“Şərəf” ordeni ilə təltif edilən xanəndə: “Arzuma çatdım...”

 “Şərəf” ordeni ilə təltif edilən xanəndə:  “Arzuma çatdım...”
  31 Dekabr 2020    Oxunub:1806
“2020-ci ili çox gərgin başladıq, amma Zəfər ili kimi başa vurduq. Bu gün bir gözümüz ağlayır, bir gözümüz gülür”.

Bunu Azvision.az -a Xalq artisti Mənsum İbrahimov deyib. Tanınmış xanəndə il ərzində arzusuna çatdığını bildirib.
“COVID-19 virusuna görə əzizlərini, yaxınlarını itirənlər oldu. Hər kəs evə qapandı. Bir sözlə, il ağır başladı. Sentyabr ayında isə hamımızın taleyində, həyatında dönüş oldu. Ali Baş Komandanımız, hərbçilərimiz 30 il işğalda qalan torpaqlarımızı tarix yaza-yaza bizə geri qaytardılar. Əsir və girovlarımızı aldıq. Yeni ilə qalib xalq kimi giririk. Mən səsimi qazandığım Ağdama getdim. Əhd etmişdim. Əhdimə sadiq qalıb Ağdam məscidində azan verdim. Rayonun mərkəzində konsertim oldu. Həmin an özümü bu dünyanın ən xoşbəxt insanı hiss etdim.

Ancaq bir gözüm gülürsə, digər gözüm ağlayır. İtkilərimiz var. Mənim də ailəmdə şəhid oldu. Qardaşım oğlu, Xüsusi Təyinatlı Qüvvələrin hərbçisi İbrahimov İsrafil Zülfüqaroğlu 30 gün qəhrəmancasına döyüşdü. Sağlığında bütün şəhidlərimizin qisasını aldı. Laçın uğrunda döyüşdə qəhrəmancasına şəhid oldu. Prezident onu 5 orden və medalla təltif etdi. Biz onların qəhrəmanlığı sayəsində Qarabağı qaytardıq”.

Muğam ifaçısı dövlət başçısı tərəfindən ötən gün “Şərəf” odeni ilə təltif edilməsinə də münasibət bildirib:

“Bu gün həmrəylik günümüzdür. Həmrəyliyin sayəsində Qarabağda qələbə çala bildik. Allah bu həmrəyliyi bizə çox görməsin.

Bu il 60 yaşım tamam oldu. Prezident İlham Əliyev məni “Şərəf ordeni” ilə təbrik etdi. Mən öz adımdan, muğam ustadları adından ölkə başçısına və birinci xanım Mehriban Əliyevaya təşəkkür edirəm. Bu, muğama, musiqiyə qayğı və qiymətdir”.

Qeyd edək ki, Prezident İlham Əliyev Xalq artisti Mənsum İbrahimovun təltif edilməsi haqqında Sərəncam imzalayıb. Azərbaycan milli musiqi sənətinin inkişafında böyük xidmətlərinə görə xanəndə “Şərəf” ordeni ilə təltif edilib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Mənsumİbrahimov   Şərəf   Orden  






Xəbər lenti