Türkiyə ilə iqtisadi əməkdaşlıq genişlənəcək

Türkiyə ilə iqtisadi əməkdaşlıq genişlənəcək
  11 Fevral 2014    Oxunub:1100
Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsində hər iki tərəf maraqlıdır.
Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) Türk-Azərbaycan İş Şurasının həmsədri Çingiz Gülün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Energetika Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, iqtisadi sahədə əməkdaşlığın perspektivlərinin müzakirə olunduğu görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin uğurla inkişaf etdiyini vurğulayan N.Əliyev qardaş ölkənin müxtəlif dövlət qurumları ilə iqtisadi, regional, sahibkarlığın inkişafı və digər sahələrdə əməkdaşlıq həyata keçirildiyini diqqətə çatdırıb.

Bildirilib ki, hazırda ölkəmizdə bir çox sahələrdə türk şirkətləri, eləcə də Türkiyədə Azərbaycan şirkətləri uğurla fəaliyyət göstərirlər. Azərbaycanın xarici ölkələrə yatırdığı investisiyaların həcminə görə Türkiyə birinci yeri tutur.

Energetika naziri N.Əliyev sənaye sahəsində görülən işlər barədə də danışmışdır. Diqqətə çatdırılmışdır ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı imzalanmış Sərəncam sənayenin inkişafını əsas prioritetlərdən biri kimi qarşıya qoymaqla, sənayeləşmə siyasətinin uğurunu, ölkəmizin regionun sənaye mərkəzinə çevrilməsini təmin edəcəkdir. Yeni sənaye mərkəzlərinin yaradılması, qurulmaqda olan sənaye parkları yüksək rəqabətqabiliyyətli iqtisadiyyatın inkişafına təkan verəcəkdir.

Sənayeləşmənin əsas xüsusiyyətlərindən biri də qabaqcıl beynəlxalq təcrübəyə istinad olunması, sənaye zonalarının fəaliyyətini təmin edən müasir infrastrukturun formalaşdırılması, qabaqcıl, müasir arxitekturaya və mühəndis həllərinə cavab verən bina və qurğuların tikilməsidir. Bu, türk şirkətləri üçün də yeni imkanlar və perspektivlər vəd edir.

DEİK-in Türk-Azərbaycan İş Şurasının həmsədri Ç.Gül yaxın vaxtlarda Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə əlaqələrin genişləndirilməsi və perspektivlərin müzakirəsinə dair geniş tərkibli toplantının təşkil olunması təklifi ilə çıxış etmişdir. Bu təklif nazir N.Əliyev tərəfindən dəstəklənmiş və bununla bağlı nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib.

Görüşdə iqtisadi əməkdaşlığın genişləndirilməsinin hər iki tərəfin mənafeyinə uyğun olduğu qeyd edilmiş, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.


Teqlər:





Xəbər lenti