Xarici diplomlarla bağlı qərar - Məbləğ müəyyənləşdi

 Xarici diplomlarla bağlı qərar -  Məbləğ müəyyənləşdi
  25 Dekabr 2020    Oxunub:2284
Nazirlər Kabineti 507 № li Qərarına dair izah verib.
Quruman Azvision.az -a bildirilib ki, Qərarla “Xarici dövlətlərin xarici təhsilə aid kvalifikasiyalarının tanınması xidmətləri ilə əlaqədar digər xidmətlərin siyahısı və göstərilən xidmətlərə görə ödəniləcək haqların məbləği” təsdiq edilib.

Qeyd edilib ki, “Xarici dövlətlərin xarici təhsilə aid kvalifikasiyalarının tanınması xidmətləri ilə əlaqədar digər xidmətlərin siyahısı və göstərilən xidmətlərə görə ödəniləcək haqların məbləği”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 7 iyul tarixli 1088 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə qəbul edilib.

Tanınma prosedurunun birinci mərhələsi müraciətlərin qəbulu mərhələsidir və həmin mərhələnin elektron qaydada həyata keçirilməsi nəzərdə tutulur. Bu isə elektron informasiya sisteminin təkmilləşdirilməsi və onun müşayiət olunması xərclərinin maliyyələşdirilməsini tələb edir.

Tanınma prosedurunun ikinci mərhələsi müraciətlərin baxılması mərhələsidir. Tanınmanın növündən asılı olaraq müxtəlif xərclərin (beynəlxalq ekspertlərin cəlb olunması və həmin ekspertlər tərəfindən yerli ekspertlərə təlimlərin keçirilməsi imkanlarının yaradılması məqsədilə əlavə maliyyə ehtiyaclarının ödənilməsi, peşə tanınması zamanı ərizəçinin müvafiq kvalifikasiya üzrə peşə kompetensiyalarının Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya üzrə nəzərdə tutulmuş peşə kompetensiyalarının tələblərinə minimal səviyyədə uyğunluğunun müəyyən edilməsi məqsədilə sınaq yoxlamalarının təşkili xərclərinin ödənilməsi və s.) qarşılanması tələb olunur.

Digər tərəfdən tanınma ilə bağlı xidmətlərin göstərilməsi Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən həyata keçirilir. Agentlik publik hüquqi şəxs statusunda fəaliyyət göstərdiyindən onun xərclərinin, əsasən də əməkhaqqı xərclərinin (o cümlədən cəlb edilən ekspertlərin) toplanılan xidmət haqları hesabına maliyyələşdirilməsi qanunvericiliklə nəzərdə tutulub.

Yuxarıda göstərilən xərc istiqamətləri nəzərə alınmaqla xarici dövlətlərin xarici ali təhsilə aid kvalifikasiyaların tanınması üzrə sənədlərin qəbulu və ekspertizanın keçirilməsi üzrə bir xidmətin haqqı 250 manat məbləğində xarici dövlətlərin xarici təhsilə aid kvalifikasiyalarının tanınması haqqında şəhadətnamənin itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsi üçün xidmətin haqqı 20 manat məbləğində müəyyən edilib.

Azvision.az



Teqlər: Nazirlər-Kabineti  





Xəbər lenti