Azərbaycanda oynamış məşhur futbolçular – ARAŞDIRMA

Azərbaycanda oynamış məşhur futbolçular – ARAŞDIRMA
  11 Fevral 2014    Oxunub:15538
Dərəlioğlundan İzmayılovadək

Ölkə futboluna maliyyə axınının başladığı 2004-cü ildən etibarən yerli futbol təsərrüfatında xeyli sayda legioner oynasa da, Azərbaycan futbolu ləng inkişaf etdiyindən, klublarımızda tanınmış simaların çıxış etməsi o qədər də rastlaşdığımız mənzərə deyil. Məhz bu üzdən qış transfer pəncərəsində Marat İzmayılovun “Portu”dan icarə əsasında da olsa, “Qəbələ”yə gəlişi belə demək mümkünsə, aydın səmada şimşək kimi çaxdı. Bəs başqa hansı tanınmış futbolçular ölkəmizdə top qovub?

Azərbaycan çempionatında çıxış edən ilk tanınmış əcnəbi Oqtay Dərəlioğlu idi. 2004-cü ildə “Xəzər Lənkəran”a taransfer olunan türkiyəli hücumçu buna qədər Türkiyənin “Trabzonspor”, “Beşiktaş” və “Fənərbağça”, eləcə də İspaniaynın “Las Palmas”, Almaniyanın “Nürnberq” kimi məşhur komandalarının və Türkiyə milli komandasının şərəfini qorumaqla səviyyəsini ortaya qoymuşdu. Onu da xatırladaq ki, ölkəmizdə cəmi bir mövsüm çıxış edən forvard çempionatın gümüş medalını qazanmaqla yanaşı, birinciliyin ən sərrast oyunçusu olmuşdu.

2005-ci ildə isə tanınmış futbolçulardan Artyom Bezrodnı Azərbaycanda top qovmağa başladı. Çox gənc yaşda Moskva “Spartak”ına düşməyi bacaran hücumçu sonradan Leverkuzen “Bayer”nə keçmiş və 2 il orada oynamışdı. Onun İmişlinin “MKT Araz” komandasındakı karyerası isə cəmi dörd oyundan ibarət olmaqla uzun sürmədi.

Həmin mövsüm “Bakı”ya transfer olunan Andrey Ştoltsers də Azərbaycanda çıxış etmiş məşhur simalardandır. 2005/2006-cı illər mövsümündə çempionatı zirvədə tamamlayan “Bakı”nın heyətində yer alan latviyalı forvard Moskva “Spartak”ı və Donetsk “Şaxtyor”unda oynadığı dövrlərdə tanınmağa başlamışdı. Xatırladaq ki, Ştoltsers “Bakı”nın heyətində ümumilikdə 13 matça çıxmış və 6 dəfə fərqlənmişdi.

2008/2009-cu illər mövsümündə “İnter”də çıxış edən Valentin Belkeviç də Azərbaycana qədərki karyerası uğurlu alınan futbolçulardan idi. Daha çox Ukrayna “Dinamo”sundakı çıxışları ilə tanınan belaruslu yarımmüdafiəçisi “bankir”lərin heyətində cəmi 5 qarşılaşmaya çıxsa da, mövsümü gümüş medalla başa vurmuşdu.

Yəqin ki, 2008/2009-cu illər mövsümündə “Bakı”nın şərəfini qoruyan Georgi Demetradzeni xatırlayırsınız. Vaxtıilə Hollandiyanın “Feynord”, Ukraynanın “Dinamo” və İspaniyanın “Real” (Sosyedad) komandalarının şərəfini qorumuş Gürcüstan millisinin sabiq forvardı “Bakı”da çempionluq yaşadığı mövsümdə 10 matçda 2 qola imza atmışdı.

Avropanın ən tanınmış hücumçularından olan Emil Mpenza da birvaxtlar Azərbaycanda çıxış etmişdi. 2010-2012-ci illər aralığında Bakının “Neftçi” komandasının formasını geyən və 31 qarşılaşmada 6 qol vuran belçikalı ön xətt oyunçusunun ölkəmizdəki karyerası uğursuz alınsa da, bütün bunlar Mpenzanın karyerasına kölgə sala bilməz. Vaxtilə Almaniyanın “Şalke 04” və “Hamburq”, həmçinin İngiltərənin “Mançester Siti” klubunun uğurları üçün çalışan forvard Azərbaycana gəlmiş ən tanınmış oyunçu sayılır.

Karyerası ərzində “Xetafe” və “Selta Viqo” kimi İspaniya klublarının şərəfini qorumuş Maris Verpakovskisi də ölkəmizdə top qovmuş tanınmış dəri top ustaları sırasına aid etmək olar. Latviya millisi ilə 10 il öncəki Avropa çempionatının final mərhələsində də çıxış edən Verpakovskisin “Bakı”dakı karyerası isə istənilən kimi alınmamışdı. Belə ki, 2011/2012-ci illər mövsümündə “zolaqlılar”ın heyətində yer alan hücumçu 18 görüşdə 3 dəfə fərqlənmişdi.

Yerli azarkeşlərin “Neftçi”yə gələnə qədər daha çox “Qalatasaray”dan tanıdığı türkiyəli Suat Usta da çempionatımızda top qovan tanınmışlardan idi. “Qalatasaray”la yanaşı, Hollandiyanın PSV klubunun da şərəfini qorumuş futbolçu 2008/2010-cu illər aralığında oynadığı “Neftçi”də 37 matça çıxmış və bir dəfə fərqlənmişdi.

Türkiyənin tanınmış hücumçularından olan Əhməd Dursunun da karyerasına nəzər salanda Azərbaycan adına rast gəlirik. Vaxtilə “Beşiktaş”da və Türkiyə millisində çıxış edən hücumçu 2009/2010-cu illər mövsümündə “Xəzər Lənkəran”da forma geymiş və 10 oyunda 5 qola imza atmışdı.

Birvaxtlar məşhur komandalarda forma geyən bəzi futbolçular isə cari mövsümdə də ölkəmizdə top qovur. Belələrindən biri də 2010-cu ildən bəri “Neftçi”də çıxış edən və ardıcıl üç dəfə çempionluq yaşayan İqor Mitreskidir. Xatırladaq ki, vaxtilə Almaniyanın “Enerji” (Kotbus) komandasının uğurları üçün çalışan makedoniyalı müdafiəçi cari mövsümə qədər “Neftçi”nin heyətində 84 çempionat matçına çıxıb və bir dəfə fərqlənib.

Hazırda “İnter”in heyətində çıxış edən Aleksandr İaşvili də Azərbaycana gəlmiş məşhur oyunçular arasında yer ala bilər. Gürcüstanlı hücumçunun paytaxt klubunda oyunu istənilən kimi alınmasa da, vaxtilə Almaniyanın “Frayburq”, “Karlsrue” və “Bohum” kimi komandalarda oynamış 36 yaşlı forvardın Bundesliqada 15 il forma geyməsi çox şeydən xəbər verir.

Mövsümün geridə qalan hissəsində sərgilədiyi oyunla diqqətləri üzərinə çəkən Lorentso Ebesilioya da ölkəmizə gəlmiş tanınmış futbolçular sırasında yer verə bilərik. Cari mövsümün əvvəlində Donetsk “Metallurq”undan alınan hollandiyalı yarımmüdafiəçi futbol azarkeşlərinə Hollandiyanın “Ayaks” klubundan tanışdır. Xatırladaq ki, “Ayaks”ın heyətində 38 qarşılaşmada 9 dəfə fərqlənən Ebesilio “Qəbələ”də isə cari mövsümdə çıxdığı 18 görüşdə 5 qola imza atıb.

Azərbaycan çempionatında top qovacağı qış fasiləsində rəsmiləşən rusiyalı Marat İzmayılova gəlincə, Rusiya millisinin yarımmüdafiəçisi vaxtilə Yuri Syominin rəhbərliyi altında “Lokomativ”də çıxış etmişdi. Son illəri isə Portuqaliyanın “Sportinq” və “Portu” klublarında keçirən 31 yaşlı orta xətt oyunçusu Azərbaycanda top qovan ən tanınmışlar arasındadır.

Tural Məmmədov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti