.





























Şahanə Rəhimli
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov

Azvision.az


Teqlər: Qarabağ   Döyüş   Müharibə  





Xəbər lenti