Ermənistanda əsgərlərə işgəncə verilir - VİDEO

Ermənistanda əsgərlərə işgəncə verilir - VİDEO
  12 Fevral 2014    Oxunub:1459
Ermənistanda heç bir dövlət orqanında hökumətin Ermənistan vətəndaşını Dağlıq Qarabağ ərazisində əsgəri xidmətə göndərməyə əsas verən bir qanun yoxdur. “Helsinki assosiasiyası” hüquq-müdafiə təşkilatının eksperti Ruben Martirosyan erməni mətbuatına müsahibəsində belə deyib. Onun sözlərinə görə, Ermənistan vətəndaşlarının əksəriyyəti tanınmamış Dağlıq Qarabağda əsgəri xidmətin əleyhinədirlər.

Hərbi hissələrdə çoxsaylı əsgər ölümləri və işgəncələrlə bağlı danışan erməni ekspert Qarabağda Ermənistanın Müdafiə Nazirliyi yanında İstintaq Xidməti, hərbi prokurorluq və hərbi polisin vətəndaşların hüquqlarını pozduqlarını qeyd edib. Onun sözlərinə görə, “Qarabağ Respublikası” ərazisində Ermənistanın hərbi prokurorluğunun 1, 2 və 3 saylı qarnizonları tam qanunsuz fəaliyyət göstərir.

“Qarabağda Ermənistan Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən hərbi polislərin də fəaliyyəti qeyri-qanunidir. Bizi xalq düşməni adlandırsalar da deməliyəm ki, sözügedən orqanlar qanunsuz fəaliyyət göstərməklə yanaşı hərbi hissələrdə baş alıb gedən zorakılıqlara göz yumur. İşgəncəyə və zorlanmaya məruz qalan əsgərlərin hüquqları qorunmur. Onlar üçün təyin olunan vəkillər isə “xoruz”lardır (-red. Xoruz uşaq oyunlarında adətən hər iki tərəf üçün oynayır), hamısı satılıblar və cinayət ortaqlarıdırlar. Hər kəsə məlumdur ki, hərbi hissələrdə özünəqəsd halları artıb. Bunun səbəblərini araşdırmaq lazımdır”.

Erməni eksperti deyir ki, xüsusi vəkillərin köməyi ilə bəzən komandiri və ya əsgər yoldaşı tərəfindən qətlə yetirilən əsgərin özü-özünü öldürdüyünü bəyan edərək, bəzənsə də cəbhə xəttində öldüyünü bildirərək faktları ört basdır edirlər.

“ Məsələn, 2011-ci il fevralın 12-də hərbi hissələrdən birində qətlə yetirilən Torqom Saruxyanın cinayət işini istintaq zamanı elə düzüb qoşdular ki, guya o, özünü öldürüb. Üstəlik Hamlet Davtyan, əsgərlər- Robert Badalyan, Hrant Karapetyanı və Qarabağ sakini Vilhelm Enqibaryanı həbs etdi ki, guya Saruxyanı özünəqəsdə məcbur edənlər onlar olublar. İstintaq prosesində iştirak edən vəkillərdən biri Azat Avaqimyan hazırda rüşvətxorluğa görə, həbs edilib.”

Martirosyan rəsmən sübut olunmuş faktlara əsasən bildirir ki, Saruxyanın qətlindən sonra 24 hərbi qulluqçu Stepanakert hərbi polisinə aparılıb və yalan ifadə vermələri üçün 10 gün ərzində onlara işgəncə verilib. Bu qayda Ermənistanda ət maşını sistemi adlanır.

Qeyd edək ki, Azərbaycanla sərhəddə qətlə yetirildiyi bildirilən Zorik Marqaryanın da əslində öz əsgər yoldaşı Karen Movsisyan tərəfindən öldürüldüyü sübut olunub. Həmçinin onun bədənində zorakılıq izləri aşkarlanıb.

Xatırladaq ki, 2011-ci ildə əsgəri xidmət zamanı əsgər Ovanes Vardanyan məruz qaldığı işgəncələr nəticəsində ağlını itirib dəlixanaya düşmüşdü. O. Vardanyanın atası oğlunun zabiti masaj etmədiyinə görə, döyüldüyünü bildirir.

Bu yaxınlarda əsgərin atası Müdafiə Nazirliyinə maliyyə yardımı üçün müraciət edib və ona qanuna uyğun olaraq cəmi 10 000 dram (25 dollar) yardım ayrılıb. Əsgərin ailəsi isə nazirliyin təklifini təhqir kimi qəbul edərək yardımdan imtina edib.



Sonda Martirosyan təəssüf hissi ilə bu kimi halların daha da artdığını bildirib: “Ən pisi isə budur ki, hazırda hərbi hissələrdəki çirkin əməllər daha da ustalıqla ört-basdır edilir!”

Səbinə Həsənova
AzVision.az



Teqlər:





Xəbər lenti