Azərbaycan həqiqətləri İsveçrə parlamentinin mətbu orqanında - VİDEO
İsveçrəli jurnalist Florian Şvabın erməniyönümlü suallarının sezildiyi videomüsahibədə Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimova əvvəlcə İkinci Qarabağ müharibəsi haqqında ətraflı məlumat verərək, Ermənistanın həm siyasi müstəvidə, həm döyüş meydanında Azərbaycan qarşısında aciz qaldığını və müharibədə ciddi itkilərlə məğlub olduğunu tamaşaçıların diqqətinə çatdırıb. Səfir bildirib ki, bu müharibədə ölkəmizin qələbə qazanılmasında xalq-hakimiyyət vəhdətinin, Ali Baş Komandanımızın qətiyyəti və ordumuzun misilsiz rolu vardır. Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanan Bəyanatın əhəmiyyətindən bəhs edən diplomat müharibənin bitməsinin regionun təhlükəsizliyi, siyasi və iqtisadi inkişafı üçün mühüm rolunu vurğulayıb. Səfir qeyd edib ki, müharibənin bitməsi ilə öz doğma yurd-yuvalarından didərgin salınan 1 milyona yaxın qaçqın və məcburi köçkünlərimiz erməni işğalından azad edilən torpaqlarımıza köçürələcək və regionda uzun müddətli sülh tam bərqərar olacaq.
Müxbirin münaqişəni dinlə əlaqələndirməsi məqamına toxunan diplomat Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, səbəbləri, ermənilərin Cənubi Qafqaza rus imperiyası dövründə köçürülməsi və s. bu kimi faktlarla İsveçrədəki erməni lobbisinin yalanlarını ifşa edərək bu münaqişəni dini və ya etnik zəmində baş vermədiyini söyləyib və Azərbaycanın din və multikulturalizm sahəsində verdiyi töhfələrdən danışıb. Bununla yanaşı, erməni vandallarının Birinci Qarabağ müharibəsində soydaşlarımıza qarşı törətdiyi vəhşilikləri xatırladan səfir X.İbrahimova beynəlxalq mətbu orqanların 90-cı illərə aid dünyada tanınmış nəşrlərdən hissələri tamaşaçıların diqqətinə çatdırıb və Xocalı soyqırımı kimi amansız qətliamlar törədən Ermənistanın illər boyu beynəlxalq hüququn prinsiplərini pozduğunu və BMT-nin bu münaqişə ilə bağlı qəbul etdiyi qətnamələrə açıq-aşkar şəkildə məhəl qoymadığını bəyan edib.
Jurnalist F.Şvabın sualına cavab olaraq, X. İbrahimova Azərbaycan-İsveçrə ikitərəfli əlaqələrinə də toxunaraq iki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun, iqtisadi və humanitar sahələrdə qarşılıqlı-faydalı əlaqələrin mövcudluğunu qeyd edib, “Holcim”, “Stadler”, “ABB Global Trading” kimi 70-ə yaxın İsveçrə şirkətinin Azərbaycanda uğurlu fəaliyyətini vurğulayıb.
“SOCAR”-ın İsveçrədəki fəaliyyətinə qarşı erməni lobbisinin dəstəyi ilə çirkin kampaniyanın aparılması məsələsi ilə bağlı “Die Weltwoche”-nin sorğusunu cavablandıran diplomat erməni lobbisi tərəfindən uydurulan növbəti yalanların əsasının olmadığını dinləyicilərin diqqətinə çatdırıb.
Sonda diplomat Şvabın Azərbaycanın turizm potensialı ilə bağlı maraqlandığı sualları da cavablandırıb.
Azvision.az