Azad olunan ərazilərdə turizm necə inkişaf etdiriləcək? - BÖYÜK PLAN

Azad olunan ərazilərdə turizm necə inkişaf etdiriləcək? -  BÖYÜK PLAN
  22 Dekabr 2020    Oxunub:7336
Hazırda Dövlət Turizm Agentliyi tərəfindən işğaldan azad edilmiş ərazilərlə bağlı turizmin inkişafı dövlət strategiyası hazırlanır. Qarabağda turizm məhsullarının, turizm infrastrukturunun inkişaf etdirilməsindən öncə bir neçə komponent təmin edilməlidir.
Bunu Azvision.az -a açıqlamasında Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib. Onun sözlərinə görə, ilk növbədə təhlükəslizlik təmin olunmalıdır.

“Eyni zamanda əhalinin geriyə qayıdışı və yaşayışı, infrastruktur bərpa edilməlidir. Paralel olaraq turizm məhsulları yaradılacaq. Bunun üçün investisiyaların cəlb edilməsi də vacibdir”.



K.Quluzadənin sözlərinə görə, ilkin olaraq həmin bölgədə bir neçə turizm klasteri yaradıla bilər: “Birinci klaster Füzuli, Xocavənd, Şuşa, Laçın istiqamətidir. İkinci klaster Cəbrayıl, Füzuli Zəngilan, üçüncü klaster Zəngilan, Qubadlı, dördüncü klaster Kəlbəcər, Laçın, beşinci kalster isə Bərdə, Ağdam istiqamətidir. Regionların ayrı-ayrılıqda turizm potensialına baxdıqda, məsələn, təbiəti, mədəni-tarixi abidələri ilə Qarabağın incisi olan Şuşada tədbirlər, festivallar keçirilə bilər. Laçın, Kəlbəcər istiqamətində mədəniyyət, təbiət, qış və sağlamlıq turizm imkanları var. Qubadlı, Zəngilan rayonlarında mədəniyyət və təbiət istiqaməti, Füzuli, Ağdam, Cəbrayıl rayonlarında mədəniyyətlə yanaşı, erməni işğalının acı nəticələrini çılpaq şəkildə göstərmək imkanları mövcuddur. Biz orada işğalın nəticələrini göstərmək üçün bəzi tikililəri dağıdılmış halda saxlayacağıq ki, daxili və xarici auditoriya üçün erməni vəhşilikləri, vandalizmi nümayiş olunsun”.

Qurum rəsmisi qeyd edib ki, işğaldan azad edilmiş ərazilərə yeni kommunikasiya imkanları açılır. “Bir imkan Cənub istiqamətindən İran turistlərinin cəlbidir. Digər kommunikasiya imkanı isə Naxçıvan üzərindən Türkiyədən turistlərin gəlməsidir. Həm də Azərbaycan-Türkiyə arasında bağlanan ikitərəfli sazişə əsasən, artıq sərhədi keçmək sadələşib. Bu isə ölkəyə daha çox turistin gəlməsinə şərait yaradacaq”.

K.Quluzadə qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə infrastruktur bərpa olunduqdan sonra ilk növbədə Azərbaycan vətəndaşlarının həmin ərazilərə səfərləri gözlənilir.
“Çünki hamımız illərlə həsrətində qaldığımız yerləri gəzmək, görmək istəyəcəyik. İkinci böyük auditoriya potensialı xaricdə yaşayan Azərbaycan diasporası nümayəndələridir. 10 milyondan çox azərbaycanlı ən azı bizim hamımız üçün mədəni Məkkəyə çevrilmiş Şuşanı görmək üçün maraqlı olacaq. Biz bu istiqamətdə müvafiq işləri görəcəyik ki, axını yönəldək. Qarabağ istiqaməti yeni destinasiyadır, on illərlə bu yerlər qapalı qalıb. Təbiətinə, mədəniyyətinə, tarixinə görə bu yerləri gəzmək hər kəs üçün maraqlı olacaq”.

Agentlik rəsmisinin fikrincə, Azərbaycanda turizmin prioritet bazarları var ki, bunlar qonşu ölkələr, Avropa, Asiya və Yaxın Şərq ölkələridir.

“Pandemiyadan öncə həmin ölkələrdən turist cəlb etdiyimiz kimi post pandemiya dövründə də, xüsusilə Qarabağa turistləri cəlb etməyə davam edəcəyik. Bundan əlavə, artıq işğaldan azad edilmiş ərazilərlə bağlı xarici tərəfdaşlarla kommunikasiyaya başlamışıq, təqdimatlar edirik, maraq böyükdür. Qarabağ üzrə ilk qrup bələdçilərin hazırlığına başlanılıb. Həmçinin, tanıtım çarxları daxili auditoriya üçün təqdim edilir. Bu çarxlar xarici auditoriya üçün bir neçə dilə tərcümə edilir ki, artıq biz Qarabağı bu bazarlarda nümayiş etdirib, təqdim edirik”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Turizm   Qarabağ  





Xəbər lenti