“Hər dəqiqə şəhidlik zirvəsinə ucalmağı düşünürdük” - Sabiq deputatın oğlu
R.Qurbanov Azvision.az -a bildirib ki, 44 günlük müharibə dövründə Tərtər rayonunun müxtəlif kəndlərində ağır artilleriya bölmələrində əsgərlərlə birgə olub, onlara lazımi tibbi xidmət göstərib.
“Sentyabrın 21-dən könüllü olaraq ordu sıralarına yazılmışıq və Vətən üçün hər zaman xidmət etməyə hazır olduğumuzu bildirmişik. Xidmət etdiyim bölmədə 8 şəhidimiz, 20 yaralamız olub. Çalışmışıq ki, hərbçilərə lazımı yardım edək. Xidmət dövründə yalnız stomotologiya ilə məşğul olmamışam. Mərmi yığmışam, xəstəyə yardım etmişəm, əsgərlərin yeməkxanasına nəzarət və digər işlərdə olmuşam. Bütün işlərin öhdəsindən gəlmək üçün nə lazımdırsa etmişik”.
O, Vətən uğrunda canından da keçməyə hazır olduğunu söyləyib: “Hansısa vəziyyətdə yaralıların ayağına, qoluna sarğılar qoyurduq. Hərbçi yoldaşlar, gizirlər də bizə yardım edirdilər. Tibb universitetindən 5 kursant təhkim edilmişdi. Hər kəs çalışırdı ki, bu dövrdə az da olsa yardımı dəysin.
Vətən üçün nə etsək belə azdır. Ən böyük işimiz Ali Baş Komandanın səyi nəticəsində torpaqların alınmasıdır. Biz buna nail olduq. Günlərimiz elə idi ki, hər dəqiqə şəhidlik zirvəsinə ucalmağı düşünürdük. Hər an böyük ruh yüksəkliyi ilə hərəkət edirdik. Torpaqlarımız azad olunanda sevinirdik. Xalqımızın dəstəyi bizə güc verirdi. Belə şeylərin yanında top, mərmi səsi heç nə idi”.
R.Qurbanov vurğulayıb ki onun üçün Vətən hər şeydən, hətta illərlə tək qoymadığı anasından belə üstün oldu.
“Sentyabrın 21-dən bu günə qədər anamı tək qoyub Vətən üçün gəldim və 95 gündür xidmətdəyəm. Hazırda xidmətim davam edir. İnşallah işğaldan azad edilən rayonların birində açılacaq xəstəxanada işləməyə hazıram”.
Aytən Zəhra
Azvision.az