“Ona canavar deyirdilər...” - Xüsusi təyinatlı şəhid kapitanın evindən reportaj - VİDEO+FOTOLAR

  “Ona canavar deyirdilər...”  - Xüsusi təyinatlı şəhid kapitanın evindən reportaj -  VİDEO+FOTOLAR
  22 Dekabr 2020    Oxunub:40457
“Hər şeyi 14 ədəd alırdı. Deyirdi, ana, dağın başında mən geyinim, əsgərim üşüsün?! Əsgərini çox sevirdi”.
Vətən müharibəsində qəhrəmancasına döyüşüb şəhid olan igidlərimizdən biri də Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Nurlan Mustafayevdir. O, Murov, Hadrut istiqamətində gedən döyüşlərdə iştirak edərək torpaqlarımızın işğaldan azad olunması uğrunda canını fəda edib. Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.

Azvision.az -ın əməkdaşları şəhidin evinə baş çəkərək, onun həyat və döyüş yolu haqqında ailə üzviləri ilə söhbətləşiblər.



Rəhilə Mustafayeva oğlunun 1990-ci ildə Sumqayıtda anadan olduğunu, orta məktəbə Bakıda getdiyini deyib.

“Məktəbdə çox yaxşı oxuyurdu. 8-ci sinifdə məktəbdən ayrılıb, Cəmşid Naxçıvanski adına hərbi liseyə gedəndə müəllimləri onu buraxmaq istəmirdilər. Narazılıq edirdilər ki, niyə uşağı məktəbdən çıxarırsan. Hərbi liseyə yüksək balla, ikinci nəticə ilə daxil olmuşdu. Ali hərbi təhsilini Almaniyada aldı. Orada 3 il oxudu. Buraxılışın ən yaxşı əcnəbi kursantı, atıcılıq üzrə qızıl medal, qaçış üzrə birincilik və çoxlu sayda birinciliklərlə geri qayıtdı.



Təyinatını Murova verdilər. Dörd il düşmənlə üzbəüz Murovda oldu. General Polad Həşimovun rəhbərliyi altında xidmət edirdilər. Polad Həşimov şəhid olanda oğluma çox pis təsir etmişdi. Mən o vaxt ondan soruşdum ki, Nurlan, generalı belə tərifləyirlər, bu qədərmi yaxşı insan idi? Dedi, ana, hələ az deyirlər. Polad Həşimovun anası müsahibəsində bildirmişdi ki, Polad bir dəfəyə 70 papaq, corab alırdı və hamısını da əsgərlərinə paylayırdı. Eyni şeyi Nurlan Murovda olanda mən də yaşamışam. Tağımda 14 nəfər idilər. Hər şeyi 14 ədəd alırdı. Deyirdi, “ana, dağın başında mən geyinim, əsgərim üşüsün?”. Əsgərini çox sevirdi. Əsgərləri deyirdi, Nurlan təlimdə sərt idi, təlimdən sonra qardaşımız olurdu. Nurlanın həmişə sözü bu olurdu: "rahatam ki, mənim yanımda bir əsgərin burnu qanamayıb. Onları qoruya bildim”. Atışma olanda əsgərlərinə deyirdi, siz təhlükəsiz yerdə gözləyin. Gizirləri götürüb özü cavab atəşi açırdı. Ümumiyyətlə, 14 yaşından sonra sanki iki Nurlan var idi. Hərbçi və oğlum Nurlan. Çox fərqli idilər. Mülki paltarı geyinəndə həddən artıq pozitiv, xoş auralı adam olurdu. Hərbi hissədə isə sərt və ciddi idi. Üstündə formanın ağırlığı var idi. Onu geyinəndə tamam başqa adam olurdu”.



Şəhid anası oğlu ilə sonuncu dəfə oktyabrın 11-i danışdığını söyləyib:

“Döyüş yolu ilə bağlı çox bilgili deyiləm. O, bizə heç nə demirdi. Bildiyim qədər ilə Murovdan başlamışdılar və Hadruta qədər getmişdilər. Murovdan Kəlbəcərə tərəf keçməli idilər. Döyüş yoldaşları danışır ki, komanda vermək həmin vaxt ona həvalə olunubmuş. Hamını səfərbər edib, ağır işi isə özünə götürüb. Çox çətin döyüş əməliyyatını yerinə yetirirmişlər.

Həmin gün, döyüşdən bir neçə saat əvvəl hamımıza zəng etdi və hamıya da eyni cavabı verdi ki, hər şey yaxşıdır, qaydasındadır, biz irəliləyirik, narahat olmayın. Səsində də bir yorğunluq, əzginlik, ruh düşkünlüyü yox idi. Əksinə döyüş ruhu var idi.

Bizimlə danışandan bir neçə saat sonra şəhid olub. Digər oğlum bunu bilib, səhərə kimi evə gəlməyib ki, birdən mən hiss edərəm. Səhəri gün gəlib dedi ki, qardaşım yaralanıb. Axşama kimi gözlədim. Allaha yalvardım ki, əli, qolu olmasın, amma nəfəsi gəlsin. Axşam bildim ki, məni aldadıblar. Deyirlər, ən yaxşı dərman zamandır. Amma övlad yarasının məlhəmi yoxdur. Onu heç bir həkim, loğman sağalda bilməz”.



R. Mustafayeva Nurlanın həmişə Qarabağ dərdi çəkdiyini, işğaldan utandığını sözlərinə əlavə edib:

“Almaniyada təhsilinin birinci ili idi. Dedi, hər həftə bir əcnəbi kursant öz ölkəsinin ordusunun təqdimatını edir. Məndən atributları, məlumatları götürdü ki, o da təqdimat etsin. O biri həftə soruşdum ki, ay oğul, təqdimatın necə keçdi? Dedi, “ay ana, elə olmasa yaxşı idi”. Niyə belə deməsi ilə maraqlandım. Bildirdi ki, ermənilərin də olduğu zalda iki saatlıq təqdimat edib, qürurla dayanıb. Birdən qeyri-millətlərdən biri ayağa durub deyib ki, “sən bayaqdan torpaqlarının 20 faizini işğalda saxlayan ordunu tərifləyirdin?”. Oğlum yer yarılıb, içinə girib. İllərlə o xəcaləti ürəyində gəzdirdi. Deyirdi, heç yerdə ordumu tərifəyə bilmirəm. Qarabağın işğal olunmasını başıma qaxanc edirlər. Vətənə aid hər şeyi sevirdi. Millətini, insanlarını, torpağını... Deyirdi, qisas alınmasa, övladıma qalacaq.



2018-ci ildə Türkiyədə 23 ölkənin xüsusi təyinatlılarının iştirak etdiyi təlim yarışı keçirilirdi. Orada hətta ABŞ-ın da hərbçiləri var idi. Nurlangil yarışda birinci yerə çıxmışdılar. Müdafiə naziri Zakir Həsənov onu və bir neçə nəfəri şəxsən qəbul edib mükafatlandırmışdı. Çox güclü idi. Ona canavar deyirdilər”.



Nurlan və Günay bu ilin mart ayının 8-i evləniblər. Şəhid xanımının sözlərinə görə, həyat yoldaşı ailəcanlı, üzü gülər, pozitiv insan olub.

“Cəmi 7 ay evli olduq. Həmişə mənə deyirdilər ki, hərbçi xanımı olmaq çətindir. Ailə qurandan sonra başa düşdüm ki, mənə nə demək istəyirmişlər. Onu hər təlimə, işə yola salanda narahatlıq, bir daha görməmək, itirmək qorxusu yaşayırdım. Sonuncu dəfə də bu hisləri keçirdim. Sentyabrın 25-i onu yola saldım. Sentyabrın 26-sı telefonla danışdıq, 27-si artıq ona zəng çatmırdı. Bir neçə gün əlaqəmiz olmadı, heç bir yerdən xəbəri gəlmədi. Ayın 30-u zəng vurub yaxşı olduğunu dedi. Ara-sıra zəng edib bir kəlmə yaxşı olduğunu deyirdi. Sonuncu dəfə şəhid olduğu gün danışdıq. Ata olacağını eşidəndə çox sevinmişdi. Qız üçün ayrı, oğlan uşağı üçün ayrı planları var idi. Oğlu olacağını eşidəndə dedi, onun gələcəyi üçün planlarım çoxdur. Nurlan mükəmməl bir insan idi. Çox istəyirəm ki, doğulacaq övladımız ona bənzəsin. Onun adını daşısın, böyüyüb elə bir xarakterdə olsun”, - deyə şəhid xanımı vurğulayıb.

























Şahanə Rəhimli
Video: Əhməd Xəlilov, Oğuz Altay

Azvision.az


Teqlər: XTQ   Şəhid   Kapitan  





Xəbər lenti