“2020-ci il tarixdə Zəfər ili kimi qalacaq” - Vüsal Qasımlı

“2020-ci il tarixdə Zəfər ili kimi qalacaq” -    Vüsal Qasımlı
  31 Dekabr 2020    Oxunub:2064
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatı 2020-ci ildə qarşılaşdığı çağırışlara – COVID-19 pandemiyası, aşağı neft qiymətləri, quraqlıq və Ermənistanın hərbi təxribatlarından doğan nəticələrə adekvat cavab verə bildi.
Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

2020-ci ilin iqtisadi-sosial yekunlarını şərh edən icraçı direktor bildirib ki, Azərbaycanın iqtisadi imkanları Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Ordumuzun zəfər yürüşünə hazır olub: “2020-ci ildə Azərbaycan iqtisadiyyatının təxminən 4 faiz geriləməsi proqnozlaşdırıldığı halda, Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, dünya iqtisadiyyatında geriləmə 4,4 faiz, inkişaf etmiş ölkələrdə 5,8 faiz və inkişaf etməkdə olan ölkələrdə 3,3 faiz, Çini nəzərə almasaq daha yüksək səviyyədə olacaq. Eyni zamanda, Azərbaycanın ticarət tərəfdaşı olan ölkələrdə iqtisadi geriləmə - Rusiyada 4,1 faiz, Türkiyə və İranda isə 5 faiz proqnozlaşdırılır. Göründüyü kimi Azərbaycanda iqtisadi geriləmə 2020-ci ildə beynəlxalq müqayisədə daha yumşaq olub: “Bu il Azərbaycanda məcmu dövlət borcunun ÜDM-ə nisbəti dünya üzrə göstəricidən təxminən 4 dəfə azdır. AYİB-in sorğularına əsasən orta gəlirli ölkələrin 30 faizi, aşağı gəlirli ölkələrin isə 50 faizində borc böhranı proqnozlaşdırılır. Azərbaycan qarşılaşdığı xarici şoklarla mübarizədə xarici deyil, öz resurslarına əsaslanmaqla borc dayanıqlılığını qoruya bilib. 2020-ci ildə dövlət büdcəsinin azalan gəlirlərinin və artan xərclərinin tarazlaşdırılması üçün “fiskal fəza”dan istifadə etməklə büdcə dürüstləşdirilməsi çərçivəsində 2,3 milyard manatlıq əlavə maliyyə təminatı yaradılıb. Büdcə qaydasının tətbiqini müvəqqəti dayandırmaqla 2020-ci ildə yumşaq kontrsiklik büdcə siyasətinin həyata keçirilməsi böhranla mübarizədə effektiv olub. 2020-ci ildə pul təklifinin artması və uçot dərəcəsinin azaldılması fonunda monetar siyasətin yumşaldılması fiskal genişlənmə siyasəti ilə əlaqələndirilib. Beləliklə, fiskal və monetar siyasətin əsas hədəfi makroiqtisadi sabitlik və iqtisadi aktivlik arasında balansın qorunması olub. Pandemiya əleyhinə mobilizasiya olunan 3,5 milyard manatlıq vəsait hesabına iqtisadi geriləmə yumşaldılıb, makroiqtisadi sabitlik qorunub, məşğulluğa dəstək verilib, sahibkarlara kömək olunub, sosial layihələr genişləndirilib, bank kreditləri restruktrizasiya edilib, zəmanət və subsidiyalar verilib.

2020-ci ildə ölkənin strateji valyuta ehtiyatları demək olar ki, sabit qalıb. Azərbaycanda bu il cari əməliyyatlar hesabının balansı da tarazlığa yaxın olacaq. İnkişaf etmiş ölkələrdə isə cari əməliyyatlar hesabının kəsirlə qeydə alınması gözlənilir. Azərbaycan bu il həm də milli valyutasını sabit saxlamağı bacaran azsaylı ölkələrin sırasındadır. Manatın məzənnəsinin tənzimlənməsində Mərkəzi Bankda Dövlət Neft Fondunun həyata keçirdiyi valyuta hərraclarının həlledici rolu olub. Makroiqtisadi təhlil göstərir ki, Azərbaycan iqtisadiyyatının böhranlara qarşı immuniteti yüksəlib və neftin qiymətinin 40-45 dollarlıq intervalında cari əməliyyatlar hesabının tarazlığı qorunur”.

V.Qasımlı bildirib ki, pandemiya şəraitində turizm, ictimai iaşə, tikinti kimi sektorların, həmçinin neft hasilatının geriləməsinə rəğmən qeyri-neft sənayesi, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, aqrar sahə, informasiya və rabitə sahəsində artım baş verib. 2020-ci ildə Azərbaycanda qeyri-neft sənayesinin 10 faizdən çox artımı, dünya sənayesində 10 faizlik geriləmənin fonunda baş verməsi təqdirəlayiq haldır: “Ümumilikdə, pandemiya dövründə hökumətin qəbul etdiyi iqtisadi dəstək tədbirləri, eləcə də son illər ərzində biznes mühitinin əlverişliliyinin artırılması sahəsində aparılan islahatlar iqtisadiyyatın geriləyən bəzi sektorlarında 2021-ci ildə bərpa prosesinə töhfə olacaq. Həmçinin 2020-ci ildə Qarabağın işğaldan azad olunan ərazilərində bərpa və yenidənqurma fəaliyyətinə başlanılıb. 2021-ci ildə isə işğaldan azad olunan iqtisadi fəaliyyətin bərpası və əhalinin həmin ərazilərə qayıdışı istiqamətində böyük işlər görüləcək. Gələn ilin dövlət büdcəsi isə yenidənqurma və iqtisadi yüksəlişə dəstək büdcəsi olacaq. 2020-ci ildə əsas kapitala investisiyalarda daxili mənbələr hesabına azalma, xarici mənbələr hesabına artım müşahidə edilib. Azərbaycan iqtisadiyyatının qarşıdakı 10 ildə iki dəfə artımı hədəfinə uyğun olaraq sərmayə qoyuluşunun böyüməsi əsas çağırış olaraq qalır”.

V.Qasımlının sözlərinə görə, 2020-ci il ölkənin maliyyə və bank sektoru üçün qlobal şoklardan yayınma, makroiqtisadi stabillik, yenidənqurma və iqtisadi yüksəlişə dəstək siyasəti ili kimi yadda qalıb: “Pandemiyanın təsiri ilə cari ilin birinci yarısında bank sektorunda müşahidə olunan dalğalanmalar cari ilin ikinci yarımilindən etibarən stabilləşib, kredit portfeli, bank sisteminin cəmi aktivləri, xalis mənfəəti və kapitalı neqativ dalandan əsasən kənarlaşıb. Xüsusilə də, cari ilin ikinci yarısından başlayaraq sektorun inkişafı və vollatilikləri ötürməsi baxımından müsbət siqnallar qeydə alınıb ki, bu da Prezidentin rəhbərliyi ilə böhranlara effektiv cavabvermə siyasəti nəticəsində olub. Bank sektorunun aktivləri cari ilin sonuna doğru davamlı olaraq sabitlik və artım meyilləri göstərib, 2020-ci ilin ilk 11 ayının nəticələrinə əsasən 30 milyard 743 milyon manata çatıb. Digər tərəfdən bankların əməliyyat mənfəəti üzrə davamlı müsbət dinamika müşahidə olunub. Requlyativ islahatların nəticəsi olaraq, kredit portfellərinin keyfiyyət əmsalları yaxşılaşıb. Ən mühüm göstəricilərdən biri hesab olunan qeyri-işlək kreditlərin ümumi həcmi 922,9 milyon olub və ümumi portfeldə xüsusi çəkisi 6,3 faizədək azalıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz azdır. Onu da qeyd edək ki, qeyri-işlək kredit portfelinin son illər davamlı olaraq azalması Azərbaycanın bank sistemində aparılan davamlı islahatların nəticəsi olmaqla bərabər, bu sahədə ölkəmizi MDB məkanında müvafiq istiqamətdə ən uğurlu nəticələrə nail olan ölkələrdən birinə çevirib. Eyni zamanda, sektorun stabilliyi baxımından xüsusi əhəmiyyətə malik məsələlərdən biri də uzunmüddətli kreditləşmə meyillərinin yaranması olub, uzunmüddətli kreditləşmənin ümumi portfeldə xüsusi çəkisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz artmaqla 83 faizə çatıb. Cari ilin analizləri onu göstərir ki, 4 bankın sistemdən kənarlaşdırılmasının əmanət və depozitlərdəki azalmaya təsirləri artıq stabilləşmə meyilləri ilə müşayiət olunur. Depozitlərin keyfiyyət göstəriciləri üzrə də tendensiyalar pozitiv dinamika ilə yaxşılaşıb. Belə ki, ötən il müşahidə olunmaqda olan əmanətlərin və kredit portfellərinin dedollarizasiyası prosesi cari ildə də davam edib. İl ərzində depozitlərin tərkibində manatın xüsusi çəkisi artıq 42 faizə çatıb ki, bu da son 5 ildə müşahidə olunan ən yüksək göstəricidir və milli valyutanın dayanıqlılığına olan etimadın artmasını göstərən ən yaxşı indikator hesab oluna bilər”.

V.Qasımlı, həm də 2020-ci ildə həyata keçirilən institusional və idarəetmə islahatlarına da toxunub: “2020-ci ildə realizə edilən institusional və idarəetmə islahatlarının əsas məqsədi Azərbaycanın yerli, regional və qlobal çağırışlara daha adekvat cavab verməsi, yeni iqtisadi artım və inkişaf modelinə uğurlu keçidi təmin etmək, bunun üçün də iqtisadi siyasət və iqtisadi islahatlar çərçivəsini formalaşdırmaq olub. Azərbaycanda iqtisadi siyasətin və iqtisadi islahatların yeni idarəetmə çərçivəsinin yaradılması məqsədilə 2020-ci il sentyabrın 9-da İqtisadi Şura yaradılıb. Həmçinin Prezidentin 2020-ci il 17 mart tarixli Sərəncamı ilə dövlət idarəçiliyində səmərəliliyin, dövlət nəzarətinin təşkili və icra intizamına əməl olunması istiqamətində görülən işlərin effektivliyinin artırılması, daha çevik mexanizmlərin yaradılması məqsədilə tədbirlərin görülməsi tapşırılıb. Beləliklə, yeni nəzarət sistemi Prezidentin fərman, sərəncam və tapşırıqlarının icra vəziyyətinə nəzarətin elektron qaydada həyata keçirilməsi üçün yeni informasiya sisteminin yaradılması, yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi mexanizminin yaradılması kimi mühüm məsələləri özündə ehtiva edir. 2020-ci ildə işğaldan azad edilən ərazilər üzrə Əlaqələndirmə Qərargahı, Azərbaycan İnvestisiya Holdinqi, Ələt Azad İqtisadi Zonası, Koronavirusla Mübarizəyə Dəstək Fondu, “YAŞAT” Fondu, Dövlət Məşğulluq Agentliyi, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, Sosial Xidmətlər Agentliyi yaradılıb”.

V.Qasımlı bildirib ki, 2020-ci ildə Azərbaycan Dünya Bankının “Doing Business 2020” hesabatında 10 ən islahatçı ölkənin sırasında yer alıb: “Bununla da, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Dünya Bankı tərəfindən ardıcıl iki dəfə dünyanın ən islahatçı on nadir ölkəsindən biri kimi tarix yazdı. Bu il ölkənin qlobal reytinq sıralamasında mövqeyi 191 ölkə arasında 28-ci mövqedə qərarlaşıb ki, bu da əksər postsovet, Mərkəzi Asiya və Şərqi Avropa regionu üzrə ölkələrin mövqeyindən daha yaxşı göstəricidir.

Azərbaycan bu il “Davamlı inkişaf hesabatı 2020” sənədində dünyanın 166 ölkəsi arasında “davamlı inkişaf məqsədləri indeksi” üzrə 54-cü pillədə qərarlaşıb. Bununla da, Azərbaycan “davamlı inkişaf məqsədləri indeksi”nə görə dünyada hər üç ölkədən ikisini qabaqlaya bilib və bu indeksə görə Azərbaycan regional liderdir. Hesabatda Rusiya 57-ci, Gürcüstan 58-ci, İran 59-cu, Qazaxıstan 65-ci, Türkiyə 70-ci, Ermənistan 75-ci və Türkmənistan 114-cü mövqedədir. “Heritage Fondu”nun “İqtisadi azadlıq indeksi 2020”də mövqeyimiz 2019-cu ildəki 60-cı yerdən 2020-ci ildə 44-cü yerədək yüksəlib. Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətlilik Hesabatı”nın reytinq siyahısında da mövqeyimiz 2018-ci ildəki 69-cu yerdən 2019-cu ildə 58-ci yerədək yaxşılaşıb. Eyni zamanda, Azərbaycan bu il Ümumdünya Əqli Mülkiyyət Təşkilatının “Qlobal İnnovasiyalar İndeksi 2020” reytinq siyahısında da öz mövqeyini 2 pillə, Portulans İnstitutunun “Şəbəkə Hazırlığı İndeksi 2020” reytinqində isə 4 pillə yaxşılaşdırmaqla, uyğun olaraq, 82 və 66-cı mövqelərdə qərarlaşıb. İqtisadiyyat və Sülh İnstitutunun (IEP İnstitute) hazırladığı “Qlobal Terrorizm İndeksi 2020” reytinq cədvəlində Azərbaycan ən təhlükəsiz ölkələrdən biri kimi 112-ci pillədə yer alıb. Bu göstəriciyə görə Azərbaycan bir sıra region ölkələrindən daha yaxşı mövqeyə sahibdir və daha təhlükəsiz ölkə hesab olunur. Örnək olaraq, müvafiq reytinqdə Ukrayna 36, Rusiya 39, Qazaxıstan 93, Gürcüstan 100, Ermənistan 104-cü pillələrdədir (reytinqdə ön mövqe neqativ hesab olunur). Uşaq Hüquqları Fondu və Erasmus Rotterdam İnstitutunun bu il açıqladığı “Uşaq Hüquqları İndeksi 2020”də Azərbaycan cari ildə 60-cı mövqedə qərarlaşıb ki, bu da Rusiya (87-ci yer), Ukrayna (91-ci yer), Ermənistan (114-cü yer) və digər region ölkələrinin mövqelərindən daha yüksək göstəricidir. Nüfuzlu “Əmlak Hüquqları Alliansı”nın açıqladığı “Beynəlxalq Əmlak Hüquqları İndeksi 2020” reytinq siyahısında Azərbaycan cari ildə 67-ci mövqedə qərarlaşmaqla bir sıra region ölkələrini xeyli qabaqlayıb. Örnək olaraq, müvafiq reytinq siyahısında Gürcüstan 73, Ermənistan 83, Qazaxıstan 85, Rusiya 88, Moldova isə 111-ci yerdə qərarlaşıb”.

İcraçı direktor bildirib ki, 2020-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban Əliyevanın yaxından iştirakı ilə həyata keçirilən sosial islahatlar baş verən hadisələrin əhalinin həyat səviyyəsinə təsirlərini minimallaşdırmaqla uğur qazanıb: “Pandemiya dövründə həm özəl, həm də dövlət sektorunda 1 milyon 650 min vətəndaşın iş yerləri qorunub. İşsiz və qeyri-formal işləyən vətəndaşların sosial rifahının yaxşılaşdırılması məqsədilə aylıq yaşayış minimumu məbləğində (190 manat) birbaşa ödənişlər verilib və aylıq minimum əməkhaqqı məbləğində (250 manat) ödənişləri edən 90 min ictimai iş yerləri təklif olunub. Özünüməşğulluq proqramı çərçivəsində göstərilən dəstəyin də əhatə dairəsi genişləndirilib. Belə ki, 12 min şəxsin cəlbini nəzərdə tutan proqramın cari il üzrə maliyyə yükü 45 milyon manat olub. 2020-ci ilin 11 ayında pensiya, müavinət və təqaüd, ünvanlı sosial yardım üzrə əhaliyə ötən ilin müvafiq dövrünə nisbətən 1 milyard manatdan artıq olmaqla 5 milyard 264 milyon manat vəsait ödənilib. Bu məbləğ artımının 700 milyon manatdan çoxunun pensiya ödənişlərinin payına düşməsi 1,2 milyon pensiyaçının pensiyalarında 16,6 faizlik artım nəticəsində qeydə alınıb. Bu gün Azərbaycanda ödənilən pensiyaların minimum məbləği 233 manat, orta aylıq məbləği isə 300 manat, o cümlədən yaşa görə pensiyanın orta aylıq məbləği 330 manatdır. Bu göstəricilərin növbəti il pensiyaların orta məbləği üçün 340 manata, yaşa görə pensiyanın məbləği üçün isə 370 manata qədər artacağı proqnozlaşdırılır. Qeyd edək ki, Azərbaycan Alıcılıq Qabiliyyəti Pariteti əsasında hesablanan minimum və orta aylıq pensiya göstəricilərinin beynəlxalq dollar ifadəsində MDB ölkələri və Gürcüstan üzrə müqayisədə öncül mövqelərdədir. Azərbaycanda pandemiya şəraitində əhalinin hər nəfərinə düşən nominal gəlirlərin 2020-ci ildə təxminən 2 faiz azalması gözlənilir.

2020-ci ildə ünvanlı sosial yardım proqramının prosedurlar və qaydaları da sadələşdirilib, bununla da proqramdan yararlanan şəxslərin sayında yarıya qədər artım müşahidə olunub. Mənzil-avtomobil proqramı da uğurla davam etdirilib. Belə ki, 2020-ci ildə rekord səviyyədə olmaqla azı 1500 mənzil və fərdi evin şəhid ailələri və müharibə əlillərinə verilməsi nəzərdə tutulub. Ümumilikdə bu günə qədər 9000-ə yaxın şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin edilib. Bundan başqa, 400 avtomobilin də şəhid ailələri və müharibə əlillərinə təqdim olunması ilə bu günə qədər 7 mindən artıq avtomobil verilib”.

Azvision.az


Teqlər: VüsalQasımlı  





Xəbər lenti