Baba və nənəsini öldürən şəxs hakim qarşısına çıxarılır

Baba və nənəsini öldürən şəxs hakim qarşısına çıxarılır
  26 Dekabr 2020    Oxunub:1523
Cari il mayın 9-da İsmayıllı rayonunun Bizlan kəndi ərazisində Tapdıqov Zakir Şakir oğlunun və arvadı Məmmədova Zərinə Babakamul qızının yaşadıqları evdə üzərində zorakılıq əlamətləri olan meyitlərinin aşkarlanması faktı üzrə Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə İsmayıllı Rayon Prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
İsmayıllı Rayon Prokurorluğunun Azvision.az -a bildirilib ki, cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə və meyitlərə baxış keçirilob, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış istintaq zamanı zərərçəkmişlərin ögey nəvəsi Qədirov Vüsal Şirvan oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı qəsdən xüsusi amansızlıqla onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Z.Məmmədovanı və Z.Tapdıqovu öldürərək sonuncuya məxsus odlu silahı talamasına, sonra isə həmin silahla qardaşı Şamo Qədirovu öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Vüsal Qədirov təqsirləndirilən şəxs qismində cəlb olunub. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) və digər maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Azvision.az


Teqlər: İsmayıllı   Prokurorluq  






Xəbər lenti