“ASAN imza” sertifikatlarını onlayn yeniləmək mümkündür
Eyni zamanda, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə vergiödəyicilərinə xidmət mərkəzlərində vergiödəyicilərinin qəbulu əvvəlcədən onlayn növbəyə yazılmaqla həyata keçirilir. Son günlərdə müraciətlərin artması və növbələrin əldə edilməsində yaranan sıxlıq elektron xidmətdən istifadəni zəruri edir.
Dövlət Vergi Xidməti vergiödəyicilərinin nəzərinə çatdırır ki, bu proses (ilk dəfə “ASAN imza” sertifikatı əldə etmək istəyənlər və ya mövcud sertifikatının qüvvədə olma müddəti artıq bitənlər istisna olmaqla) vergi ödəyicilərinə xidmət mərkəzləri və “ASAN xidmət” mərkəzləri (ASXM) ilə yanaşı elektron qaydada da mümkündür.
Belə ki, vergiödəyiciləri xidmət mərkəzlərinə gəlmədən özləri birbaşa internet üzərindən sertifikatın qüvvədə olma müddəti ərzində mövcud sertifikatının müddətinin uzadılması və ya “Şəxsi” tipli “ASAN imza” sertifikatı əsasında “İş” (Biznes) və “Dövlət və bələdiyyə” tipli “ASAN imza” (öz sahibkarlıq fəaliyyəti və ya təmsil etdiyi digər vergiödəyicisi üçün VÖEN-ə bağlı olan) sertifikatlarının onlayn əldə olunması üçün ASXM-ə elektron qaydada müraciət edə bilərlər.
İstifadəçilər tərəfindən sertifikatın yenilənməsi üçün ərizənin göndərilməsi sertifikatın etibarlılıq müddətinin bitmə tarixindən öncəki 30 gün ərzində mümkündür. Onlayn müraciət ərizəsi sertifikat yalnız aktiv olduğu zaman göndərilə bilər. Eyni zamanda, sertifikatın etibarlılıq müddəti bitəndən sonra 30 gün ərzində istifadəçi mobil operatora müraciət edib xidməti aktivləşdirməlidir, əks halda ərizə ləğv olunur. Vergiödəyiciləri qüvvədə olan “ASAN imza” sertifikatlarının onlayn yenilənməsi prosedurları ilə Dövlət Vergi Xidmətinin rəsmi saytında tanış ola bilərlər. “Qüvvədə olan “ASAN imza” sertifikatlarının onlayn yenilənməsi üzrə “İstifadəçi Təlimatı” və “Şəxsi tipli “ASAN imza” sertifikatı əsasında “İş (Biznes) və Dövlət və bələdiyyə tipli “ASAN imza” sertifikatlarının onlayn əldə olunması üzrə İstifadəçi təlimatı” ilə aşağıdakı linkdən tanış ola bilərsiz: https://www.taxes.gov.az/az/page/asan-imza#yeni
Bununla yanaşı, bir müddət əvvəl “Elektron imza üçün sertifikat xidmətlərinin göstərilməsi üzrə İstifadəçi Təlimatı”na əlavə və dəyişikliklər edilib, o cümlədən mobil operatordan əldə olunmuş “ASAN imza” mobil xidmətinə qoşulma formasının ASXM-ə təqdim edilməsi tələbi aradan qaldırılıb.
Qeyd edək ki, Azərbaycanda koronavirus pandemiyasının yarandığı vaxtdan etibarən Dövlət Vergi Xidməti vergiödəyicilərinə göstərilən xidmətlərin elektronlaşdırılması işlərini genişləndirib. Elektronlaşdırılan xidmətlər vergiödəyicilərinin ən çox müraciət etdiyi sahələri əhatə edir. Bu xidmətlərin istifadəyə verilməsi vergi orqanları və vergiödəyiciləri tərəfindən sərf olunan vaxt, insan və maliyyə resurslarının dəfələrlə azaldılmasına imkan verməklə xidmət mərkəzlərinin fəaliyyətinin yeni qaydaların tələblərinə uyğun təşkil etmək və ölkədə COVID-19 təhlükəsinin qarşısını almaq istiqamətində əhəmiyyətli təşəbbüsdür. Vergiödəyicilərinə Dövlət Vergi Xidmətinin təqdim etdiyi elektron xidmətlərdən yararlanmaq tövsiyə olunur. Bu həm vergi orqanlarının işi, həm də vergiödəyicilərinin təhlükəsizliyi və rahatlığı üçün faydalıdır.
Azvision.az
Teqlər: Vergi Xidmət ASAN İmza