Deputatlar Əfqanıstanda səfirliyin açılmasına münasibət bildirib

Deputatlar Əfqanıstanda səfirliyin açılmasına münasibət bildirib
  30 Dekabr 2020    Oxunub:924
“Bir neçə gün öncə Prezident İlham Əliyev Əfqanıstanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etmişdi. Əfqanıstan Azərbaycan üçün mühüm tərəfdaşdır. Prezidentin qeyd etdiyi kimi, qardaş Əfqanıstan xalqı müharibədən əvvəl və müharibə dövründə bizi dəstəkləyib”.
Azvision.az xəbər verir ki, parlamentin bu gün keçirilən plenar iclasında çıxış edən deputat Səməd Seyidov Əfqanıstanda səfirliyin açılması barədə danışarkən bildirib.

Deputat bu qanun layihəsinin strateji əhəmiyyyət kəsb edən qanun layihəsi olduğunu deyib:

“Əfqanıstanla Azərbaycanın münasibətləri çox yaxşıdır. Əsgərlərimizin orada sayının artırılması, islam əlaqələrinin qurulması çox önəmlidir. Yeni siyasət ərəfəsində belə bir səfirliyin açılması müsbət haldır”.

Deputat Siyavuş Novruzov isə çıxışı zamanı Əfqanıstanda Azərbaycan səfirliyinin açılmasının vacibliyini vurğulayıb. Həmçinin Siyavuş Novruzov Azərbaycan-Əfqanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupuna rəhbərlik etmək fikrinin olduğunu da istisna etməyib.

Digər deputat Fəzail Ağamalı parlamentdə çıxış edərkən Əfqanıstanda səfirliyin açılmasını müsbət qiymətləndirib. O, İsraildə də Azərbaycan səfirliyinin açılmasının vacibliyini vurğulayıb: “İsrailin Azərbaycanda səfirliyi fəaliyyət göstərir. Hesab edirəm ki, Azərbaycanın da İsraildə səfirliyi açılmalıdır”.

Deputat Aydın Mirzəzadə də çıxışı zamanı Əfqanıstanda səfirliyin açılmasının əhəmiyyətindən danışıb: “Azərbaycanın bir çox ölkələrdə səfirlikləri mövcuddur. Bu müsbət haldır. Bu baxımdan Azərbaycan ona dost olan, ona dostluq əli uzadan ölkələrə də öz diqqətini hər zaman göstərəcək”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Milli-Məclis   Əfqanıstan   Səfirlik  






Xəbər lenti