AzTV “AZCLOUD”un müştəriləri sırasına daxil oldu

AzTV “AZCLOUD”un müştəriləri sırasına daxil oldu
  23 Dekabr 2020    Oxunub:1590
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-yə (AzTV) bulud xidmətləri göstərməyə başlayıb.
Nazirlikdən Azvision.az -a bildirilib ki, Tərəflər arasında imzalanan müqaviləyə əsasən, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC “AZCLOUD Drive” xidmətindən yararlanacaq.

“AZCLOUD Drive” məxfilik qaydaları, beynəlxalq informasiya təhlükəsizliyi standartları və qaydaları, təhlükəsiz məlumat mübadiləsi və məlumat yerləşdirilməsinin uyğunluğunu təmin edən məlumat mübadiləsi platformasıdır. Xidmət, həmçinin, veb və mobil interfeyslərdən asan istifadə, mobil və masaüstü tətbiqlərin sinxronlaşdırılması, məlumat axınının idarə olunması, çoxsaylı istifadəçilərin və qrupların yaradılması və limitsiz yaddaş ayrılması kimi funksiyaları özündə cəmləşdirir.

“AZCLOUD Drive” xidmətinin ən mühüm üstünlüyü müştərinin fəaliyyət göstərdiyi sahədən asılı olmayaraq, istənilən qurumun daxili strukturları arasında məlumat mübadiləsini istər mobil, istərsə də masaüstü cihazlar vasitəsilə təhlükəsiz və sürətli şəkildə təqdim etməsidir. “AZCLOUD Drive” vasitəsilə mübadiləsi aparılan bütün məlumatlar Azərbaycan Respublikasının ərazisi daxilində qalır.

Qeyd edək ki, “AzInTelecom” MMC “AZCLOUD” brendi altında dövlət orqanlarına və özəl sektora genişmiqyaslı və çoxşaxəli bulud xidmətləri təqdim edir. İT, maliyyə, media, qida, turizm, təhsil, neft və qaz, nəqliyyat, kommunal və digər sahələrdəki qurumlara “Bulud infrastrukturu”, “Yerləşdirmə”, “AZCLOUD Drive”, “Arxivləşdirmə”, “Rezervlənmə”, “Microsoft” məhsulları, “Videokonfrans” və “Virtual İP Telefoniya” xidmətləri göstərilir.

Azvision.az


Teqlər: AzTV   Nazirlik  





Xəbər lenti